PDF Oxu

Sosial

  • 42 511

AQRAR İSLAHATLARIN AZƏRBAYCAN MODELİ:

image

Heydər Əsədov

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri

TARİXİ NAİLİYYƏTLƏR VƏ MODERN İNKİŞAF MƏRHƏLƏSİ

Aqrar islahatların birinci mərhələsi -bazar münasibətlərinə və özəl mülkiyyətə əsaslanan təsərrüfatçılıq sisteminin formalaşdırıldı, bunun hesabına

keçid dövründə baş verən böhran aradan qaldırıldı

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən aqrar islahatlar ölkənin sosial-iqtisadi inkişafındakı uğurları şərtləndirən mühüm amillərdən biri olmaqla yanaşı, həm də böhranlı vəziyyətlərdə uğurlu islahatların aparılması ilə bağlı böyük tarixi təcrübədir. Belə ki, bazar iqtisadiyyatına keçidin ilkin mərhələsində ölkədə baş verən iqtisadi tənəzzül, sosial gərginlik, dövlət idarəetməsindəki böhran və yaranmış siyasi xaos bütün sahələrdə olduğu kimi kənd təsərrüfatında da istehsalın kəskin şəkildə azalmasına səbəb olmuşdu. Məsələn, 1990-1994-cü illərdə kənd təsərrüfatı sahəsində ümumi istehsalın həcmi real ifadədə 41,3 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 47,6 faiz, heyvandarlıq məhsulları istehsalı 30,3 faiz azalmışdı. Həmin dövrdə kənd təsərrüfatı sahəsi üzrə uzun illər ərzində formalaşmış mərkəzləşdirilmiş dövlət təchizatı və məhsulların satın alınması sistemi demək olar ki, aradan qalxmış, bunun müqabilində isə bazar şərtlərinə uyğun yeni sistem formalaşmamışdı.

Xalqın təkidli tələbləri ilə 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə gələn Ümummilli Liderin həmin vaxt ölkədə mövcud olan siyasi xaosun, dövlət idarəetməsindəki böhranın, vətəndaş müharibəsi təhlükəsinin və Ermənistanın Azərbaycana təcavüzünün qarşısının alınması, bütövlükdə isə ölkəmizin dövlət müstəqilliyinə olan təhlükənin aradan qaldırılması kimi taleyüklüməsələlərlə bağlı gərgin fəaliyyətlərinə baxmayaraq, həmin dövrdə kənd təsərrüfatının problemlərinə həsr olunmuş ardıcıl müzakirələr keçirilirdi. Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə mütəmadi olaraq keçirilən bu müzakirələr müvafiq dövlət orqanları ilə yanaşı, alimlərin, mütəxəssislərin və təsərrüfatçıların aktiv iştirakına, ümumilikdə isə cəmiyyətin geniş təbəqələrinin təmsilçiliyinə əsaslanmaqla, ölkədə aqrar islahatların aparılması üçün adekvat qərarların qəbul edilməsi məqsədinə xidmət edirdi.

1994-cü il dekabrın 23-də kənd təsərrüfatında iqtisadi islahatlara həsr olunmuş respublika müşavirəsində diqqəti aqrar islahatların vacibliyinə yönəldən Ulu Öndər demişdi: "Aqrar bölmədə iqtisadi islahatlar aparmaq, mülkiyyət formasını dəyişmək, torpaq islahatı keçirmək, sərbəst iqtisadiyyata geniş yol açmaq respublikamızın həyatında çox mühüm, eyni zamanda son dərəcə əhəmiyyətli, məsuliyyətli və taleyüklü məsələdir".

Bu müşavirədə irəli sürülmüş təkliflər, mülahizələr və tənqidi qeydlərlə əlaqədar "Aqrar islahatın əsasları haqqında" və "Kolxoz və sovxozların islahatı haqqında" Azərbaycan Respublikasının qanun layihələrinin işlənilməsi üzrə dövlət orqanlarının, kolxozçuların, icarədarların, fermerlərin, alimlərin və digər nümayəndələrin təmsil olunduğu tərkibdə komissiyanın yaradılması ilə bağlı Azərbaycan Respublikasının Prezidentinin 25 dekabr 1994-cü il tarixli Sərəncamı imzalanmışdır.Bununla da aqrar islahatların həyata keçirilməsi üçün müvafiq hüquqi bazanın yaradılması istiqamətində tarixi addımlar atıldı, 1995-ci il fevralın 18-də "Aqrar islahatın əsasları haqqında" və "Sovxoz və kolxozların islahatı haqqında" Qanunlar qəbul olundu.

