PDF Oxu

Sosial

  • 3 765

Azərbaycan qadınları cəmiyyətin aparıcı qüvvəsinə çevrilib

Azərbaycan qadınları cəmiyyətin aparıcı qüvvəsinə çevrilib

1857-ci il martın 8-də ABŞ-ın Nyu-York ştatında qadınların kişilərlə bərabərhüquqlu olmaq uğrunda etiraz hərəkatı başlayıb. 1910-cu ildə Kopenhagen şəhərində alman sosialist qadın Klara Setkin 8 martın Dünya Qadınlar günü kimi qeyd olunmasına nail olub. 1977-ci ildə BMT Baş Assambleyasında 8 martın Beynəlxalq qadınlar günü kimi qeyd olunması rəsmi şəkildə elan olunub.Azərbaycan Respublikası istər SSRİ-nin tərkibində olduğu dövrdə, istərsə də müstəqillik qazandıqdan sonra 8 Mart Beynəlxalq Qadınlar gününü qeyri-iş günü kimi qeyd edir. Azərbaycan qadınları tariximizin bütün mərhələlərində xalqımızın tale-yüklü məsələlərinin həllində yaxından iştirak etmişdir. Tarix boyu müqəddəs ana şərəfini uca tutan qadınlarımız öz fədakarlığı ilə tanınmış, ölkəmizin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etmiş, vətənin müdafiəsində dövlətçilik ənənələrinin qorunmasında döyüş meydanlarında şücaət göstərmişdir.Qadın hökmdar Tomris ana, Nüşabə, Heyran Nisəbəyim, ilk diplomat qadınlarımız Sara xatun, Dəspinə xatun, Tuti Bikə, ictimai-siyasi fəaliyyətləri ilə seçilən Məhsəti Gəncəvi, Xurşudbanu Nətavan, Heyran xanım, Şahnigar xanım, Aşıq Pəri və başqaları öz müdrikliyi, istedadları, cəsarətləri ilə tariximizdə böyük izlər qoymuşlar. 1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyətinin “İstiqlal Bəyənnaməsində” bərabərhüquqluluq prinsipi təsbit edildi. Azərbaycan Şərqdə, müsəlman dünyasında qadınlara seçib-seçilmək hüququ verən ilk dövlət oldu. Nəinki Şərqdə hətta demokratiyanın beşiyi sayılan Avropa ölkələrindən Fransa (1944) və ABŞ- dan (1920), əvvəl Azərbaycan qadınları siyasi proseslərə qoşulmaq hüququ əldə etmişdir.Müasir Azərbaycan cəmiyyətində qadın siyasətinin əsasını Ulu Öndər Heydər Əliyev qoymuşdur. Ümumilli Lider H. Əliyev qadınların rolunu yüksək qiymətləndirmiş və qeyd etmişdir: “Qadın bəşəriyyətə yaraşıq, zinət, insanlığa şərəf, şan-şöhrətdir. Qadın ucalıq, ülvilik məbədidir, ismət, qeyrət, qüdrət rəmzidir”. Heydər Əliyevin qətiyyətli addımları nəticəsində qadınlarımızın ictimaisiyasi həyata transformasiyası, dövlət idarəçiliyində təmsilçiliyi xeyli genişlənmiş, onun qoyduğu bu ənənələr Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. 2006-cı ildə Milli Məclis tərəfindən “Gender bərabərliyi təminatları haqqında” qanun, 2010-cu ildə “ Məişət zorakılığının qarşısının alınması haqqında” qanun qəbul olunması qadın məsələlərinin hakimiyyətin diqqət mərkəzində olmasının təzahürüdür.Çağdaş Azərbaycan cəmiyyətində qadın hərəkatının formalaşmasında, onların hüquqlarının qorunmasında 1-ci Vitse Prezident, Heydər Əliyev fondunun Prezidenti, UNESCO və İSESCO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti danılmazdır. Mehriban xanım öz intellektual enerjisini, xeyirxahlıq missiyasını, cəmiyyətimizin, mədəniyyətimizin inkişafına sərf etmiş, nəcib, humanist, insanpərvərlik xarakteri ilə modern Azərbaycan qadınının obrazını yaratmışdır. İstər ölkə daxilində, istərsə də xaricdə böyük humanitar layihələri ilə Azərbaycan qadınının mərhəmət və xeyirxahlığını, yüksək əxlaqi dəyərlərə malik olduğunu əks etdirmişdir.Göstərdiyi xidmətlərinə görə Qızıl Ürək Beynəlxalq mükafatına, Heydər Əliyev mükafatına, Fransanın Şərəf Legionu ordeninə, UNESCO-nun Qızıl Motsart medalına və.s layiq görülmüşdür. Respublikamızda bərqərar olan demokratik mühit ölkə qadınlarının zəngin potensialının inkişaf səviyyəsinin genişlənməsinə böyük imkanlar yaratmışdır. Azərbaycan dövlətinin qadınlarla bağlı həyata keçirdiyi siyasət bütövlükdə qadınların bərabərhüquqluluğunun qorunması, onların dövlət və ordu quruculuğunda fəaliyyətlərinin genişlənməsinə böyük imkanlar yaradır və dövlət siyasətinin əsas tərkib hissəsidir. 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə qadınlarımızı, ana və bacılarımızı ürəkdən təbrik edirəm, can sağlığı, firavanlıq, əmin-amanlıq arzulayıram.

Əli İbrahimov
Xəzər rayonu,156 nömrəli tam-orta məktəbin müəllimi

Digər xəbərlər