Seçki günü yaxınlaşdıqca, Sarkisyan dalana dirənir
Artıq Ermənistan 2 aprel "savaşı"n astanasındadır. Bu "savaş" nə vəd edir? İşğalçı ölkədə, parlamentə səsvermə günü yaxınlaşdıqca, siyasi ehtiraslar daha da qızışır, rəqib qüvvələr və namizədlər arasında qarşılıqlı ittiham və hədələr, kompromat savaşı güclənir. İşğalçı ölkənin prezidenti Serj Sarkisyan isə öz istəyini həyata keçirmək üçün ölkədə repressiya ab-havasını gücləndirməkdə davam edir. Çünki budəfəki parlament seçkiləri əvvəlkilərdən prinsipial və mahiyyət etibarilə fərqlənir. Məlum olduğu kimi, məhz bu seçkilərdən sonra Ermənistan parlamentli üsul-idarəyə keçəcək, yəni ölkənin ictimai-siyasi həyatında yeni parlamentin rolu önə keçəcək. Ona görə də, əsas siyasi qüvvələr, həmçinin, terroru rəqabət vasitəsi sayan qüvvələr, nəyin bahasına olur-olsun, növbəti qanunverici orqanda təmsil olunmağa çalışırlar. Elə buna görə də, seçkiöncəsi ölkədə vəziyyət daha kəskin hal alıblar. Erməni cəmiyyətini təlaşa gətirən ən əsas səbəb isə, Azərbaycanın aprel seçkiləri ilə Ermənistanın daxilən daha zəif və parçalanmış duruma düşməsindən faydalana və ötənilki aprel hərbi uğurunu daha geniş miqyasda təkrarlaya bilməsidir. Sözsüz ki, ermənilərin iztirabları, iqtisadi və başqa sıxıntıları ilə bərabər, seçki günü müharibə riskləri də artmış olacaq.
Klanlararası mübarizə - işğalçı ölkədə vəziyyət pik nöqtəsində
Politoloq Elxan Şahinoğlu Ermənistandakı seçkiönəsi durumu və baş verən son prosesləri təhlil edərkən, bildirib ki, işğalçı ölkədə hakimiyyət uğrunda siyasi mübarizə ilə yanaşı, klanlararası mübarizə də gedir: "Vaxtilə Ermənistanda doğulan siyasətçilər Qarabağdan gələnləri sevməsələr də, onların artan rolunu qəbul etmək məcburiyyətində qaldılar. Buna görə də, 2 aprel seçkisində mübarizənin yenə də Ermənistan və Qarabağ klanı arasında gedəcəyini söyləmək mümkündür. Lakin onu da demək lazımdır ki, Ermənistan əbədi olaraq, Qarabağ klanının şıltaqlıqlarına görə kasıbçılıq içində, miqrasiya girdabında, müharibə qorxusu altında yaşamaq istəmir. Qarabağdan Ermənistana gətirilən əsgər meyitləri də klanlararası münasibətləri gərginləşdirir. Ermənistanda doğulanlar niyə Ağdam və Füzulidə ölməlidirlər? Bu sual Ermənistan klanı üçün getdikcə aktuallaşır. Hesabla bu amillər 2 aprel parlament seçkisində Ermənistan klanının xeyrinə işləməlidir".
Politoloq Kremlin Ermənistandakı klanlararası mübarizədə kimə üstünlük verdiyinə də münasibət bildirərək, deyib ki, Rusiya Qarabağ klanını dəstəkləyir: "Ermənistan klanı Rusiya ilə yanaşı, Qərblə də yaxınlaşma tərəfdarıdır. Bu faktor isə Kremli qorxudur. Ona görə Moskva Levon Ter-Petrosyan, Vardan Oskanyan və digər fiqurlardansa, Serj Sarkisyan-Karen Karapetyan cütlüyünə üstünlük verəcək. Öz növbəsində, Qarabağ klanı da Rusiyanın dəstəyinə arxayındır".
Sarkisyanın seçkiərəfəsi təlaşı
Sarkisyanın seçki ərəfəsində ardıcıl olaraq işğal altındakı Dağlıq Qarabağa baş çəkməsi, bir daha onu göstərir ki, Ermənistan prezidenti daxili təlaşını gizlədə bilmədiyi üçün çıxışlarını da düşünülməmiş edir. İstənilən halda, Ermənistan kritik həftənin son günündə və bu durum Azərbaycan üçün işğal altındakı ərazilər məsələsində hərbi və diplomatik xarakterli yeni fürsət(lər) də aça bilər.
Seyran Ohanyan: "Bu gün biz Sarkisyanın ədalətsizliyinə və qanunsuz hərəkətlərinə "bəsdir" deməliyik"
Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan bildirib ki, 2 aprel parlament seçkisi ölkədə Sarkisyan kimi qaniçənin yaratdığı situasiyanı dəyişməliyik: "Məhz buna görə də, aprelin 2-də Sarkisyan hakimiyyətinin ədalətsizliyinə, qanunsuzluğuna "bəsdir" deməliyik. Ölkədə inam olmadığı halda, heç zaman investisiya olmayacaq". Ohanyan aksiya iştirakçılarını məsuliyyətli adamları seçməyə çağırıb ki, "növbəti 5 ildə peşman olmasınlar".
"2 apreldə siz öz uşaqlarınızın gələcəyini seçəcəksiniz". Bunu isə keçmiş xarici işlər naziri Vardan Oskanyan deyib. O bildirib ki, təmsil olunduğu blok qalib gəlsə, altı ay ərzində Ermənistan ən demokratik ölkələrlə bir sırada dayanacaq.
Bütün bu faktlar, onu deməyə əsas verir ki, S.Sarkisyanın bu gün yalan danışmaqda və ictimaiyyəti çaşdırmaqda davam etməsi gözlənilən haldır. Çünki insanın xasiyyəti sürətlə dəyişmir. Xüsusilə, siyasətə yalanla gələn adamların sonradan ədalətli olması olduqca çətindir. Lakin bütövlükdə, erməni xalqını bu adamın məhvə doğru apardığı şübhə doğurmur. İnanmırıq ki, Sarkisyan vicdanının səsini hiss edib, aprelin 2-də düz yola gəlsin. Yoxsa bundan sonra qan töküləcəksə, xalq onu bağışlamayacaq, yeri isə dar ağacı olacaq.
A.SƏMƏDOVA