Mübariz Qurbanlı: "Aprel döyüşləri bizim böyük tarixi qələbəmiz, Ermənistanın isə həm siyasi, həm iqtisadi, həm də psixoloji cəhətdən məğlubiyyətidir"
2016-cı il aprel ayında Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə apardığı uğurlu hərbi əməliyyatlar ordumuzun böyük gücə malik olduğunu bir daha təsdiqlədi. Aprel döyüşləri Azərbaycan Ordusunun qüdrətini, müasir silahlardan istifadə bacarığını ortaya qoydu. Ordumuz və ümumən xalqımız böyük ruh yüksəkliyi, vətənpərvərlik nümayiş etdirdi. Aprel döyüşləri Ermənistanın güclü ordusunun olması və Azərbaycanın zaman keçdikcə torpaqlarını itirməsi ilə razılaşacağı barədə mifi puça çıxardı. Azərbaycan Silahlı Qüvvələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də, Seysulan məntəqəsini azad etdi, "Lələ təpə" yüksəkliyinə nəzarəti ələ keçirdi. Döyüşlər nəticəsində, Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin etdi. Aprel əməliyyatları zamanı ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edildi, 320 erməni hərbçi öldürüldü və 500-dən artıq döyüşçüsü yaralandı. Bu döyüşlər bir daha göstərdi ki, Azərbaycan istənilən halda öz torpaqlarını işğaldan azad edəcək.
Dönüş nöqtəsi olan aprel əməliyyatlarından artıq bir il keçir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyası İcra katibinin müavini Mübariz Qurbanlı bildirib ki, aprel döyüşləri bizim böyük tarixi qələbəmiz, Ermənistanın isə həm siyasi, həm iqtisadi, həm də psixoloji cəhətdən məğlubiyyətidir: "Həmin döyüşlərədək Ermənistan siyasi rejimi tərəfindən belə bir mif yaradılmışdı ki, işğalçı dövlətin ordusu və onların yaratdığı istehkamlar keçilməzdir. Lakin aprel döyüşləri bunun, sadəcə mif olduğunu sübuta yetirdi. Bu döyüşlər zamanı Azərbaycanın şanlı ordusu ermənilərə böyük dərs verdi. Eyni zamanda, ordumuzun 2016-cı il aprelin 2-dən 5-dək davam edən uğurlu əks-hücum əməliyyatları ölkəmizə yüksək hərbi və siyasi üstünlüklər qazandırdı. Azərbaycan xalqı ermənilərə və bütün dünyaya necə hərbi qüvvəyə malik olduğunu, ordumuzun fiziki və mənəvi gücünü nümayiş etdirdi".
M.Qurbanlı onu da qeyd edib ki, dövlətimizin başçısının Azərbaycan Ordusunun aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə keçirdiyi görüşdə də, qeyd etdiyi kimi, aprel döyüşləri demək olar ki, Ermənistanın ideoloji əsaslarını dağıtdı, Ermənistan rəhbərliyi aprel döyüşləri zamanı özlərini tam şəkildə ifşa etdi.
Azərbaycan Ordusunun kifayət qədər güclü, qüdrətli olduğunu vurğulayan M.Qurbanlı onu da bildirib ki, Azərbaycan xalqının orduya, Prezident İlham Əliyevin siyasətinə böyük dəstəyi var: "Çox qürurverici haldır ki, hazırda Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş hissəsində Azərbaycan bayrağı dalğalanır, o torpaqlara bu gün Azərbaycan Ordusu nəzarət edir. Allah ötən ilin aprelində yüksək şərəf və ləyaqətlə Vətənimiz uğrunda şəhid olan qəhrəman oğullarımıza rəhmət eləsin!"
Samir