“Ermənistan tərəfindən növbəti terror aktları təşkil olunmaqdadır. Bunun bariz nümunəsi trans-sərhəd çayı sayılan Oxçuçayın Ermənistan ərazisindən keçən hissəsində dağ-mədən tullantılarını məhz bu çaya atmaqla çox ciddi çirklənməni həyata keçirirlər”. Bu sözləri SİA-ya açıqlamasında deputat Cavid Osmanov deyib.
Onun sözlərinə görə, bu yolverilməzdir: “Birincisi bu ekoloji terrordur və ekoloji terror təkcə burada Azərbaycana qarşı deyil. Çünki ekologiyanın sərhədləri olmur. Ona görə də beynəlxalq müstəvidə Ermənistana təzyiqlər göstərilməlidir. Çox təəssüf ki, bəzi Qərb dairələrinin şirkətləri də məhz Ermənistanın Azərbaycana qarşı ekoloji terrorunda iştirak edirlər. Azərbaycan hüquqi dövlətdir və beynəlxalq hüquqa hər zaman hörmətlə yanaşan bir ölkədir. Bu baxımdan hüquqi müstəvidə Azərbaycan bu sahədə Ermənistana təzyiqlər etməlidir və edəcəkdir”.
Deputat həmçinin qeyd edib ki, Ermənistanın Oxçuçayı dağ-mədən tullantılarının vasitəsilə çirkləndirilməsi ilə burada nəinki flora və faunanın məhv olması, eyni zamanda digər canlılara da qarşı bir terrordur: “Bunun üçün Azərbaycan əlbəttə, Ermənistana qarşı hüquqi müstəvidə iddialar qaldırmaqla Ermənistana bununla təzyiqlər göstərəcək. Vətən müharibəsində əldə etdiyimiz parlaq qələbədən sonra beynəlxalq müstəvidə Azərbaycan tərəfindən göstərilən təzyiqlər öz müsbət nəticələrini vermişdir. Mina xəritələrinin Azərbaycana təhvil verilməsi bunun bariz nümunəsidir. Bu baxımdan da əlbəttə ki, beynəlxalq müstəvidə Ermənistana qarşı ciddi təzyiq göstərilməlidir və göstərilir”.
sia.az