Dünyada, eləcə də dünyanın bir parçası olan Azərbaycanda COVID-19 pandemiyasının yayılma prosesinin davam etdiyi zamanda hər bir vətəndaş peyvənd olunmalı və özünü və yaxınlarını virusdan qorunmağa çalışmalıdır. Unutmamalıyıq ki, artıq iki ildir ki, bu virusla birgə həyat yaşayır və onun nə zaman bitəcəyi tarix isə bizə bəlli deyil. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına istinadən, dünyada COVID-19-a təsdiqlənmiş yoluxma hallarının sayının 305 milyonu keçməsi, ölüm hallarının sayının isə 5,48 milyon təşkil etməsi əlbəttə ki, kabus kimi başımızın üstündə dolaşan virusun təhlükəli olmasına dəlalət edir. Məlumdur ki, pandemiya başlayandan bəri antirekord yanvarın 6-da qeydə alınıb, həmin vaxt 24 saat ərzində 2 741 367 yoluxma halı aşkar edilmişdi.
Dövlətimiz tərəfindən bu virusun qarşısını almaq, yoluxma halının minuma endirilməsi məqsədi ilə zamanında qabaqlayıcı tədbirlər görülmüş və bu gün də belədir. Səhiyyə sahəsində çalışanların səyi ilə xəstəlik əleyhinə peyvəndlər aşkar edildikdən sonra birmənalı olaraq vurğulandı ki, əsas profilaktik vasitə vaksinasiya olunmaqdır. Təbii ki, sanitar-gigiyenik qaydalara əməl olunması, kütləvi toplaşmalardan uzaq durmaq da virusdan qorunmaq yolunda əsas vasitələr sırasındadır. Bu gün bir sıra dünya ölkələrində, eləcə də Azərbaycanda yeni aşkarlanan "omikron" ştammından qorunmaq üçün peyvəndlənmə yeganə çıxış yoludur. Azərbaycanda ölkə xaricindən gələn şəxslərdən götürülmüş nümunələrin 12-də yanvarın 10-da "omikron" variantının aşkarlanması onu göstərir ki, artıq virusun yeni ştapmı ilə üz-üzəyik. Ehtiyatsızlıq virusun qapımızı döyməsinə səsəb ola bilər. Dünya ölkələrinin statistik göstəricilərinə nəzər salsaq görərik ki, son günlərdə "omikron"a yoluxan insanların sayıda sürətlə artım müşahidə olunur. Mütəxəssislərin gəldiyi qənaətə görə, "Omikron"un ciddi qəbul edilməsi onda mutasiyaların sayının çoxluğu ilə əlaqədardır. Belə ki, bu ştammda 32 mutasiya aşkarlanıb. Bu, COVID-19-un ilk ştamları ilə müqayisədə ciddi fərqi ortaya qoyur. Eyni zamanda "omikron"un törətmə qabiliyyətinin yüksək olduğu əhalinin diqqətinə çatdırılıb. Əlbəttə ki, belə bir məlumat əsassız deyildi.
Azərbaycanda dövlətimiz tərəfindən qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində ölkəmizdə yoluxma sayında dünya ölkələri ilə müqayisədə yüksək diamika müşahidə olunmur. Bu gün "omikron" ştammından qorunmaq üçün peyvəndlənmə vacib hesab edilir. Hətta iki doza peyvənd alanlar 5 ay keçdikdən sonra "buster" doza vurdurmalıdırlar. Belə ki, vaksinasiyadan bir müddət sonra immunitet zəifləməyə başlayır ki, bu da virusa qarşı müqavimətin zəifləməsi deməkdir. Vətəndaşlar "buster" doza ilə peyvəndlənərək, xəstəliyə qarşı güclü immunitetin yaranmasına nail olmalıdır.
Azərbaycan öz vətəndaşlarını vaksinlə təmin olunmasına xüsusi önəm verir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin məlumatına istinadən 2022-ci ildə Azərbaycana yeni növ koronavirus (COVID-19) əleyhinə ümumilikdə 3 milyon 280 min doza vaksin gətirilməsi nəzərdə tutulub. Ölkəyə cari ildə 3 milyon 200 min doza Çin istehsalı olan "Coronavac", 80 min doza isə Rusiya istehsalı olan "Sputnik V" vaksini gətiriləcək. Bu ay ərzində isə Çindən ölkəyə 1 milyon 200 min doza "Sinovac" şirkətinə məxsus "Coronavac" vaksininin gətirilməsi nəzərdə tutulub.
Bu gün ölkəmizdə COVID-19 əleyhinə vaksinasiyada "Coronavac", "Sputnik V" və "Pfizer" vaksinlərindən istifadə olunur. Bütün dünyanı əhatə edən koronavirus pandemiyasının qarşısını almaq və yoluxma sayını minuma endirmək məqsədi ilə Azərbaycanda təxrəsalınmaz tədbirlər davamlı olaraq həyata keçirilir. Ölkəmizdə pandemiya ciddi nəzarət altında saxlanıldığından Azərbaycan "COVID-19"-la mübarizədə qabaqcıl ölkələr sırasındadır. Ölkəmizdə "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"na uyğun olaraq artıq xeyli sayda insanlar peyvənd olunub və vaksinasiya prosesi uğurla icra olunur. Yanvarın 12-nə olan məlumata əsasən, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 milyon 562 min 620, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 190 min 347, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 703 min 255 nəfər, "buster" doza ilə peyvənd olunanların sayı 1 milyon 669 min 18 nəfər təşkil edir.
Əlbəttə ki, görülən tədbirlər ölkəmizin bu virusdan az itki ilə çıxmasına və əhalinin sağlamlığının qorunmasına xidmət edir.
Nəzakət ƏLƏDDİNQIZI