Neftçilər “Bir gündə 650 min ağac əkək” kampaniyasına qoşulublar

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə dahi mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda keçirilən “Bir gündə 650 min ağac əkək” kampaniyasına neftçilər də mütəşəkkil qoşulublar.

Dekabrın 6-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri Qala qəsəbəsi ərazisində yerləşən “Eko Park”da ağacəkmə kampaniyasında iştirak edib.
Şirkətin birgə müəssisələri tərəfindən aksiya çərçivəsində 100 min ağacın əkilməsi nəzərdə tutulur. Həmin ağacların 45 mini “Azneft”, 15 mini “Azəriqaz” və “Azərikimya” istehsalat birliklərinin, Heydər Əliyev adına neft emalı zavodunun, Qaz İxrac və Neft Kəmərləri idarələrinin, 40 mini isə digər idarə və müəssisələrin ərazilərində əkiləcək. Ağacəkmə kampaniyasına SOCAR-ın bir sıra birgə müəssisələri və tərəfdaş şirkətlər də qoşulub. “SOCAR AQŞ” tərəfindən Ümid istehsalat və təchizat bazasının ərazisində 2 min ağac əkilib.
2015-ci il dekabrın 4-də təbii fəlakət zamanı həlak olmuş və itkin düşmüş həmkarlarının xatirəsinə Pirallahı rayonunda ucaldılmış abidəni ziyarət edən SOCAR-ın rəhbərliyi dəniz neftçilərinin istifadə etdiyi helikopter meydançasının qarşısında ucaldılmış abidənin ətrafında da fəlakət qurbanlarının xatirəsinə 33 ağac əkib.

yap.org.az