Azərbaycan xalqı Türkiyə xalqının seçimini dəstəkləyərək, davamlı və uğurlu qələbələrin əldə edilməsinə qəlbən sevinir!
Qardaş Türkiyə Respublikasında uzun müddətdir ki, həyəcanla gözlənilən və özündə bir sıra qanun dəyişikliklərini əks etdirən referendum aktı layihəsi üzrə səsvermə başa çatdı. 16 aprel Türkiyənin dövlətçilik idarəçiliyi sistemində bir yenilik kimi tarixə düşdü. Xeyli müddət idi ki, bu ölkədə referendum çərçivəsində "Evet" (Bəli) və "Hayır" (Xeyr) kampaniyası siyasi güclərin rəqabəti ilə müşahidə olunurdu. Hətta dünyanın bir sıra tanınmış siyasi şərhçiləri belə, qutudan "Evet"in, yaxud "Hayır"ın çıxacağı ilə bağlı yekun rəy verməkdə ehtiyat edirdilər. Lakin bütün bunlara rəğmən, qardaş Türkiyə xalqının böyük əksəriyyəti hakim Ədalət və İnkişaf Partiyasının təşəbbüsünü dəstəklədi. Bundan sonra isə, qonuş və qardaş ölkənin siyasi sistemində baş verəcək dəyişikliklər, yalnız daha güclü və daha demokratik Türkiyənin mövcudluğunu əks etdirmiş olacaq.
Onu da qeyd edək ki, referendumun təbliğat-təşviqat prosesində qardaş ölkədə heç bir ciddi qarşıdurma və innsident baş verməyib. Polis və jandarma gücləri və hərbi qurumlar səsvermənin təhlükəsizliyinin təmin olunması istiqamətində var güclərini ortaya qoyaraq, tarixi referendumun sabitliklə başa çatdırılmasını reallaşdırıblar.
Rəcəb Tayyib Ərdoğan: "Bu gün 200 illik sistemin dəyişdirilməsi barədə tarixi qərarın verildiyi gündür"
Referendumun nəticələrinin qələbəsini bayram edən yüz minlərlə iqtidar tərəfdarları ölkə başçısı Rəcəb Tayyib Ərdoğana olan inam və etibarlarını kütləvi sevinc və zəfər hissləri ilə sərgiləməkdə davam edirlər.
Bu arada, referendumun nəticəsi ilə bağlı prezident Rəcəb Tayyib Ərdoğan keçirdiyi mətbuat konfransındakı çıxışında bu fikirləri səsləndirib: "Referendumun nəticələrinin ölkəmiz və millətimiz üçün xeyirli olmasını arzu edirəm".
Səsvermədə fəal iştirak etdiyinə görə türk xalqına təşəkkür edən prezident Ərdoğan vurğulayıb ki, bu, tarixi hadisədir. SİTAT: "Bu gün 200 illik sistemin dəyişdirilməsi barədə tarixi qərarın verildiyi gündür. Bu dəyişikliklərə "Hə" deyənlərə minnətdarlığımı bildirirəm".
Türkiyənin siyasi lideri xalqa vəd verib ki, məhz referendumun uğurlu nəticələrinin ardınca, uzun illərdir cərəyan edən böhranlı vəziyyət aradan qaldırılacaq, ölkənin beynəlxalq aləmdəki gücü daha da artırılmış olacaq. Ərdoğan, həmçinin, bildirib ki, o, problemlərin aradan qaldırılmasında daim xalqına arxalanıb: "Biz qarşılaşacağımız hər problemi, çətinliyi və böhranı aradan qaldırmaq iqtidarındayıq. Bunun bariz nümunəsini 15 iyul hadisələri zamanı gördük. Konstitusiya referendumunun nəticələri Türkiyə dövləti və xalqının rifahı naminə xidmət edəcək".
Binəli Yıldırım: "Referendumun nəticələri ölkə sakinlərinin sabitliyi və rifahı naminə istifadə olunacaq"
Qardaş ölkənin baş naziri Binəli Yıldırım da, öz növbəsində, referendumun uğurlu nəticələri ilə bağlı qeyd edib ki, nəticələr, məhz xalqın iradəsinin göstəricisidir. SİTAT: "Türkiyədə keçirilən konstitusiya üzrə referendumun nəticələri xalqın iradəsini əks etdirir".
Yıldırım, səsvermə prosesində neqativ insidentin qeydə alınmaması faktına diqqət çəkib. "16 Aprel səsverməsi demokratik Türkiyə tarixində yeni səhifə açdı. Referendumun nəticələri ölkə sakinlərinin sabitliyi və rifahı naminə istifadə olunacaq" - deyə baş nazir bildirib.
