1 dekabr Ümumdünya QİÇS-lə Mübarizə Günü fonunda acı gerçəklər
QİÇS dünyanın bütün ölkələrində var və böyük sürətlə də artmaqda davam edir. Belə hesab edilir ki, hər il yoluxmuş və xəstə şəxslərin sayı 2 dəfə artır. Xəstəlik XX əsrin 50-ci illərində Mərkəzi Afrikada başlayıb və yeni mutant virus yerli əhaliyə meymunlardan keçib. Afrikadan isə xəstəlik Haiti adalarına, sonra isə Amerika və Qərbi Avropaya yayılıb.
Qazanılmış İmmun Çatışmazlığı Sindromu bütün dünyada çox geniş yayılmaqda olan, müasir təbabət elminin və səhiyyənin, o cümlədən də dünya birliyinin ən qlobal problemlərindən hesab edilən bir patologiyadır. Virus mənşəli infeksion xəstəlik olan QİÇS immun sistemin tam depressiyasına, infeksiyalara qarşı orqanizmin ümumi müqavimətinin kəskin zəifləməsinə, onkoloji xəstəliklərin inkişafına və s. bu kimi ağır vəziyyətlərə gətirib çıxarır ki, bütün bunlar da ölümlə nəticələnir.
Xəstəliyin adı, əslində, HİV – Human İmmunodeficiency Virus, yəni İİV – İnsan İmmunçatışmazlıq Virusudur. QİÇS isə bu infeskiyanın sonunda, onun ağırlaşması və son nəticəsi kimi meydana çıxan bir əlamətdir. Lakin bu infeksiyanın ilk dəfə öyrənildiyi vaxtdan etibarən onun adına QİÇS deyildiyi üçün bu günə qədər də bu xəstəliyin adlandırılmasında bu termindən istifadə edilir. Xəstəlik 1981-ci ildə kaliforniyalı həkim Maykl Hotlib tərəfindən ABŞ-da homoseksuallar arasında aşkar olunub.
İİV/QİÇS ilk aşkar edildiyi 1980-ci illərdən bəri, din, dil, irq, cinsiyyət və ölkə ayrı-seçkiliyi olmadan sürətlə yayılaraq ölkə iqtisadiyyatına böyük zərər verir, səhiyyə xərclərini külli miqdarda artırır. Hələ effektiv peyvəndi olmayan HİV/AİDS-lə mübarizənin ən təsirli yolu bu virusun ötürülmə yollarını bilməklə effektiv şəkildə qorunmaqdır.
Birləşmiş Millətlər Təşkilatının HİV/AİDS üzrə Birgə Proqramının (UNAIDS) hesabatında bildirilir ki, 2021-ci ildə İİV-ə yoluxanların sayı təxminən 38,4 milyon nəfər olub. 2022-ci il hesabatına əsasən, 2021-ci ildə dünyada 650 min insan İİV/AİDS-lə bağlı səbəblərdən dünyasını dəyişib, 1,5 milyon insan isə İİV-ə yoluxub. Hesabatda 2023-cü ildə qlobal miqyasda 630 000 insan QİÇS ilə əlaqəli xəstəliklərdən öldüyü bildirilir. QİÇS-in ilk aşkar edildiyi vaxtdan – 1980-ci ildən bəri bu xəstəlikdən 42,3 milyon insan ölüb.
İİV/QİÇS-lə bağlı əhalinin maarifləndirilməsi məqsədilə 1988-ci ildən 1 dekabr Ümumdünya QİÇS-lə Mübarizə Günü kimi qəbul edilir. Qlobal sağlamlıq kampaniyası olan Ümumdünya QİÇS-lə Mübarizə Günü Ümumdünya Səhiyyə Təşkilatı “Bərabərliyi təmin et” mövzusunda tədbirlər keçirir. 1 dekabr Ümumdünya QİÇS-lə Mübarizə Günü xəstəliyin tanınması, erkən diaqnoz, erkən müalicə və effektiv qoruyucu tədbirlər üçün xəbərdarlıq rolunu oynayır.
QİÇS-lə bağlı ölümlər 2004-cü ildə pik həddinə çatdıqdan sonra 2010-cu ilədək 69%, 2010-cu ildən isə 51% azalıb. 2004-cü ildə 2,1 milyon və 2010-cu ildə 1,3 milyon insan olduğu halda, 2023-cü ildə dünya üzrə təxminən 630 000 insan QİÇS-lə əlaqəli xəstəliklərdən ölüb. 2025-ci il üçün hədəf 250 000-dən azdır. 2010-cu ildən bəri QİÇS-lə bağlı ölüm halları qadınlar və qızlar arasında 56%, kişilər və oğlanlar arasında isə 47% azalıb. 2023-cü ildə dəqiqədə bir nəfər HİV-dən ölür.
QİÇS-ə cinsi əlaqə zamanı qoruyuculardan istifadə etmədikdə, narkomanlar arasında eyni şprisdən istifadə zamanı, tatuaj zamanı eyni iynə ilə bir neçə nəfər tatu olunduqda, QİÇS-li ana uşağını əmizdirdikdə və qan köçürmə zamanı yoluxurlar.