Bu qanunların qəbul olumasının ardınca "Torpaq islahatı haqqında" Qanunun qəbul edilməsi ilə bağlı çoxsaylı ictimai müzakirələrin keçirilməsinə başlanıldı. Lakin o dövrdə torpaq islahatlarının hansı formada və hansı prinsiplər əsasında aparılması ilə bağlı fikirlər müxtəlif idi, ictimai rəy yekdil deyildi. Məsələn, torpaqların özəl mülkiyyətə deyil, uzunmüddətli icarəyə verilməsi, yaxud da yalnız təsərrüfatlarda işləyənlərə verilməsi və ya kənddə yaşayanlara verilməsi, yaxud da bütün əhaliyə paylanması kimi ən müxtəlif variantlar müzakirə olunurdu.

Torpaq islahatlarının aparılması yolları ilə bağlı yekdil bir fikirin olmadığı vaxtda Ulu Öndər əsas prinsiplərlə bağlı öz müdrik və uzaqgörən mövqeyini müəyyən etmişdi. 1996-cı il iyunun 24-də torpaq islahatlarına həsr olunmuş müşavirədə Ulu Öndər demişdi: "Burada müxtəlif fikirlər söylənildi və bu, əvvəlki müzakirələrdə də olubdur. Bəziləri deyir ki, torpağı kənddə yaşayanların hamısına vermək lazımdır, digərləri deyir ki, torpaq yalnız təsərrüfatla bağlı olan adamlara verilməlidir, başqaları isə deyir ki, adamları kateqoriyalara bölmək, kimə az, kimə çox torpaq vermək lazımdır.

...Ancaq mən hesab edirəm ki, bir prinsip əsas götürülməlidir. Bu, ədalət prinsipidir. Sosial ədalət prinsipi.

...Bizim bu tədbirimizin, yəni islahatımızın, qəbul edəcəyimiz qanunun əsas məqsədi bundan ibarətdir ki, torpaqdan istifadənin səmərəsini artıraq... Bütün tarix də bunu göstərdi ki, torpaqlardan yalnız o halda səmərəli istifadə etmək olar ki, bu torpaq kiminsə mülkü olsun, o buna şəxsi mülk kimi baxsın və ondan çox mənfəət götürməyə çalışsın".

1995-1996-cı illərdə zəruri hüquqi baza yaradılmaqla 1996-1998-ci illərdə sistemli şəkildə və sürətlə həyata keçirilən aqrar islahatlar nəticəsində qısa müddət ərzində torpağın kəndlilərin şəxsi mülkiyyətinə verilməsi və aqrar sektorda bazar prinsiplərinin formalaşdırılmasının təmin edilməsi hesabına, 1999-2000-ci illərdən etibarən aqrar sahəyə bazar iqtisadiyyatı prinsiplərinə uyğun dövlət dəstəyi mexanizmlərinin yaradılmasına başlanıldı.Belə ki, Ulu Öndərin "biz bazar iqtisadiyyatını vergi yolu ilə tənzimləməliyik" tezisinə uyğun olaraq aqrar sahənin vergilər vasitəsilə stimullaşdırılması siyasəti tətbiq olundu, istehsalçılar torpaqvergisi istisna olmaqla digər vergilərdən azad edildi. Həmçinin kənd təsərrüfatı məhsulları istehsalçılarının büdcəyə olan vergi və digər borclarının silinməsivə onlara yanacağın (neft məhsullarının) güzəştli qiymətlərlə satışı siyasəti tətbiq olundu.

Aqrar islahatların ikinci mərhələsi - bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan

yeni inkişaf mexanizmləri formalaşdırıldı

Ölkədə kənd təsərrüfatı sahəsində özəl mülkiyyətə əsaslanan təsərrüfatçılıq ənənələrinin və bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan aqrar siyasət mexanizmlərinin formalaşdırılması, bu sahədə yeni inkişaf məqsədlərini hədəfləyən islahatların tarixi varislik əsasında müəyyən olunmaqla sonrakı dövrlərdə də uğurla həyata keçirilməsinə imkan vermişdir.

