Son günlər ölkədə koronavirus infeksiyasına yoluxma sayının yenidən kəskin şəkildə artması pandemiya əleyhinə tədbirlərin gücləndirilməsinə səbəb olub. Bununla əlaqədar vətəndaşların sağlamlığının qorunması və xəstəliyin yayılmasının qarşısının alınması məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda dezinfeksiya həftəliyi elan edilib və bütün rayonlarda pandemiya əleyhinə profilaktiki tədbirlər həyata keçirilir. SİA xəbər verir ki, ümumşəhər dezinfeksiya həftəliyi çərçivəsində avqustun 15-də səhər saatlarından paytaxtın Yasamal rayonunda da geniş profilaktik tədbirlər həyata keçirilib. Əvvəlcədən təsdiq edilmiş qrafikə uyğun olaraq, kommunal xidmətlərin əməkdaşları tərəfindən yaşayış binalarında, o cümlədən lift kabinələrındə, həyət və yaşayış məhəllələrində, avtobus dayanacaqlarında, park və abad həyətlərdəki idman və əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında gündəlik tibbi profilaktik və dezinfeksiyaedici işlər görülür.
Eyni zamanda, əhali arasında maarifləndirmə işləri aparılaraq yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sakinlərə, ilk növbədə, virus əleyhinə vaksinasiya olunmağın vacibliyi izah edilir.