Cəmiyyət

  • 626

İxtisas seçimi: əmək bazarını nəzərə alın

image

Diplom xətrinə perspektivsiz ixtisas oxumaq, yoxsa lazımlı peşəyə yiyələnmək?

Universitet təhsili insanın peşəkar və şəxsi inkişafında mühüm rol oynayır, ixtisas seçimi isə gələcək həyatını formalaşdıran vacib şərtlərdən biridir. Bu kontekstdə universitet və ixtisas seçərkən nəzərə alınmalı olan əsas amillər böyük əhəmiyyət kəsb edir. Harada oxumalı, hansı universiteti seçməli, hansı ixtisas daha perspektivlidir kimi suallar düzgün analiz edilməli, dəqiq qərar verilməlidir.

Son 100 ildə baş verən texnoloji inkişaf, bütövlükdə bütün tarixi hadisələrdən daha sürətli baş verib. Texnologiya inanılmaz sürətlə irəliləyir, eyni zamanda bir çox peşənin irəliləməsinin qarşısını alır. Üstəlik, bu üstələməyə təkcə texnologiya deyil, eyni zamanda elmi, sosial, mədəni, ekoloji və iqtisadi inkişaflar da çox təsir edir. Ona görə peşə seçərkən, ixtisas axtarışında olarkən bu xırdalıqları unutmamaq, dövr ilə ayaqlaşan ixtisas seçmək lazımdır.

Mütəxəssislər deyir ki, ixtisas seçimi üçün diqqət ediləcək məqamlar çoxdur. Ümumi qəbul planı, universitetlərdə ixtisaslar üzrə qəbul planı, dövlət sifarişli yerlərin sayı, bal aralıqları, keçən ilin keçid balları ixtisas seçimi zamanı vacib olan əsas məlumatlardır. Bundan əlavə, son 3 ilin analizini, keçid balını keçən abituriyentlərin sayını, abituriyentin maraq dairəsini, ixtisasların gələcək iş imkanlarını, universitetlərin müqayisəsini bilmədən ixtisas seçimi peşmanlıqla nəticələnə bilər. Ekspertlər əvvəlki illərin ballarına istinadən ixtisas seçimi etməyi doğru hesab etmir.

Abituriyentlər ixtisas seçimi edərkən mütləq günümüzün tələbatlı ixtisaslarını seçməklə yanaşı, əmək bazarında iş imkanları geniş olan ixtisas olmasına diqqət etməlidir. Elə məşhur ixtisaslar da var ki, ölkəmizin əmək bazarında məhdud imkanlara sahibdir. Təhsil eksperti Ramin Nurəliyev deyir ki, hazırda yüzlərlə ali təhsil müəssiəsini bitirənlər var ki, düzgün ixtisas seçimi etmədikləri üçün işsizdir və yaxud da, arzuladığı yerlərdə işləmirlər: “Düzgün karyera qurmaq üçün düzgün ixtisasa yiyələnmək lazımdır. Əgər bir abituriyent müəllim kimi özünü görmürsə, onun bu ixtisası seçməsi düzgün deyil. Gələcəkdə müəllim işləməyən birinin müəllimlik ixtisasını 4 il oxuması israfçılıqdır. Bununla yanaşı bəzi iş imkanları məhdud olan ixtisaslar var ki, abituriyentlər ya məcbur seçim edir, ya da bilmədən seçir. Bitirdikdən sonra da günahı başqa yerlərdə axtarır.”

Ekspert bildirir ki, abituriyentlər ixtisas seçimi edərkən real ölkəmizdəki tələbatları, gələcək karyerasını nəzərə alaraq düzgün seçim etməlidir. Öz prespektivinizə və potensialınıza uyğun olmayan, o sahədə işləmək istəmədiyiniz ixtisasları seçməyin. Cihaz muhəndisliyini, robototexnika mühəndisliyini seçim etmək üçün Yaponiyada magistr oxumaq yaxşı olardı. Bu imkanlardan məhrumsunuzsa, o ixtisasları seçməyin. Xüsusilə də, bəzi qızların beynəlxalq münasibətlər, regionşünaslıq ixtisasını bitirdikdən sonra işsiz qalmaması üçün dərin analiz etməsi lazımdır. 4 il sonra ailə qura bilər və ailəsi xaricə getməsinə razı olmaya bilər. Bu ixtisası bitirənlərin iş imkanlarının yarısı xarici olkələrdə olur”.

Bilmək lazımdır ki, seçdiyiniz ixtisas ömrünüzün sonuna kimi insan taleyini həll edəcək. Hüquqşünas olmaq potensialınız yoxdursa 4 il universitetdə oxuyaraq sonra diplomlu işsiz kimi evdə oturmalı olacaqsınız. Çünki ölkəmizdə artıq öz ixtisasını sevməyən gənclər ordusu formalaşır. İxtisas seçimi zamanı valideynlərin fikri də ciddiyə alınmalı, düşüncələri diqqətlə dinlənməlidir. Valideynin övladın yerinə ixtisas seçməsi doğru deyil, amma valideynin məsləhəti ilə ixtisas seçmi olması daha uğurlu ola bilər. Çünki valideyn artıq ölkənin əmək bazarını, hansı sahədə işsizliyin çox olduğunu bilir, həyatı yeni başlayan gəncdən daha çox təcrübəsi var.

Lalə Mehralı

Digər xəbərlər