PDF Oxu

Sosial

  • 6 491

Turizm iqtisadiyyatın əsas inkişaf dayaqlarındandır

Turizm iqtisadiyyatın əsas inkişaf dayaqlarındandır

Bu gün ölkəmizdə tərəqqi və modernləşmənin vəhdət təşkil etdiyi zamanda, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, müasir turizm infrastrukturunun yaradılması sahəsində məqsədyönlü işlər görülür. Son illər ərzində ölkədə turizmin təşviqi ilə bağlı görülən işlər, aparılan islahatlar, qəbul edilən dövlət proqramları, normativ-hüquqi bazanın təkmilləşdirilməsi dövlətin bu sahəyə diqqətini bir daha sübut edir.Müasir dövrümüzdə Azərbaycanın elə guşələri var ki, onları Avropanın bəzi abad zonaları ilə də müqayisə etmək mümkündür. Turistlər etdikləri səfər zamanı ölkəmizin ən gözəl, maraqlı, qədim və tarixi yerləri haqqında məlumatlandırılır. Həm Bakıda, həm də, ümumilikdə, ölkəmizdə tarixi və görməli yerləri ilə tanış olurlar. Yerli vətəndaşların, həm də xarici qonaqların ən çox üz tutduqları məkanlar sırasında Qobustan Milli Tarix-Bədii Qoruğu xüsusi yer tutur. Ötən il Qobustan Milli Tarix-Bədii Qoruğunu 123 mindən çox turist ziyarət edib. Qobustan qayaüstü rəsmlərini, minilliklərin daş yaddaşını görmək üçün buraya gələn ziyarətçilərin sayı 2017-ci illə müqayisədə 40 min nəfər (təxminən 50 faiz) artıb. 123 min ziyarətçidən 58 mini xarici ölkə vətəndaşlarıdır. Əcnəbi ziyarətçilər 20-dən artıq ölkədən - Türkiyə, İran, Rusiya, Almaniya, İngiltərə, Pakistan, Çin, ABŞ, İndoneziya, Qazaxıstan və ərəb ölkələrindən gəliblər. Bununla yanaşı, Fici adaları və Dominikan Respublikası kimi ölkələrdən də qoruğu ziyarət edənlər olub.Qoruğa gələn ziyarətçilərə göstərilən xidmətin keyfiyyətinin daha da artırılması məqsədilə bir çox abadlıq işləri aparılıb. Qoruq daxilində asfalt yollar təmir edilib, istiqamətləndirici yol nişanları quraşdırılıb, Böyükdaş dağında yerləşən iaşə obyekti tamamilə yenidən qurulub.Turistləri hər zaman cəlb edən məkana, son illərdə marağın daha da artmasının səbəblərindən biri də, burada yaradılan şəraitdir. UNESCO-nun Dünya İrs Siyahısına daxil edilən Qobustan qoruğunda 2011-ci ildə istifadəyə verilən muzey kompleksi müasir standartlara uyğundur. Onu da bildirək ki, kompleks "Avropada ilin muzeyi" müsabiqəsinin qalibi olub.Xarici turistlərin paytaxtımıza səyahətləri zamanı, həmçinin, İçərişəhərə də önəm verirlər. 2018-ci ildə İçərişəhər ərazisində yerləşən çoxsaylı tarixi abidələrin qorunub-saxlanılması, bərpası və təbliği üçün genişmiqyaslı işlər həyata keçirilib, beynəlxalq səviyyəli turizm məkanının yaradılması istiqamətində əsaslı işlər görülüb. