Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı, ICESCO-nun dəstəyi ilə Şuşa şəhərində keçirilən "Şuşa şəhərinin İslam memarlıq irsi" adlı simpoziumun ikinci günü başa çatıb. SİA xəbər verir ki, oktyabrın 13-dək davam edəcək simpoziumda Azərbaycan, Türkiyə, Misir, BƏƏ, Tunis, Keniya, İordaniya, İtaliya, Mərakeş, Səudiyyə Ərəbistanı və Böyük Britaniyadan olan 80-dən çox memar iştirak edir.
Simpoziumun açılış mərasimində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov, UNESCO-nun nümayəndəsi Pietro Laureano, ICESCO rəsmisi Bilal Çələbi çıxış edərək, Şuşa memarlığının özəlliyindən danışıb, İslam dünyası memarlığının tarixi və önəmi baxımından bu tədbirin memarlıq sahəsinin inkişafı üçün böyük töhfə olacağını bildiriblər.
Rəsmi hissədən sonra simpozium panel müzakirələrlə işini davam etdirib. Panel sessiyalarda "Tarixi şəhər toxumasının regenerasiyası", "Abidələrin müasir həyatı" mövzularında təqdimatlar, moderator və auditoriya müzakirələri olub. Memarlar təcrübələrini bölüşərək, fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, oktyabrın 11-də işə başlayan simpozium Şuşa şəhərinin 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan edilməsi ilə əlaqədar hazırlanan tədbirlər planı çərçivəsində keçirilir.
Simpoziumun ilk günü Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov və qoruğun memarları qonaqları Şuşa şəhərinin tarixi-memarlıq abidələri, bərpa olunan məscidləri, qala divarları ilə yaxından tanış ediblər. Qədim tarixi mədəniyyət abidələri ilə zəngin olan Şuşa şəhərinin bərpası istiqamətində həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri və abadlıq, quruculuq, yenidənqurma işlərinin davam etdirilməsi barədə məlumat verilib, şəhər gəzintisi təşkil edilib.
12:33
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı, ICESCO-nun dəstəyi ilə Şuşa şəhərində "Şuşa şəhərinin islam memarlıq irsi" adlı simpozium işə başlayıb. