PDF Oxu

Sosial

  • 1 507

İKT cəmiyyətdə şəffaflığın və demokratiyanın inkişaf etdirilməsi üçün əlverişli vasitədir

İKT cəmiyyətdə şəffaflığın və demokratiyanın inkişaf etdirilməsi üçün əlverişli vasitədir

Ölkədə qeyri-neft sektorunun inkişafı ilə əlaqədar həyata keçirilən dövlət proqramları, aparılan islahatlar, yeni layihələrin icrası ölkənin inkişafında mühüm amillərdir. Bu inkişaf nəticəsində, ölkəmiz dünyada innovasiyalar, informasiya-kommunikasiya texnologiyaları ölkəsi kimi də tanınıb. Azərbaycan Prezidenti İlham Əliyevin, ölkəmizin bütün sahələrinə olduğu kimi informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafına da önəm verməsi rabitə və informasiya texnologiyalarının geniş tətbiqinə yeni imkanlar açdı. Həyata keçirilən dövlət siyasətinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərən "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)" təsdiq edilməsi haqqında ölkə başçısının məlum Sərəncamı respublikanın informasiya cəmiyyətinə keçidinin təmin edilməsi baxımından əhəmiyyətli rol oynadı. Görülən işlərin məntiqi olaraq, artıq ölkəmizdə elektron hökumətin yaradılması, informasiya təhlükəsizliyi və digər məsələlərin həlli istiqamətində mühüm addımlar atılıb. Son zamanlar informasiya-kommunikasiya texnologiyalarının dövlət qurumlarının fəaliyyətinə inteqrasiyası istiqamətində əhəmiyyətli işlər görülüb.

Azərbaycan Prezidenti İlham Əliyevin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərmanı ölkəmizdə, nəinki elektron hökumətin inkişafı, həm də korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsində mühüm rol oynadı. Təbii ki, elektron xidmətlər, eyni zamanda, korrupsiya hallarının qarşısının alınması və şəffaflığın təmin edilməsinin effektiv vasitələrindən biri kimi qiymətləndirilir.

Ölkədə "Elektron hökumət" portalı fəaliyyət göstərir və bu portala qoşulmuş dövlət qurumlarının elektron xidmətlərinin "bir pəncərə" prinsipi əsasında əhaliyə təqdimi də görülən işlərin məntiqi davamıdır. Bütün bunlarla yanaşı, vətəndaşlara xidmətlərin daha keyfiyyətli, rahat, vahid məkandan və müasir innovasiyaları tətbiq etməklə, həyata keçirilməsi məqsədi ilə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində "ASAN xidmət" mərkəzləri yaradıldı ki, bu da qısa müddətdə özünü doğrultdu. 2012-ci ildə, Bakıda pilot layihə olaraq, ilk "ASAN xidmət" mərkəzinin açılışı oldu. Daha sonra Sumqayıtda, Gəncədə, Sabirabadda, Bərdədə, Masallıda və Qəbələdə "ASAN xidmət"lər fəaliyyətə başladı. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan məhsulu olan "ASAN xidmət" ictimai xidmətlər sektorunda çox ciddi bir irəliləyişdir: "Əslində, böyük bir inqilabdır. Çünki hamımız yaxşı xatırlayırıq ki, əvvəlki dövrlərdə bəzən hansısa sənədi, arayışı almaq üçün insanlar günlərlə, həftələrlə vaxt itirir və müəyyən çətinliklərlə üzləşirdilər. İndi isə insanlar bütün bu imkanlardan rahat, çox asan formada istifadə edirlər".

"ASAN xidmət" mərkəzlərində vətəndaşlara daha yaxşı xidmət göstərilməsi üçün yeni üsullardan və müasir innovasiyalardan istifadə olunur. Bu gün mərkəzlərlə yanaşı, "Səyyar ASAN" avtobusları və "ASAN qatar" fəaliyyət göstərir ki, bu da ölkənin ən ucqar regionlarında yaşayan vətəndaşlara yüksək səviyyədə xidmət göstərməyə imkan verir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər