Dünən Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin, AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun, rayon icra hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının birgə təşkilatçılığı ilə mərkəzdə Azərbaycanda Xalq Cumhuriyyətinin yaranmasının 99 illiyi münasibəti ilə "Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir" mövzusunda konfrans keçirilmişdir.
Konfrans iştirakçıları əvvəlcə Ulu Öndərin Heydər Əliyev Parkında ucalan abidəsini ziyarət etmişlər.
Mərkəzin Elektron lektoriya zalında keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Konfrans iştirakçılarını Azərbaycan Xalq Cümhuriyyətinin 99 illiyi münasibəti ilə təbrik edən rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov qeyd edib ki, ölkəmizdə Şərqin ilk demokratik respublikası yaranmışdır. Təkcə bu faktı dilə gətirməyin özü bizi nə qədər qürurlandırır. Bu, Azərbaycanın tarixidir.
Rayon icra hakimiyyətinin başçısı qeyd etdi ki, 1991-ci ildə yenidən müstəqillik əldə edən Azərbaycan bitib-tükənməyən hakimiyyət çəkişmələri, parçalanıb məhv olmaq təhlükəsi ilə üz-üzə idi. Belə ağır vəziyyətdə ölkənin xilasının yeganə yolunu görkəmli siyasi xadim Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsində görən Azərbaycan xalqı Ulu Öndəri təkidlə Bakıya dəvət etdi. Milyonlarla insanın təkidinə və xahişinə hörmətlə yanaşan Ulu Öndərimiz yenidən siyasi hakimiyyətə qayıdaraq, 1993-cü il iyunun 15-də Milli Məclisin Sədri seçilməsi ilə dövlət müstəqilliyinin qorunmasını, ölkədə sabitliyin, əmin-amanlığın yaranmasını, iqtisadiyyatın inkişafını təmin etdi.
Konfransda "Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir" mövzusunda məruzə ilə şıxış edın Azərbaycan Milli Elmlər Akademiyasının Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudova qeyd etdi ki, 23 ay bir millətin nələrisə əldə etməsi baxımından, çox qısa bir zaman kəsiyidir. Lakin Azərbaycan Xalq Cümhuriyyəti 99 il bundan öncə, yarandığı 28 may günündən etibarən xalqın milli şüurunda dönüş yaratmağı bacardı.
Məruzə ətrfında Azərbaycan Milli Elmlər Akademiyasının Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun şöbə müdirləri Natiq Məmmədzadə, İlqar Niftəliyev, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatı Ağacan Abiyev çıxış etdilər.
Konfrans Azərbaycan xalqının xilaskarı. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müdrik sözləri ilə yekunlaşdı: "Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan və əbədi etməkdən ibarətdir."
Sonda Azərbaycan Milli Elmlər Akademiyasının Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutu rayonun ictimai həyatında fəal iştirakına görə, rayon icra hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edildi və xatirə hədiyyəsi təqdim edildi. Eyni zamanda, Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsi məqsədi ilə rayonun 9-11-ci sinif şagirdlərinə Suraxanı rayonu Heydər Əliyev Mərkəzində "Heydər Əliyev və müasir Azərbaycan tarixi" mövzusunda keçirilən açıq dərslərin tədrisində və təhsil müəssisələrində keçirilən tədbirlərin təşkilində fərqlənən müəllimlər rayon icra hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edildilər, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə keçirilən rəsm sərgisində fərqlənən şagirdlər mükafatlandırıldılar.
ZÜMRÜD