İlham Əliyev: "Heç şübhə yoxdur ki, bu referendum qardaş ölkənizin tarixində yeni mərhələnin başlanğıcı olacaq, sabit və güclü Türkiyənin beynəlxalq müstəvidə rolunu və mövqeyini daha da gücləndirəcəkdir"
Artıq referendumun nəticələri ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də qardaş ölkənin siyasi liderinə təbrik məktubu ünvanlayıb. Azərbaycan Prezidenti məktubunda qeyd edib ki, referendumun nəticələri xalqın Ərdoğana olan inam və etimadının təzahürü, qardaş Türkiyənin daha da inkişafı və qüdrətlənməsi istiqamətində apardığınız uğurlu siyasətə və xidmətlərinizə verilən qiymətdir.
"Heç şübhə yoxdur ki, bu referendum qardaş ölkənizin tarixində yeni mərhələnin başlanğıcı olacaq, sabit və güclü Türkiyənin beynəlxalq müstəvidə rolunu və mövqeyini daha da gücləndirəcəkdir"-deyə məktubunda qeyd edən Azərbaycan Prezident ionu da bildirib ki, son illər ərzində Azərbaycan və Türkiyə arasında əməkdaşlıq münasibətləri böyük inkişaf yolu qət etmişdir. SİTAT: "İkitərəfli və çoxtərəfli müstəvidə uğurlu əməkdaşlığımız, eləcə də, birgə səylərimizlə həyata keçirdiyimiz irimiqyaslı layihələr bölgədə sülhə, sabitliyə və inkişafa xidmət edir. Əminəm ki, birgə səylərimizlə müstəsna xarakter daşıyan əlaqələrimiz, ölkələrimiz arasında təşəkkül tapmış dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətləri xalqlarımızın rifahı və ölkələrimizin maraqlarına uyğun olaraq, bundan sonra daha da genişlənəcək və möhkəmlənəcəkdir. Hörmətli Cənab Prezident, Sizə möhkəm cansağlığı, yeni müvəffəqiyyətlər, qardaş Türkiyə xalqına isə daim tərəqqi və çiçəklənmə arzulayıram".
Göründüyü kimi, ölkə başçımızın məktubundan həm də belə nəticəyə gəlmək olar ki, qardaş ölkənin bütün əhəmiyyətli dövrlərində Azərbaycan daim Türkiyənin yanında olub, bu ölkənin maraqlarından çıxış edərək istər regional, istərsə də beynəlxalq çərçivədə dəstək göstərib. Əlbəttə ki, bu faktın özü də belə nəticəni hasil edir ki, "bir millət iki dövlət" anlayışı öz tarixi aspektlərini kifayət qədər sübuta yetirmiş olur.
Novruz Məmmədov: "Türkiyə özünün inkişafı tarixində yeni bir mərhələyə qədəm qoyur"
Yeri gəlmişkən, Prezident Administrasiyası rəhbərinin müavini, Xarici Əlaqələr Şöbəsinin müdiri Novruz Məmmədov da öz "Tvitter" səhifəsində yazıb ki, Türkiyə özünün inkişafı tarixində yeni bir mərhələyə qədəm qoyur: "Konstitusiyaya dəyişikliklə bağlı referendumda Türkiyə xalqı "hə" dedi. Türkiyə özünün inkişafı tarixində yeni bir mərhələyə qədəm qoyur. Bu yolda Türkiyəyə uğurlar diləyirəm!"
Beləliklə, Türkiyə öz şanlı tarixində daha bir zəfərə imza atmış oldu. Ümumiyyətlə, Türkiyənin əldə etdiyi hər bir siyasi qələbə həm də Azərbaycanın qələbəsi kimi də qiymətləndirilə bilər. Çünki Azərbaycanın əldə etdiyi zəfər və qələbələr qardaş Türkiyədə eyni cür qarşılanır, qiymətləndirilir və dəyərləndirilir. Bu qələbələr hər iki ölkənin - Azərbaycanın və Türkiyənin beynəlxalq arenadakı yerini və rolunu də möhkəmləndirmiş olur. Məhz bu baxımdan, Azərbaycan xalqı da Türkiyə xalqının seçimini dəstəkləyərək, davamlı, uğurlu qələbələrin əldə edilməsinə qəlbən sevinir!
Rövşən NURƏDDİNOĞLU