PDF Oxu

Sosial

  • 1 288

Azərbaycanlı politoloq Kremlin ideoloqunun cavabını verdi

Azərbaycanlı politoloq Kremlin ideoloqunun cavabını verdi

Arzu Nağıyev: "İstənilən vaxt Azərbaycan Dağlıq Qarabağda anti- terror əməliyyatlarını həyata keçirə bilər "

Rusiyanın paytaxtı Moskva şəhərində Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin birgə iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı görüşün və müzakirələrin aparılması bu istiqamətdə siyasi analitiklərin özəl təhlillərinin artmasına təkan verib. Beynəlxalq Avrasiya Hərəkatının rəhbəri, Kremlin ideoloqu kimi tanınan politoloq Aleksandr Duqin bildirib ki, dünya ictimaiyyəti Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanısa da, lakin kimsə Qarabağda status-kvonu dəyişdirmək istəsə, Rusiya müharibəyə müdaxilə etməyə məcbur olacaq. Bu fikir heç də təəccüb doğurmasa da, sullar yaradıb. Bu, rəsmi Moskvanın mövqeyi kimi başa düşülə bilərmi? Politoloq Arzu Nağıyev "Səs" qəzetinə açıqlamasında bildirdi ki, Aleksandr Duqin bir politoloq olaraq, öz çıxışları ilə daima belə məsələlərə öz münasibətini bildirən bir şəxsdir: "Yəni qeyd olunan fikirlər özünün şəxsi fikirləridir. Unutmaq lazım deyil ki, Rusiya bu gün ATƏT-in Minsk Qrupunun həmsədri olan dövlətlərdən biridir. Eyni zamanda, bu münaqişənin yaranmasında SSR-nin varisi kimi birbaşa açar fiqur kimi, öz rolunu sona qədər yerinə yetirməlidir. Məhz bu baxımdan da, Rusiya, həqiqətən də, Qafqazda nüfuzunu bərpa etməyə çalışırsa, bu məsələlərdə daha aktiv olmalıdır".

Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşünə toxunan A.Nağıyev bildirdi ki, Rusiya özü bu gün, həqiqətən də, çəkinir ki, bu müharibənin iştirakçısı olmasın: "Çünki dünyada baş verən proseslərin hamısında Rusiyanın, məhz adının çəkilməsi onun nüfuzuna böyük xələl gətirir. Bu baxımdan, dünyada həyata keçirilən böyük layihələrdən kənarda qalır. Yəqin ki, Duqin Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olduğunu bir daha gündəmə gətirməklə, məhz Azərbaycanın hansısa blokda birləşməməsi məsələsinə bir eyham vurur. Məlum məsələdir ki, Azərbaycanın öz xarici və daxili siyasəti var. Ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyünə daxil olan bir prosesdir. İstənilən vaxt Azərbaycan Dağlıq Qarabağda anti-terror əməliyyatlarını həyata keçirə bilər. Keçən ilin aprelində biz bunun şahidi olduq. Rusiya və digər dövlətlər bu münaqişəyə müdaxilə edə bilmədi. Sadəcə olaraq, ermənilərin böyük yalvarışından sonra Rusiya Azərbaycan rəhbərliyinə müraciət edərək, bu əməliyyatların dayandırılmasını xahiş edib. Bu gün heç kim BMT-nin Dağlıq Qarabağla bağlı olan 4 qətnaməsinin yerinə yetirilməsindən və ya Azərbaycanın ərazi bütövlüyünün bərpası haqqında danışmır. Bu isə haqsızlığın, ədalətsizliyin nümunəsidir, münaqişənin həllinə ikili standartlardan yanaşmanın təsdiqidir. Ancaq bu, uzun müddət davam edə bilməz. Azərbaycan silahlı qüvvələri ərazi bütövlüyümüzü bərpa edəcək. O zaman heç bir qüvvə Ermənistanı düşdüyü fəlakət burulğanından xilas edə bilməyəcək".

GÜLYANƏ

Digər xəbərlər