YAP Ağsu rayon təşkilatının IX konfransı keçirilib
Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatının IX konfransı keçirilib. Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə qızıl gül dəstələri qoyublar. Ağsu rayon Mədəniyyət Sarayında davam edən tədbirdə gündəliyə uyğun olaraq təşkilatın sədri Əli Hüseynov hesabat məruzəsi ilə çıxış edərək, ilk gündən Azərbaycan xalqının Yeni Azərbaycan Partiyasını Dahi Öndər Heydər Əliyevin partiyası kimi tanıdığını bildirib: "Artıq 25 ildir ki, Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi səhnəsində uğurla fəaliyyət göstərir və bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında öz prinsiplərinə sadiqliyini nümayiş etdirir".
Əli Hüseynov onu da bildirib ki, hazırda YAP Ağsu rayon təşkilatı öz ətrafında 91 ərazi ilk partiya təşkilatını birləşdirir. Rayon təşkilatının üzvlərinin sayı 5328 nəfərdir. Partiya üzvlərinin 30 faizini gənclər, 39 faizini isə qadınlar təşkil edir. VIII konfransdan hazırkı dövrə qədər təşkilatın sıralarına 1022 nəfər üzv qəbul edilib ki, onların da 575 nəfərini gənclər, 349 nəfərini isə qadınlar təşkil edir. YAP Ağsu rayon təşkilatında birləşən üzvlər ölkənin, o cümlədən, təmsil etdikləri rayonun ictimai-siyasi, iqtisadi-mədəni həyatında və digər sferalarda fəal iştirak edirlər. Konfransda çıxış edən rayon təşkilatının nəzarət-təftiş qrupunun sədri Araz Rəhimov, YAP Ağsu rayon təşkilatının qadınlar şurasının sədr müavini Sevil Mirzəliyeva, YAP Ağsu rayon təşkilatının gənclər birliyinin sədri Elnur Fərzəlizadə, Ağsu rayon Təhsil İşçiləri ərazi ilk partiya təşkilatının sədri Tahir Xası, Qarabağ Muharibəsi Əlilləri, Veteranları, Şəhid Ailələri İctimai Birliyi Ağsu rayon sobəsinin sədr müavini A.Q.Qənbərov, YAP üzvü Cavan Cavadov, Ağsu şəhər 3 saylı tam orta məktəbin müəllimi Rəhilə Musayeva və digərləri VIII konfransdan keçən dövrdə təşkilatın sıralarında və ətrafında birləşdirdiyi ərazi ilk partiya təşkilatlarında baş verən yeniliklər, partiya fəallarının üzvlük haqlarının yığılması prosesində fəal iştirakından danışdılar.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsi sədrinin müavini, Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə ölkəmizin son dərəcə çətin sinaqlar qarşısında qaldığı bir vaxtda yaranan Yeni Azərbaycan Partiyasının rolundan ətraflı bəhs etdi. YAP-ın hakimiyyətdə olduğu illərdə Azərbaycanın iqtisadiyyatı inkişaf etmiş, bütün sahələrdə əhəmiyyətli dəyişikliklər baş vermişdir. Ölkəmizin hər bir vətəndaşının həyatında, yaşayış səviyyəsində ciddi irəliləyişlər əldə olunmuşdur. Azərbaycan bölgəmizin ən güclü dövlətinə çevrilib".
YAP Ağsu rayon təşkilatının idarə heyətinin üzvü, Ağsu rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev bu gün ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan, Azərbaycanın uğurlarından geniş bəhs etdi. Bildirdi ki, Azərbaycanın hazırda ən yüksək zirvələri fəth etməsi Ulu Öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Bu gün Azərbaycanın hər bölgəsi, qəsəbəsi inkişaf və tərəqqi dövrünü yaşayır.
Çıxışlardan sonra təşkilati məslələrə baxıldı. Əli Abbas oğlu Hüseynov yenidən YAP Ağsu rayon təşkilatının sədri seçildi. 37 nəfərdən ibarət şura, 5 nəfərdən ibarət nəzarət-təftiş qrupunun tərkibi təsdiqləndi. YAP Ağsu rayon təşkilatının 17 nəfərdən ibarət idarə heyətinin tərkibi təsdiq olundu, sədr müavinləri seçildi. Sonda partiya sıralarına yeni qəbul olunmuş bir qrup gəncə üzvlük vəsiqələri təqdim olundu.
Rəfiqə