2003-cü ildən etibarən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə uğurla həyata keçirilən davamlı inkişaf strategiyasına uyğun olaraq kənd təsərrüfatı sahəsinin də inkişafında yeni mərhələ başladı. Belə ki, Prezident İlham Əliyevin 2003-cü il noyabrın 24-də imzaladığı "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" Fərmanı aqrar sektorda islahatların ikinci mərhələsinin başlanmasına start vermişdir. Bu Fərmanla hökumətə tapşırıq verilmişdi ki, aqrar sektorda islahatların ikinci mərhələsinə başlamaq və bununla əlaqədar lazımi tədbirlərin görülməsini sürətləndirmək məqsədi ilə (texniki servis mərkəzlərinin təşkili, fermerlərin texnika ilə daha böyük həcmdə təmin olunması, toxumçuluq bazasının inkişaf etdirilməsi, yeni emal müəssisələrinin yaradılması və s.) müvafiq təkliflər hazırlansın.

Meliorasiya-irriqasiya sisteminin inkişaf etdirilməsi məqsədilə həyata keçirilən böyükmiqyaslı layihələr hesabına 266 min hektar sahədə torpaqların su təminatı yaxşılaşdırılmış, 43 min hektar sahə yeni suvarılan torpaqlar qrupuna əlavə edilmiş, həmçinin 218 min hektar sahədə torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılmışdır. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində burbaşa dövlət dəstəyi hesabına müasir texnologiyalar əsasında fəaliyyət göstərən çoxsaylı kənd təsərrüfatı məhsullarının emalı müəssisələri qurulmuş, habelə anbar təsərrüfatları yaradılmışdır ki, bu da kənd təsərrüfatı məhsulları üçün əlverişli bazar infarstrukturunun formalaşması baxımından mühüm əhəmiyyət kəsb etmişdir.

Kənd təsərrüfatı məhsulları istehsalçılarının müvafiq istehsal vasitələri ilə təminatının yaxşılaşdırılması baxımından bazar prinsiplərinə əsaslanan dövlət dəstəyimexanizmi kimi"Aqrolizinq" ASC-nin fəaliyyəti mühüm əhəmiyyət kəsb etmişdur. 2005-2016-cı illər ərzində "Aqrolizinq" ASC-nin xətti ilə ümumilikdə 28082 kənd təsərrüfatı texnikası, o cümlədən 1869 taxılyığan kombayn, 94 pambıqyığan kombayn, 8636 traktor və 17483 digər texnikalar alınaraq istehsalçılara xidmət üçün rayonlardakı aqrotexniki servis mərkəzlərinə verilmiş və ya lizinq yolu ilə sahibkarlara satılmışdır. Həmçinin aqrar sahədə fəaliyyət göstərən sahibkarların istehsal xərclərinin azaldılması məqsədiləonlara hər hektar sahənin əkinində istifadə olunan yanacaq və motor yağlarına görə 40 manat və hər hektar buğda və çəltik əkininə görə 40 manat subsidiyanın verilməsi, həmçinin istehsalçılara satılan mineral gübrələrin dəyərinin 50 faizi həcmində güzəştə görə subsidiyanın verilməsi, "Aqrolizinq" ASC tərəfindən idxal olunan məhsuldar cins malların istehsalçılara dəyərinin 50 faizi qədər güzəştlə satılması və toxum satışına görə subsidiyanın verilməsisiyasəti tətbqi olunmuşdur.

Aqrar islahatların müasir mərhələsi -dayanıqlı inkişafın gücləndirilməsi vəkeyfiyyət dəyişiklikləri hesabına qlobal bazarda rəqabətqabiliyyətliliyin

yüksəldilməsi əsas hədəfdir

Azərbaycan dövləti tərəfindən həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasında kənd təsərrüfatı sahəsinə daima mühüm diqqət yetirilir. Təsadüfi deyil ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş 5 fevral 2014-cü il tarixli konfransda Prezident İlham Əliyev bunu bir daha vurğulamışdır: "Kənd təsərrüfatının inkişafı növbəti illərdə iqtisadi sahədə prioritet olaraq qalacaqdır. Biz daim buna böyük diqqət göstərmişik. Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni tədbirlər görüləcəkdir. Nazirlikdə struktur dəyişiklikləri aparılmalıdır. Bu yeni struktur müasir tələblərə cavab verməlidir. Sistem xarakterli islahatlara üstünlük verilməlidir. Kənd təsərrüfatının inkişafında ən müasir, mütərəqqi metodlar tətbiq edilməlidir".

Azərbaycan Respublikası Prezidentinin "Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında" 16 yanvar 2014-cü il tarixli Sərəncamı və "Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında" 16 aprel 2014-cü il tarixli Fərmanı əsasında ölkədə aqrar islahatların yeni mərhələsinin başlaması ilə bağlı zəruri siyasi qərarlar qəbul olundu, bu islahatların müvafiq istiqamətləri müəyyən edildi. Bu tədbirlərin tərkib hissəsi olaraq, eləcə də BMT-nin Baş Assambleyası tərəfindən 2015-ci ilin "Beynəlxalq Torpaq İli" bəyan edilməsi ilə bağlı qlobal çağırışa qoşularaq 2015-ci ilin Azərbaycanda "Kənd təsərrüfatı ili" elan edilməsi barədə cənab Prezident tərəfindən müvafiq sərəncam imzalandı.