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün mövcud potensialdan səmərəli istifadə etməklə, beynəlxalq standartlara cavab verən turizm infrastrukturunun inkişaf etdirilməsi, tarixi irsimizə uyğun şəkildə təmir-bərpa və abadlaşdırma işlərinin davam etdirilməsi istiqamətində fəaliyyətini daha da təkmilləşdirib. Qeyd edək ki, xalqımızın milli bayramı olan və böyük maraq doğuran Novruz Festivalı, Qız Qalası Festivalı və digər ənənəvi tədbirlərin İçərişəhərdə yenidən - daha da maraqlı tərzdə həyata keçirilməsi nəzərdə tutulub.Bu gün müasir tikililər, müxtəlif restoranlar, ticarət mərkəzləri, Xəzər dənizi sahili, palçıq vulkanları, təbii parklar, gözəl təbiət, 9 fərqli iqlim tipi, Naftalanda müalicəvi neft və ən əsası təhlükəsizlik və müasir dünyagörüşlü insanlara malik olması kimi amillər Azərbaycanı mütləq ziyarət edilməli olan yerlər sırasına daxil edir. Azərbaycan təbiətində kəşf olunmamış gözəlliklər gizləndiyini qeyd edən F.Zenqstşmid ölkə boyunca gəzdikdə, hər an fərqli yeniliklərlə tanış olmaq şansından, eləcə də, dadlı Azərbaycan mətbəxindən bəhs edib. Baş icraçı direktor mühüm amillərdən biri də Azərbaycana səfər etməyin asan olmasını vurğulayaraq, hindistanlı turistlərin cəmi 3 saat ərzində, onlayn olaraq, viza əldə edə bilmə imkanına malik olduqlarını bildirib.Azərbaycanda turizm sahəsində yaradılan imkanlar dünya səviyyəsindədir. Turizmin sosial-iqtisadi inkişafda aparıcı qüvvəyə çevrilməsi gəlirlərin artmasında, sektorla bağlı infrastrukturun qurulmasında, yeni iş yerlərinin yaradılmasında özünü göstərir. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları əsasında turizm sahəsi üzrə bəndlərinin tələbləri çərçivəsində sahibkarlığın inkişafı üçün kreditlər ayrılıb, turizm obyektlərinin inşasının dəstəklənməsi, bir sıra hüquqi sənədlərin hazırlanması sahəsində işlər görülüb. Hazırda bölgələrdə ən müasir səviyyədə hotellər tikilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi, "Turizmin inkişafı ilə bağlı böyük addımlar atılmışdır. Xüsusilə, bölgələrdə bir neçə beşulduzlu otel istifadəyə verilmişdir. Yeni turizm mərkəzləri açılır. Azərbaycanın turizm potensialı artıq ölkəmizin inkişafına, xalqımızın rifah halının yaxşılaşmasına xidmət göstərir. Əminəm ki, Azərbaycan vətəndaşları getdikcə daha çox ölkə daxilində istirahətə üstünlük verəcəklər. Çünki Azərbaycanda yaradılan imkanlar dünya səviyyəsindədir. Bunu bizim vətəndaşlar da, xaricdən gələn turistlər də qeyd edirlər". Bütün bunlar, əlbəttə ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə, ölkə həyatının digər sahələri kimi, turizm sektoruna da ayırdığı diqqətin nəticəsidir.Azərbaycanda turizmin inkişaf tempi, onu deməyə əsas verir ki, ölkəmizdə davamlı inkişaf tendensiyası uğurla həyata keçirilmişdir. Hər bir turist istirahət etdiyi ölkənin və ya şəhərin təbliğatçısına çevrilir. Ona görə də, ən qabaqcıl beynəlxalq təcrübə əsasında iş qurulur, ən mütərəqqi ideyaları tətbiq edilir ki, turistlər ölkəmizdən və xidmətlərdən məmnunluq duysunlar. Ölkəmizin turizm sahəsində geniş imkanları ilə yanaşı, xalqımızın qonaqpərvərliyi, çoxmədəniyyətlilik və tolerantlıq dəyərlərinə hörməti də, turistlərin səyahət obyekti kimi, məhz Azərbaycanı seçməsi üçün əlavə meyardır.

sia.az

Digər xəbərlər