“Boşanmaların bir çox səbəbləri var. Lakin ilk və ümumi səbəbi xarakterlərin uyuşmamasıdır”. Bu sözləri SİA-ya açıqlamasında vəkil Nigar Əliyeva bildirib.

Onun sözlərinə görə, bir vəkil olaraq mənə müraciət edən şəxslərə həmişə boşanmağın yollarını izah etməzdən əvvəl, barışmağın daha yaxşı olacağını izah etməyə çalışıram, xüsusilə də ailədə uşaq varsa: “Çünki həmin ailənin dağılması gələcəkdə hər şeydən əvvəl ilk olaraq uşaqların psixologiyasına mənfi təsir göstərir. Bəzən elə olur ki, qanuna əsasən hakim həmin uşaqları məhkəmə iclasına dəvət edir və onları dindirir. Bütün bunları, uşaqların gələcək həyatlarını, psixologiyalarını nəzərə alaraq barışmaqlarını, biraz zaman keçməsini daha məqsədəuyğun görürəm. Səbəb soruşulduqda 100 faizdən 50 faiz olaraq xarakterlərinin uyuşmadığı bildirilir. Bunun da arxasında bəzi nüanslar dayanır. Ailədə xanımla bəyin dünyagörüşünün uyğun olmaması, onların xarakterlərinin bir-birinə uyğun olmadığını göstərən ilk amildir. Eyni zamanda qısanclıq, xanımların iş məsələsi və.s də problemə səbəb olan mövzulardandır. Düzdür, hazırda xanımların işləmək istəyini problemə çevirən bəylər demək olar ki, yoxdur. Lakin öz təcrübəmdən danışmalı olsam, hazırda da üzərində işlədiyim məsələ elə sırf bu mövzuyla bağlıdır. Həm xanım, həm də bəy ali savadlıdırlar, çox yaxşı yerlərdə işləyirdilər. Amma evləndikdən sonra yoldaşı qısqanmağa başlayır, və işləməməsini tələb edir. Bunu bəylərin xanıma güvənməməsi kimi təqdim etsələr də, əslində belə deyil. Bu tam olaraq bəylərin özgüvənsizliklərindən irəli gəlir. Daha sonra zaman keçir, uşaqlar dünyaya gəlir. Bir müddət sonra isə xanım düşünür ki, “mən özüm üçün yaşamıram”. Buna görə xanım da mənə boşanmaq üçün müraciət edib. Səbəb kimi də dünyagörüşlərinin, dünyaya baxışlarının tamamilə fərqli olmasını bildirib. İkinci ən çox rastlaşdığım səbəb isə xəyanətin olmasıdır. Həm də bu təkcə bəylərin deyil, eyni zamanda xanımların da xəyanəti çoxalıb. Hətta xəyanətə görə boşanmaq istəyən tərəfləri, uşaqları da digər tərəfdən almaq istəyirlər. Onu deyim ki, əvvəllər yəni, bizim ana-atalarımız, nənə-babalarımızın zamanında bu hallara görə boşanmalar çox azlıq təşkil edirdi. Çünki onda xanımlar boşandıqları təqdirdə cəmiyyətdə yaxşı qarşılanmayacaqlarını düşünürdülər. Amma indi bu xanımlar üçün maneə yaratmır”. Vəkil sözlərinə davam edərək bildirib ki, digər boşanma səbəbi isə ailədə şiddətin olmasıdır: “Bu mövzuda da eynilə əvvəllər xanımlar bəylərindən şiddət gördükdə sırf ailələrini dağıtmamaq, qoruya bilmək üçün səssiz qalırdılar. İndi isə xanımlar bu cür hallarla rastlaşdıqda polisə müraciət edir, daha sonra isə boşanmaq üçün ərizə yazırlar. Əslində mən bunu tərəfdarıyam. Çünki xanıma əl qaldırmaq, şiddət göstərmək düzgün deyil. Şiddətə də bir çox məsələlər səbəb kimi göstərilir. Yenə öz təcrübəmdən danışacam. Məsələn bəy içki aludəçisi idi və içib-içib xanımı döyürmüş. Xanım da hər dəfəsində qəbul edib, polisə müraciət etməyib. Lakin xanıma elə bir xəsarət yetirib ki, xanım artıq dözə bilməyib və müracəit edib. Hətta bu cür ailələrdə kişilər elə övladlarının gözü önündə xanıma şiddət göstərirlər. Təbii ki, bu da uşaqların psixologiyasına da, tərbiyəsinə də mənfi təsir göstərir. Sırf şiddət səbəbilə ilə boşanmağı da mən çox düzgün bir qərar kimi qiymətləndirirəm. Bütün bunlardan əlavə boşanmaların digər bir səbəbi isə maddi problemlərin ortaya çıxmasıdır. Əvvəllər insanlar sosial şəbəkələrdən o qədər də istifadə etmirdi. İndi isə demək olar ki, hər kəs sosial şəbəkələri aktiv şəkildə istifadə edir. Artıq hamımız bilirik ki, sosial şəbəkələrdə hər kəs həyatının yaxşı anını göstərir, heç kimi pisi yansıtmır. Bu halda isə bəzi xanımlar sosial şəbəkələrin də təsiri nəticəsində yoldaşlarından daha artığını istəyirlər. Dolana bilmədiklərini səbəb göstərərək, boşanmaq istəyirlər. Bu mövzuda isə fikir ayrılıqları yetərli qədər çoxdur. Bu mövzuda qadınlara bəzən haqq qazandırır, bəzən isə qazandırmıram. Adətən xanımlara izah etməyə çalışıram ki, ailənin yükü sadəcə kişilərin üzərində olmamalıdır. Siz də ali təhsil alıb, peşə sahibi olub, ailəyə yardım etməlisiz. Bundan əlavə isə boşanma halı baş verdik də öz ayaqlarınız üzərində durmağı bacarmalı, heç kimə möhtac qalmamalısınız. Ümumiyyətlə əvvəllər boşanma halları daha az idi, nəinki indi. Çünki insanlar kitaba daha çox bağlı idilər. İndi isə sosial şəbəkələrə bağlıdırlar. Lakin bilmək lazımdır ki, bütün problemlərin ilkin həlli düzgün maariflənmədən keçir. Kitablar oxuyaraq, psixoloq məsləhətləri ilə birgə ailəni qorumaq lazımdır. Konstitusiyada da qeyd olunduğu kimi “ cəmiyyətin əsas özəyi ailədir”.
Səbinə Hüseynli