Böyük pedaqoq, alim, istedadlı yazıçı Mir Cəlal Paşayevin anadan olmasından 109 il ötür
XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin bu gün doğum günüdür. 26 aprel tarixində dünyaya gələn ziyalı xalqımızın yaddaşında özünə əbədiyaşarlıq qazanmışdır.
Mir Cəlal Paşayev Azərbaycan ədəbiyyatının inkişafı və məzmunca zənginləşməsində mühüm rol oynayaraq, xalq yaradıcılığı ilə klassik bədii irsin qabaqcıl ənənələrinin vəhdətini yeni formada yaşadan və ədəbiyyata yeni ruh gətirən yazıçı kimi tanınıb. Həm gözəl hekayə ustası, sanballı romanlar, povestlər müəllifi kimi, həm də ədəbiyyatımızın yaradıcılarından biri, eləcə də gözəl ədəbiyyatşünas-alim kimi qiymətləndirilir. Mir Cəlal əli qələm tutan gündən ömrünün sonuna qədər bədii ədəbiyyat sahəsində eyni həvəs və coşqunluqla, eyni ardıcıllıq və uğurla yorğunluq bilmədən çalışmış, zəngin və məhsuldar yaradıcılıq yolu keçərək, yüzdən artıq kitab çap etdirmişdir.
Mir Cəlal Əli oğlu Paşayev 1908-ci il aprelin 26-da Cənubi Azərbaycanın Ərdəbil kəndində anadan olmuşdur. Lakin sonralar ailəsi Gəncə şəhərinə köçmüş, ibtidai təhsilini burada almış, uşaqlıq və gənclik illərini bu şəhərdə keçirimişdir. 1924-1928-ci illərdə Gəncə Darülmüəllimində oxumuş, oranı bitirdikdən sonra Gədəbəy yedillik məktəbinə müəllim göndərilmişdir. 1929-1930-cu illərdə 1 saylı Gəncə şəhər məktəbində direktor vəzifəsində çalışmışdır. 1930-1931-ci illərdə Kazan Pedaqoji İnstitunun dil-ədəbiyyat fakültəsində oxumuş, 1932-ci ildə Bakıya qayıdaraq Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitunun aspiranturasında təhsilini davam etdirmiş, 1933-cü ildə SSRİ EA Zaqafqaziya filialının Azərbaycan şöbəsinin İctimai elmlər bölməsinə elmi işçi vəzifəsinə götürülmüşdür. 1936-1941-ci illərdə Pedaqoji İnstitutda və Dövlət Universitetində müəllimlik etmişdir. Mir Cəlal 1940-cı ildə "Füzulinin poetik xüsusiyyətləri" adlı əsərinə görə filologiya elmləri namizədi, 1947-ci ildə "Azərbaycanda ədəbi məktəblər" əsərinə görə filologiya elmləri doktoru, alimlik dərəcəsi almışdir.
"ONUN ROMANININ HƏR BİR SÖZÜ ÖZ AVTOBİOQRAFİYASININ BİR HİSSƏSİ KİMİ GÖRÜNÜR, CANLI VƏ SƏMİMİ HƏYACANI DƏRHAL OXUCUYA TƏSİR EDİR..."
O, bədii yaradıcılığa 1928-ci ildən başlamışdır. İlk hekayə və oçerkləri 1930-cu ildə "Qızıl Gəncə", "Ədəbiyyat cəbhəsində", "Hücum" jurnallarında və "Gənc işçi" qəzetində dərc olunmuşdur. Dövrün ruhuna uyğun olaraq "Sağlam yollarda" adlandırdığı ilk oçerklər kitabı 1932-ci ildə çap olunmuşdur. O, ədəbiyyat tarixinə, tənqid və ədəbiyyatşünaslığa dair bir sıra qiymətli əsərlərin müəllifidir. Mir Cəlal təqdirəlayiq romanlar müəllifi kimi də tanınmışdır. "Dirilən adam" və "Bir gəncin manifesti" romanları yazıçının dəyərli əsərlərindəndir. "Bir gəncin manifesti" Mir Cəlal yaradıcılığının bütün gözəl keyfiyyətlərinin vəhdətidir", deyən Bəxtiyar Vahabzadə bunu, nəinki Mir Cəlalın, Azərbaycan nəsrinin ən gözəl nümunələrindən biri kimi qiymətləndirirdi. Sonralar Mir Cəlal Azərbaycan həyatının aktual problemlərinə həsr olumuş "Açıq kitab", "Təzə şəhər", "Yolumuz hayanadır?" kimi romanlarını yazır. Gözəl roman ustadı kimi tanınan Mir Cəlal haqqında tanınmış ədəbiyyatşünas Jak Rıkaçev belə yazırdı: "Mir Cəlal sənətkardır, yaradıcıdır. Onun romanının hər bir sözü öz avtobioqrafiyasının bir hissəsi kimi görünür, canlı və səmimi həyacanı dərhal oxucuya təsir edir..."
