YAP Xəzər rayon təşkilatında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 99-cu ildönümü ilə bağlı tədibr keçirildi
Yeni Azərbaycan Partiyasının Xəzər rayon təşkilatında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 99-cu ildönümü münasibəti ilə toplantı keçirilib. Toplantını giriş sözü ilə açan YAP Xəzər rayon təşkilatının sədri, Siyasi Şuranın üzvü Namiq Əhmədov Xalq Cümhuriyyətinin yaranması faktorlarına toxunaraq, qeyd edib ki, 1918-ci ilin 28 may tarixinə qədər Azərbaycan çətin vəziyyətdə idi və həmin dövrlərdə paytaxt Bakı da daxil olmaqla, xarici qüvvələr, o cümlədən, erməni daşnakları öz mənfur işğalçılıq siyasətlərini yürüdərək, ölkəni zəbt etmək üzrəydilər. Azərbaycan xüsusi şücaət göstərərək işğalçılara layiqli cavab verə bildi.
YAP Xəzər rayon təşkilatının sədri müstəqil Azərbaycanın parlamentinin yaranması tarixinə də toxunaraq, Məmmədəmin Rəsulzadənin, Fətəli xan Xoyskinin və s. tarixi şəxsiyyətlərin bu məsələdə aparıcı rol aldıqlarını bildirib və qeyd edib ki, o dövrdə aparılan ardıcıl işlər nəticəsində Azərbaycanın gerbi, himni və dövlət bayrağı qəbul olundu. Lakin 23 ay ömrü olan Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin 28 aprel tarixində süquta uğradı.
"Bu gün müstəqil Azərbaycanımız, məhz Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq inkişaf və tərəqqi yolunu tutmaqdadır"-deyə vurğulayan Namiq Əhmədovun sözlərinə görə, məhz xalqımızın Ulu Öndəri Heydər Əliyevin qətiyyəti, iradəsi sayəsində 1991-ci ildə bərpa edilən müstəqilliyimizi itirilmək təhlükəsi aradan qaldırıldı: "Bu gün Dahi Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev müstəqil Azərbaycanımızın inkişaf yolunu uğurla davam etdirməklə yanaşı, onun adını dünyanın bütün ölkələrində tanıdıb. Həmçinin, Prezident İlham Əliyev Azərbaycanın tarixini yaşadan mühüm qərarlara imza atmaqda davam edir. Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məmmədəmin Rəsulzadənin 100 illik yubileyinin təntənəli şəkildə keçirilməsi buna bariz sübutdur. Artıq gələn il Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı dövlət başçımız Sərəncam imzalayıb və xalqımız qarşıdan gələn ildə bu bayramı böyük təntənə ilə qeyd edəcək".
Tədbirdə digər çıxış edənlər - YAP Xəzər rayon təşkilatının sədr müavini Zeynəb Əliyeva, Xəzər rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov çıxışlarında 99 il öncə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə bağlı bir sıra tarixi aspektlərə toxunaraq, bu tarixin, ümumilikdə Azərbaycan xalqı və dövlətçiliyi üçün önəmli və qürur mənbəyi olduğunu vurğulayıblar.
Rövşən NURƏDDİNOĞLU