UNAIDS-in bu ilin iyul ayında açıqladığı son hesabatda bildirilir ki, kritik anda dünya liderlərinin 2030-cu ilə qədər QİÇS-i ictimai sağlamlıq təhlükəsi kimi aradan qaldırmaq öhdəliyinə əməl edib-etmədiyi araşdırılacaq. Bildirilir ki, 2023-cü ildə İİV üçün mövcud olan ümumi resurslar (19,8 milyard ABŞ dolları) 2022-ci ilə nisbətən 5% azalıb və 2025-ci ilə qədər tələb olunan məbləğdən (29,3 milyard ABŞ dolları) 9,5 milyard ABŞ dolları az olub. HİV üçün ümumi resursların 59%-ni təşkil edən aşağı və orta gəlirli ölkələrdə daxili maliyyələşdirmə borc böhranı ilə məhdudlaşdırılır. 2022-ci ildən 2023-cü ilə qədər 6% azalma ilə artıq ardıcıl dördüncü ildir ki, maliyyə azalır.
Azərbaycanda ilk dəfə İİV infeksiyası 1987-ci ildə aşkar edilib. Ölkəmizdə bu infeksiya yoluxma əsasən yüksək riskli qruplar arasında yayılıb. Hazırda Respublika QİÇS-lə Mübarizə Mərkəzində 8202 İİV-lə yaşayan Azərbaycan vətəndaşı rəsmi qeydiyyatdadır. Onlardan 5704-i (69,6%) kişi, 2498-i (30,4%) qadındır. 2022-ci ildə Qazanılmış İmmun Çatışmazlığı Sindromu ilə daha 89 nəfər qeydə alınıb.
Vətəndaşlar arasında 1987-2022-ci illərdə aşkar olunan İİV-ə yoluxma hallarının 36,7 faizi inyeksion narkotik istifadəsi nəticəsində,52,5 faizində heteroseksual, 4,3 faizində homoseksual kontakt nəticəsində, 1,6 faizində anadan uşağa keçməklə, 0,01 faizində (1 nəfər) donor qanının köçürülməsi nəticəsində baş verib. 4,9 faizində yoluxma yolu müəyyən edilməyib.
2023-cü ildə həyatında ilk dəfə təyin olunmuş diaqnozla İnsanın İmmunçatışmazlığı Virusunun (İİV) törətdiyi xəstəliklə 886, Qazanılmış İmmunçatışmazlığı Sindromu (QİÇS) virusunun törətdiyi xəstəliklə 169 nəfər qeydə alınıb. 2023-cü ilin sonuna olan məlumata görə tibb müəssisələrində qeydiyyatda olan İİV xəstələrinin sayı 10692, QİÇS xəstələrinin sayı isə 2844 nəfərdir. Tibb müəssisələrində qeydiyyatda olan QİÇS xəstələrindən 22 nəfər 0-17 yaş aralığında olan şəxslərdirlər.
İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında Azərbaycan Respublikasinin Qanunu var. 2010-cü ildə qəbul edilən bu Qanun Azərbaycan Respublikası ərazisində insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin profilaktikasının, diaqnostikasının, müalicəsinin, İİV-lə yaşayan şəxslərə tibbi və sosial-psixoloji yardım göstərilməsinin hüquqi əsaslarını müəyyən edir, bu sahədə yaranan münasibətləri tənzimləyir.
İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanunundan, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
İİV infeksiyası ilə mübarizə üzrə milli strategiyanın və dövlət proqramlarının qəbul edilməsi və həyata keçirilməsini nəzərdə tutan qanun, İİV infeksiyası ilə mübarizə üzrə xidmətlərin ölkənin bütün ərazisində təşkilinin təmin edilməsini təmin edir. Bura, əhalinin İİV infeksiyası və onunla mübarizə sahəsində hərtərəfli məlumatlandırılması və maarifləndirilməsi, yüksək riskli əhali qrupları arasında İİV infeksiyasının səmərəli profilaktikası üzrə kompleks tədbirlərin həyata keçirilməsi də daxildir.
İİV olan şəxslərin tibbi müayinəsinin anonimliyinə və konfidensiallığına təminat verilir, İİV-li insanın tibbi müayinəsinin dövlət tibb müəssisələrində pulsuz həyata keçirilməsi, tibbi müayinənin testdən əvvəl və testdən sonrakı psixososial məsləhətlərlə müşayiət olunması, tibbi müayinənin məlumatlandırılmış razılıq əsasında həyata keçirilməsi və xəstəliklə mübarizə sahəsində epidemioloji nəzarət, monitorinq və qiymətləndirilmə sisteminin təşkili, tibbi prosedurların, eləcə də diaqnostik, müalicəvi və elmi məqsədlərlə istifadə olunan qanın, qan komponentlərinin, digər bioloji mayelərin, orqan və toxumaların təhlükəsizliyinin təmin edilməsini dəstəkləyən qanun yoluxma riski olan tibb işçilərinin və digər mütəxəssislərin təhlükəsiz əmək şəraiti ilə və zəruri qoruyucu vasitələrlə təmin edilməsini də təmin edir.
İİV-in anadan uşağa ötürülməsinin profilaktikasının təmin edilməsi, İİV-lə yaşayan şəxslərin və İİV infeksiyasından zərər çəkmiş şəxslərin qanunvericiliklə müəyyən edilmiş qaydada sosial müdafiəsi, mütəxəssislərin hazırlanması, tibb işçilərinin bilik və bacarıqlarının artırılması üçün şəraitin yaradılması da bu qanunla tənzimlənir.
Bütün dünyada olduğu kimi, ölkəmizdə də İİV/QİÇS-in yayılmasının məhdudlaşdırılması, hətta dayandırılması, ilk növbədə, yoluxma yolları və qorunma yolları haqqında cəmiyyətin maarifləndirilməsi ilə mümkün olacaq.
Lalə Mehralı
Agentlik sədri: Bir neçə ali məktəbdə ibtidai sinif müəllimliyi üzrə akkreditasiyanın iki aya yekunlaşacağı gözlənilir