PDF Oxu

Sosial

  • 1 287

Gənclər siyasəti Gəncə şəhərində uğurla icra olunur

Gənclər siyasəti Gəncə şəhərində uğurla icra olunur

Gəncə Azərbaycanın ən qədim və ikinci böyük şəhəridir. Nizami yurdu Prezident İlham Əliyevin xüsusi diqqəti sayəsində bu gün adına layiq şəkildə ucalır, inkişaf edir, tarixi şöhrətini və ənənələrini bərpa edir, qədim simasını saxlamaqla yeni, müasir yanaşma üsulları ilə daha da gözəlləşir. Şəhərə gələn qonaqların təəssüratları bu gün bunu deməyə əsas verir. Bütün bunlar şəhər rəhbərinin səylə çalışmalarının məntiqi nəticəsidir.

Hər sahədə olduğu kimi, gənclər və idman sahəsində də əldə olunan nəticələr gənclərə göstərilən diqqətin nümunəsi kimi qiymətləndirilməlidir.

Gəncə şəhərində 3 universitet və 3 kollec fəaliyyət göstərir. Bu təhsil müəssisələrində 16700 nəfər tələbə təhsil alır. Ümumilikdə, şəhərdə gənclərin sayı 95000 nəfərdir. Bu isə, şəhər əhalisinin 32%-ni təşkil edir.

Şəhərdə 6 tələbə-gənclər təşkilatı, 5 gənclər klubu, 9 gənclər ictimai birliyi, 17 idman təşkilatı var. Bu təşkilatlar vətəndaş cəmiyyətinin inkişafına öz töhfələrini verir.

Gənclər siyasəti Gəncə şəhərində uğurla icra olunur, məhz bunun nəticəsidir ki, şəhərimiz 2012-ci ildə Azərbaycanın ilk "Gənclər paytaxtı" seçilmişdir. Bu, növbəti addımlar üçün möhkəm bir zəmin yaratdı. Beləliklə, şəhərimiz 2013-cü ildə Avropa Gənclər Forumunun nüfuzlu layihələrindən olan "Avropa Gənclər Paytaxtı- 2016" müsabiqəsinə müraciət etdi, bütün mərhələlərdən inamla keçərək, 2016-cı ilin "Avropanın Gənclər Paytaxtı" elan olundu. Avropa İttifaqına daxil olmayan ölkənin şəhəri kimi bu titulu qazanmağımız uğurlu gənclər siyasətinin məntiqi nəticəsi idi. Bütün bunlar gənclər hərəkatının daha da genişlənməsinə, aktiv gənclərinin sayının ilbəil artmasına böyük təkan vermişdir.

Son 6 ildə şəhərimizdə gənclərlə iş sahəsi üzrə 823 adda yerli və beynəlxalq səviyyəli layihələr həyata keçirilmişdir ki, bu layihələrin böyük əksəriyyəti Gəncə "Avropa Gənclər Paytaxtı-2016" çərçivəsində icra olunmuşdur. Ümumiyyətlə, 2014-cü ildən bu günə kimi, "Gəncə Avropa Gənclər Paytaxtı" layihəsi çərçivəsində 400-ə yaxın müxtəlif səpkili layihələr icra olunmuşdur ki, bunların 30%-ni beynəlxalq səviyyəli tədbirlər təşkil etmişdir. Son 6 ildə icra olunan layihələrdə 200000-dən artıq gənc, minlərlə avropalı yaxından iştirak etmişdir. Bu layihələrin yüksək səviyyədə həyata keçirilməsində Azərbaycan Respublikası Prezidentinin 2016-cı il fevral tarixli Sərəncamı, dövlət qurumlarının, Gənclər Fondunun və QHT-lərə Dövlət Dəstəyi Şurasının verdiyi dəstək də xüsusi qeyd olunmalıdır.

Bildiyiniz kimi, ötən il Gəncə şəhərində Gənclər Evi istifadəyə verilmişdir. Bu mərkəzdə gənclərin asudə vaxtlarının səmərəli təşkili, bilik və bacarıqlarının artırılması üçün hər bir şərait yaradılmışdır. Gəncə "Avropa Gənclər Paytaxtı-2016" çərçivəsində keçirilən layihələrin böyük əksəriyyəti də, məhz Gənclər Evində həyata keçirilmişdir. Bundan əlavə, 2016-cı ildə Gəncə "Avropa Gənclər Paytaxtı-2016" ofisi və parkı da istifadəyə verilmişdir.

Bu illər ərzində istedadlı və fəal gənclərin mükafatlandırılması da diqqətdən kənarda qalmamışdır. Hər il 2 Fevral Milli Gənclər Günü və 12 Avqust Beynəlxalq Gənclər Günü şəhərimizdə təntənəli şəkildə qeyd olunur. Şəhərin fəal gəncləri gənclər günündə müxtəlif nominasiyalar üzrə şəhər rəhbərliyi tərəfindən təltif olunur. Son 6 ildə 350-dən artıq müxtəlif dövlət orqanlarında və biznes strukturlarında çalışan, tələbə-gənclər təşkilatlarının, ictimai birliklərin üzvləri və idmançılar fəxri fərmanla təltif olunmuşdur.

Gəncə şəhərində idmanın inkişafı və kütləviliyinin artırılması sahəsində də müəyyən işlər görülmüşdür. Belə ki, idmanla məşğul olanların və şəhərdaxili yarışların sayı ilbəil artırılmışdır. İdmançılarımızın beynəlxalq uğuları sırasına idmançılarımızın ötən il XXXI Yay Olimpiya Oyunlarında (1 gümüş medal) və XV Paralimpiya Oyunlarındakı (1 qızıl medal) qazandıqları nailiyyətləri xüsusi qeyd etmək lazımdır. Bu uğurlu nəticələr bu gün idmana dövlət tərəfindən göstərilən qayğının bariz nümunəsi kimi qiymətləndirilməlidir.

Son olaraq, Azərbaycan Prezidentii İlham Əliyevin tarixi fikrini qeyd etmək yerinə düşərdi: "Biz qazanılmış nailiyyətlərlə kifayətlənməməliyik. Biz həmişə düşünməliyik, yeni yollar axtarmalıyıq. Gələcək planlarımız çox böyükdür. Görüləcək işlər Azərbaycanı inkişaf etmiş ölkələrin sırasına daxil etməlidir. Hər halda, qarşıya belə vəzifə qoyulubdur".

Xəyalə Qurbanova,

Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin

Gənclərlə iş sektorunun baş məsləhətçisi

Digər xəbərlər