2014-cü ildən etibarən kənd təsərrüfatı sahəsi üzrə idarəetmənin təkmilləşdirilməsi tədbirləri həyata keçirilmişdir. İlk növbədə, aqrar siyasətin yerlərdə effektiv icrasının təmin edilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin rayon və şəhər idarələri yaradılmışdır. Həmçinin Nazirliyin Aparatında və tabeli qurumlarının fəaliyyətində səmərələliliyin və nəticəyönümlülüyün artırılmasına vəinnovativ inkişafa imkan verən köklü struktur dəyişiklikləri həyata keçirilmişdir.

Prezident İlham Əliyev tərəfindən imzalanmış 2 mart 2015-ci il tarixli Sərəncamla Dövlət Toxum Fondu yaradılmışdır. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 iyul tarixli 2190 nömrəli "Toxumçuluğun inkişaf etdirilməsi ilə bağlı tədbirlər haqqında" Sərəncamı ilə ölkədə yüksək keyfiyyətli məhsuldar bitki sortlarının toxumlarına olan ehtiyacın ödənilməsi, toxumluq məhsulların istehsalının artırılması və saxlanılmasının təmin edilməsi üçün müxtəlif bitki sortlarının toxumlarının istehsalı və saxlanılması üzrə müasir tələblərə cavab verən ixtisaslaşmış müəssisələrin qurulmasına başlanılmışdır.

Aqrar islahatların müasir mərhələsi həm də kənd təsərrüfatının yüksək əlavə dəyər yaradan ənənəvi sahələrinin inkişafı baxımından tarixi dönüş dövrü kimi əlamətdar olmuşdur. Dövlət başçısının tapşırığına uyğun olaraq pambıqçılıq, tütünçülük, baramaçılıq, çayçılıq və fındıqçılıq kimi yüksək gəlirli sahələrin inkişafı istiqamətində həyata keçirilən kompleks dövlət dəstəyi tədbirləri artıq ilkin nəticələrini verməyə başlamışdır.2016-cı ildə əkilmiş pambıq sahələrindən 89,2 min ton və ya əvvəlki illə müqayisədə 2,5 dəfə çox pambıq istehsal edilmişdir. Yaxın illər ərzində pambıq istehsalının təqribən 500 min tona çatdırılması ilə bağlı məqsədyönlü tədbirlərin icrası davam etdirilir. 2007-ci ildən bəri ilk dəfə olaraq 2016-cı ildə 70,7 ton yaş barama məhsulu istehsal edilmişdir. Baramaçılığın inkişafının sürətləndirilməsi və yem bazasının bərpası məqsədilə 1,5 milyon ədəd məhsuldar tut (çəkil) tingləri alınmış və 37 rayonda yeni tut (çəkil) bağlarının salınması həyata keçirilmişdir.

Ölkədə çayçılığın inkişafına dövlət dəstəyi tədbirləri də öz müsbət nəticələrini göstərməkdədir. Hesabat ilində çay plantasiyalarından toplanmış yaşıl çay yarpağının istehsalı əvvəlki illə müqayisədə 75,4 faiz artaraq 1000 tondan çox olmuşdur. Sahibkarlar tərəfindən yeni çay plantasiyalarının salınması işi davam etdirilir. Kənd təsərrüfatının mühüm əhəmiyyətli ixracyönümlü sahəsi kimi fındıqçılığın da inkişafına ciddi dövlət dəstəyi göstərilməklə, əlverişli torpaq-iqlim şəraitinə malik olan rayonlarda 12 min hektara yaxın sahədə yeni fındıq bağları salınmışdır ki, bu da mövcud bağların bir il ərzində 37 faizdən çox genişləndirilməsi deməkdir.

Ölkədə heyvandarlığın intensiv ferma modeli əsasında inkişaf etdirilməsi hazırda aqrar siyasətin əsas istiqamətlərindən biri kimi müəyyən olunub. Yüksək məhsuldarlıqlı heyvanlarla təminatın yaxşılaşdırılmasına dəstək məqsədilə 2009-2016-cı illər ərzində 22829 baş, o cümlədən son 3 il ərzində 14125 baş iribuynuzlu cins mallar "Aqrolizinq" ASC vasitəsilə Avropa ölkələrindən alınaraq dəyərinin 50 faizi həcmində güzəştli qiymətə lizinq şərtləri ilə sahibkarlara satılmışdır.

Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması məqsədilə institusional potensialın gücləndirilməsi və lazımi infrastrukturun yaradılması istiqamətində də zəruri dövlət dəstəyi həyata keçirilir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılmış vəsait hesabına Respublika Süni Mayalama Mərkəzinin Avropadan cəlb olunmuş ekspertlərin iştirakı ilə köklü şəkildə modernləşdirilməsi həyata keçirilib.

Həmçinin cənab Prezident tərəfindən imzalanmış 19 avqust 2015-ci il tarixli Sərəncama əsasən yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması və bu sahəyə marağın gücləndirilməsi üçün süni mayalanma yolu ilə alınmış hər baş buzova görə heyvan sahiblərinə 100 manat həcmində subsidiyanın verilməsinəbaşlanılmışdır. Dövlət başçısının "Kənd təsərrüfatının inkişafında ən müasir, mütərəqqi metodlar tətbiq edilməlidir" tapşırığına uyğun olaraq artıq Azərbaycanda da aqro-ərzaq məhsulları istehsalı sahəsində XXI əsrin müasir biznes texnologiyası olan aqroprakların yaradılmasına start verilmişdir. Kənd təsərrüfatı məhsulları istehsalçıları üçün bazar şərtlərinin daha da yaxşılaşdırılması məqsədi ilə "Ərzaq məhsullarının tədarükü və təchizatı" ASC yaradılmışdır.

Azərbaycanda həyata keçirilən aqrar islahatlar hesabına kənd

təsərrüfatında dinamik inkişaf təmin olunmuşdur

Azərbaycanda aqrar islahatların birinci mərhələsinin başlamasından ötən 20 illik dövr ərzində kənd təsərrüfatı məhsulları istehsalı sahəsi bütövlükdə 2,4 dəfə, o cümlədən bitkiçilik sahəsi 2,3 dəfə, heyvandarlıq sahəsi isə 2,5 dəfə böyümüşdür. 1996-2016-cı illər ərzində taxıl istehsalı 1 milyon 18 min tondan 3 milyon 65 min tona (3 dəfə artım), kartof istehsalı 214,6 min tondan 902,4 min tona (4,2 dəfə artım), tərəvəz istehsalı 570 min tondan 1 milyon 269 min tona (2,2 dəfə artım), bostan məhsulları 52 min tondan 464,5 min tona (9 dəfə artım), ət istehsalı 115,7 min tondan 303,8 min tona (2,6 dəfə artım), süd istehsalı 843,3 min tondan 2 milyon 9 min tona (2,4 dəfə artım), yumurta istehsalı 477 milyon ədəddən 1,6 milyard ədədə (3,4 dəfə artım) çatdı.

Əgər Azərbaycan dövlət müstəqilliyini əldə etdiyi vaxt ət və süd məhsulları ilə ölkənin özünütəminat səviyyəsi təqribən 30-35 faiz təşkil edirdisə, hazırda ölkənin bu məhsullar üzrə özünütəminat səviyyəsi müvafiq olaraq 94 və 88 faizə qədər artmışdır. Həmin dövrdə ölkənin kartofa olan tələbatının ödənilməsində idxal böyük paya malik idisə, hazırda özümüzü təminetmə səviyyəsi 86 faizdir, üstəlik hazırda hər il təqribən 40 min tondan çox təzə kartof ixrac edirik. Bütün növ tərəvəz ilə özünü təminetmə səviyyəsi 96 faiz, meyvə və giləmeyvə ilə üzrə isə 122 faiz təşkil edir.

Yerli istehsal potensialının güclənməsi hesabına ölkəmzin ixrac bazarlarında iştirakı səviyyəsi də əsaslı şəkildə yüksəlmişdir. Ölkədə rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektorunun formalaşdırılmasına nail olmaq baxımından əlverişli mühitin yaradılması məqsədilə 9 strateji hədəfin reallaşdırılmasını nəzərdə tutan Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"nin 2016-2020-ci illər ərzində icrası çərçivəsində aqrar islahatların müasir mərhələsi uğurla davam etdiriləcək.

Cənab Prezident tərəfindən qəbul edilmiş Strateji Yol Xəritəsinin həyata keçirilməsi hesabına Ümummilli Liderin müəllifi olduğu Azərbaycanın aqrar inkişaf modeliyeni nailiyyətlərlə xarakterizə olunacaq.

Digər xəbərlər