"Hesab edirəm ki, yol təhlükəsizliyinin təmin olunması məsələsi təkcə qış aylarında deyil, hər gün, hər an və hər saat gündəm də olmalıdır". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib.
Onun sözlərinə görə, nəqliyyat sürücülərinin yol hərəkət qaydalarına riayət etməməsi, texniki cəhətdən nasaz vəziyyətdə saxlanılması, təkərlərə fikir verməmələri qəzalara səbəb olur: "Bu qəzaların və qorxulu vəziyyətlərin aradan qalxması üçün ilkin növbədə təbliğat işləri aparılmalı və təhlükəsizlik tədbirləri gücləndirilməlidir. Təbliğat elə bir şəkildə aparılmalıdır ki, sürücü onun etdiyi səhvin hansı fəsadlara səbəb ola biləcəyini bilməlidir. Məsələn, həmin səbəblərə görə, baş verən qəzaların statistikasını açıqlamaqla, qəzaların görüntülərini yaymaq, sağ qalan sürücüləri danışdırmaq və s. kimi təbliğat işləri aparılsa da təsirli olar. Yol polisi gücləndirilmiş iş rejimində çalışır və hava şəraiti ilə əlaqədar olaraq, vətəndaşların təhlükəsizliyini təmin edir. Lakin texniki cəhətdən nasaz avtomobil idarə edən sürücülərə nə qədər irad bildirilsə də, yenə də, xeyri yoxdur. Kimi də danışdırırsan imkanının olmaması ilə bağlı narazıçılığını bildirir. Onlar bilməlidirlər ki, bu imkan məsələsi deyil. İnsanlar bilməlidirlər ki, onun bu gün müəyyən məbləğ verib maşınının hər hansı bir nasaz yerini düzəltməsi onun həyatını xilas edəcək".