1 Aprel Ümumdünya Gülüş günüdür. Bu günün meydana gəlməsi ilə bağlı müxtəlif rəvayətlər mövcuddur. Ən çox yayılmış rəvayətlərdən biri də gülüş gününün Romada yaranması ilə bağlıdır. Romada təxminən 2000 il əvvəl hazırkı gülüş gününə oxşar bayramlar təşkil edilirmiş və bu bayramı ağılsızların günü adlandırırlarmış. Hər şey isə qapı qulluqçularından birinin imperator Konstantinə zarafatla gülüşün dövlətə onun özündən çox fayda verə biləcəyini deyəcək qədər ürəklənməsindən başlayıb. Digər versiya isə Pasxa ilə əlaqədardır. Bildirilir ki, məhz aprelin 1-də müəyyən ölkələrdə Pasxa öncəsi yaz bərabərliyinin başlanğıcı kimi anılıb. Deyilənə görə, insanlar yeni ilin ilk gününü şən zarafatlarla keçiriblər. Belə adamları ələ salır, onlara axmaq hədiyyələr verir, özlərini isə aprel axmaqları adlandırırdılar. Bəs görəsən şəhər sakinləri bu günü qeyd edirlərmi? SİA olaraq şəhər sakinləri arasında sorğu keçirdik:
Şəhər sakini Səma Məmmədova: "Əslində bu gün uşaqlar üçün daha maraqlıdır. Çünki onlar deyib gülməyi, zarafatlaşmağı daha çox sevirlər. Məktəbdə dostları ilə əylənirlər. Mənim üçün bu günün elə bir əhəmiyyəti yoxdur. Bu gün heç kəsə zarafat etmədim. Mənim üçün normal bir gündən fərqi yoxdu".
Şəhər sakini Şəfiqə Baxşəliyeva: "Gülüş günü mənə görə əhəmiyyətli bir gün deyil. Bir yerdə oxumuşdum ki, bu gün əslində xristianların müsəlmanları aldadaraq onların öldürüldüyü gündür. Ona görə düşünürəm ki, bu günü qeyd etmək mənasızdır".
Şəhər sakini Məlahət Ağayeva: "Nəvələrim bu gün məni aldatdılar. Dedilər ki, nənə, pulun yerə düşüb. Baxdım ki, yerdə pil yoxdu. Başladılar gülməyə. Dedilər ki, nənə, bu gün bir apreldir. Nəvələrimin gülməyi əlbəttə ki, məni sevindirir. Bu gün uşaqlar üçün daha maraqlıdır".
Şəhər sakini Nigar Rüstəmova: "Uşaq olanda daha çox zarafatlar edirdik. Dostlarımızla, sinif yoldaşlarımızla əylənirdik. Böyüdükcə bu gün öz əhəmiyyətini itirir".
Şəhər sakini Tahirə Bağırova: " 1 Aprel gülüş günüdür. Əyləncəli bir gündür. Bu gündə zarafat edərək əylənirik. Hər 1 apreldə ətrafımdakı dostlarımla zarafatlaşır, əylənirik. Gülməyin günü yoxdur əslində".
Şəhər sakini Afət Əliyeva: "1 aprel mənim üçün normal günlərdən biridir. Məncə, belə bayramlar əhəmiyyərsizdir. Bu gün uşaqlar üçün daha əyləncəlidir ki, dostlarını aldadırlar. Onların ən sevdikləri günlərdəndir".