Nizami rayonunda Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə və Azərbaycanda keçirilən IV İslam Həmrəyliyi Oyunlarına dəstək məqsədilə "Breyn-rinq" intellektual yarışı keçirilib
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə və Azərbaycanda keçirilən IV İslam Həmrəyliyi Oyunlarına dəstək məqsədilə Nizami rayon icra hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə 32 saylı orta məktəbdə "Breyn-rinq" intellektual yarışı keçirilib.
Tədbirdə əvvəlcə Dövlət Himni səslənib və Ümummilli Lider Heydər Əliyevin, eləcə də, şəhid olmuş hərbçilərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yarışın açılış mərasimində çıxış edən YAP Nizami rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov, rayon təşkilatının qadınlar şurasının sədri Sevda Abdullayeva və başqaları Azərbaycanda müasir müstəqil, demokratik dövlətin qurulmasında və inkişafında Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən, qazanılmış uğurlardan danışıblar. Bildirilib ki, müstəqil Azərbaycanın uğurları Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Çıxışlardan sonra yarış başlanıb.
Yarışda rayonun 20 məktəbini təmsil edən komandalar mübarizə aparıblar. Hər komandanın tərkibində beş nəfər gücünü sınayıb.
Olimpiya sistemi üzrə keçirilən yarışda komandalara Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə dair suallar verilib. Komandalar arasında rəqabət güclü olduğundan, əlavə suallara ehtiyac yaranıb. Yalnız bundan sonra ilk üç yerin qalibləri müəyyənləşib.
Yarışın qalibi Kimya-Biologiya Liseyinin kollektivi olub. İkinci və üçüncü yerləri isə, müvafiq olaraq, 220 və 12 saylı məktəblərin komandaları tutublar.
Sonda qalib komandaların üzvlərinə diplomlar və medallar təqdim edilib.
Rövşən RƏSULOV