Bu il Xocalı faciəsinin baş verməsinin 30 ili tamam olur. Təsadüfi deyil ki, Xocalı soyqırımı təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də insanlığa qarşı törədilmiş ən dəhşətli faciələrdən hesab olunur. Düz 30 il bundan əvvəl fevral ayının 25-dən 26-na keçən gecə qaniçən Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşmiş 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etmiş və dinc əhaliyə, günahsız insanlara misli görünməmiş qəddarlıqla, amansızcasına divan tutmuşdur. Həmin müdhiş faciə zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər vəhşicəsinə qətlə yetirilmiş, 1275 sakin girov götürülmüş, 150 nəfərin taleyi isə bu günədək naməlumdur. Bundan başqa 76 nəfəri uşaq olmaqla 487 nəfər Xocalı sakini şikəst edilmiş, 8 ailə isə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini və 130 uşaq isə bir valideynini itirmişdir. Şəhərin bütün maddi-mədəniyyət abidələrinin, demək olar ki, hamısı yerlə-yeksan edilmişdir.Qeyd edək ki, Azərbaycan tarixinin ən kədərli və dəhşətli hadisələrindən olan Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Cənab Prezident İlham Əliyev “Xocalı soyqırımının otuzuncu ildönümü haqqında” 28 yanvar 2022-ci il tarixində müvafiq Sərəncam imzalamışdır.Tarix göstərir ki, erməni silahlı qüvvələri həmişə, o cümlədən I və II Qarabağ müharibəsində də dinc, silahsız, əliyalın, mülki əhaliyə qarşı amansız olmuş, beynəlxalq hüquq və normalara əməl etməmiş, öz murdar xislətlərindən əl çəkməmişlər. Məhz bu məsələ də Sərəncamda xüsusi olaraq vurğulanmış və belə ümumiləşdirilmişdir: “Ermənistanın daim mülki əhalini hədəf seçən təxribatlarına və hərbi təcavüzünə cavab olaraq, 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı əzəli torpaqlarının işğaldan qurtarılması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə yetirilməsi və tarixi ədalətin bərpa edilməsi uğrunda Vətən müharibəsinə qalxdı. Vətən müharibəsinin gedişatında Ermənistanın Gəncəni, Bərdəni, digər şəhər və kəndlərimizi kütləvi məhvetmə imkanlarına malik ballistik və reaktiv raketlərlə, kasetli bombalarla hədəfə alması bir daha sübut etdi ki, zamanla metodlar dəyişsə də, mülki əhaliyə qarşı qanlı cinayətlər törətmək Ermənistan tərəfinin daim həyata keçirdiyi dövlət siyasətidir. 44 gün sürən döyüşlər nəticəsində rəşadətli Azərbaycan Ordusu parlaq qələbə qazanaraq doğma torpaqlarımızı işğaldan azad etdi”.Əlbəttə ki, Xocalı soyqırımına hüquqi qiymət verilməli və bu dəhşətli faciəni törədənlər öz layiqli cəzalarını almalıdırlar. Xalqımız heç bir zaman günahsız soydaşlarımıza qarşı törədilmiş bu faciəni unutmamalıdır və unutmayacaq. Daima Xocalı həqiqətləri işıqlandırılmalı, bütün dünyaya nümayiş olunmalıdır. Bu cəhətdən belə məqamlarda bütün cəhbələrdə və sahələrdə düşmənə qarşı müsəlləh əsgər kimi dayanmaq lazımdır.Qeyd edək ki, biz də həm I Qarabağ müharibəsinin iştirakçısı və veteranı kimi, həm də həmin hadisələrin şahidi olan sadə bir vətəndaş kimi Xocalı soyqırımı ilə bağlı baş verənləri illər əvvəl bədii şəkildə ümumiləşdirib poetik dillə ifadə etmişdik. Vətən torpağı uğrunda şəhid olan soydaşlarımızın ruhları qarşısında baş əyir və aşağıdakı misralarla hörmətlə anırıq:
Körpələrin nə günahı?
Güllələndi beşiyində!
Əsir oldu neçə insan,
Öz evində, eşiyində.
Xocalıda, Xocalıda!
Zülm ərşə dirək oldu,
Nə tüstü var, nə də ocaq!
Şəhidlərə kəfən oldu,
Qara torpaq qucaq-qucaq,
Xocalıda, Xocalıda!
Yaman kəsdi qarı düşmən,
Bağın yolun, dağın yolun.
İnsanları şikəst edib,
Kəsdi soldan, sağdan qolun,
Xocalıda, Xocalıda!
Sinəmizdə qövr elədi,
Ata dağı, baba dağı!
Yasa batdı elim, günüm,
Aman allah, bayramqabağı!
Xocalıda, Xocalıda!
Mənə siz də qərib deyin,
Başqa adı daşımıram.
O yurd mənsiz, mən yuvasız.
Xocalısız yaşamıram,
Xocalıda, Xocalıda!
Anaların naləsindən,
Bu yer, bu göy dağılmadı!
Güllə dəymiş ürəkləri,
Qan apardı, sağalmadı,
Xocalıda, Xocalıda!
Dağ görkəmin saxlamadı,
Güney getdi, quzey getdi!
Tankın, topun zərbəsindən,
Məbəd uçdu, muzey getdi,
Xocalıda, Xocalıda!
Orda dövran dönüb indi,
Dünya görmüş Xoca yoxdu.
Yanan yanıb, sönüb indi,
Gördüyümüz qoca yoxdu,
Xocalıda, Xocalıda!
Körpələrin nə günahı?
Güllələndi beşiyində!
Əsir oldu neçə insan,
Öz evində, eşiyində.
Xocalıda, Xocalıda!
Vahid Dumanoğlu
Xəzər rayonu, 323 saylı tam orta məktəbin müəllimi