Bədii ədəbiyyatın müxtəlif janrlarına müraciət edən Mir Cəlal yaradıcılığında kiçik hekayələr xüsusi yer tutur. Sovet dövrü Azərbaycan ədəbiyyatında hekayə janrının inkişafında böyük xidmətlər göstərmişdir. İnsanda sağlam duyğular, xoş arzu-ümidlər oyadan, eybəcərlik və mənfiliyə qarşı mübarizə keyfiyyəti aşılayan bədii gülüş ədibin yaradıcılığında mühüm tərkib hissədir. Mir Cəlal tənqid oxunu hədəfə qarşı cəsarətlə yönəldə bilirdi. 1940-cı ildə Mir Cəlalın hekayələrinin rus dilinə Əziz Şərif tərəfindən tərcümə olunması gözəl bir təşəbbüs kimi qiymətləndirilməlidir. Ədibin istedadlı gənclərə olan məhəbbətini, analıq şərəfini və uşaqlara qayğı məsələsini ürəklə tərənnüm etdiyi "Bostan oğrusu", "Yanlış barmaqlar", "Mərkəz adamı" kimi hekayələr tərbiyəvi əhəmiyyətli olduğu üçün daim diqqətdə olmuşdur. Yazıçı "Pərzad", "Qaymaq", "Dost görüşü", "Qonaqpərəst" kimi hekayələrində Azərbaycan xalq adət və ənənələri ilə bağlı motivlərə xüsusi diqqət yetirib, hekayələrin həyat və məişətlə üzvi əlaqəsindən bəhs edir. Böyük Vətən müharibəsinə, ölkənin müdafiəsinə həsr olunan hekayələr mövzu orjinallığı, mübarizə pafosu və üslubuna görə Mir Cəlalın yaradıcılığında xüsusi mərhələdir.
"VƏTƏN YARALARI" HEKAYƏSİNİ OXUDUQDAN SONRA MƏN DÜŞMƏNƏ QARŞI DAHA KİNLİ VƏ AMANSIZ OLDUM"
Böyük Vətən müharibəsi dövründə "Hər şey cəbhə üçün, hər şey qələbə üçün!" şüarı ədəbiyyatın da istiqamətini, yaradıcılıq pafosunu və inkişaf yolunu müəyyənləşdirən xarakterik əlamət oldu. Böyük Vətən müharibəsi onun ədəbi-elmi fəaliyyətində yeni səhifələr açır. Müharibənin əvvəllərində Uzaq Şərqdəki ordu hissələrinə gedən, habelə, döyüşən ordunun həyatı ilə yaxından tanış olan ədib çoxlu oçerk, hekayə və publisist yazıları ilə nəzəri cəlb edir. Mir Cəlal "Yollar", "Axşam səfəri", "Atlı", "Snayper" heakyələrinin mövzusunu, bilavasitə cəbhə həyatından, müharibə səhnələrindən götürülmüş və səciyyəvi fəaliyyət prosesində açılan döyüşçü surəti yaratmağa çalışmışdır. Böyük Vətən müharibəsinə, ölkənin müdafiəsinə həsr olunan hekayələr mövzu orjinallığı, mübarizə pafosu və üslubuna görə Mir Cəlalın yaradıcılığında xüsusi mərhələdir. Səməd Vurğun onun əsərlərinin təsir gücündən yazarkən belə qeyd edir: "Aldığımız cəbhə məktubunda bir döyüşçü yazır ki, "Vətən yaraları" hekayəsini oxuduqdan sonra mən düşmənə qarşı daha kinli və amansız oldum".
Müasir dövrümüzdə Azərbaycan nəsrinin görkəmli nümayəndəsi, Azərbaycanın əməkdar elm xadimi, yazıçı-alim Mir Cəlal Paşayevin ədəbi və ictimai fəaliyyəti, yaradıcılıq xüsusiyyətləri, əsərlərinin yaranma tarixi öyrənilir, onun irsi gənc nəslə çatdırılır. Təsadüfi deyildir ki, bu gün təkcə Azərbaycanda deyil, onun sərhədlərindən kənarda da görkəmli ədibin həyat və yaradıcılığı geniş şəkildə öyrənilir və əsərləri müxtəlif dillərdə nəşr edilərək maraqla oxunur.
XX əsr Azərbaycan ədəbiyyatı və elminin inkişafında müstəsna xidmətləri olmuş Mir Cəlal Paşayevin 100 illiyinin UNESCO səviyyəsində qeyd edilməsi, ilk növbədə, Azərbaycan elminə, mədəniyyətinə və ədəbiyyatına dünya miqyasında verilən dəyərin təzahürüdür. İllər ötdükcə Mir Cəlal Paşayevin təkcə elmi irsi tədqiq edilmir, onun həm də xeyirxahlığı, böyük və əlçatmaz müəllimliyi, bəşəriliyi heyranlıqla qarşılanır və sevilə-sevilə qəlblərdə özünə ucalıq abidəsi qurur. Ədibin bu zirvədəki yeri daim qalacaq, onun mərhəməti və sevgisi dünya durduqca yaşayacaqdır.
Nəzakət ƏLƏDDİNQIZI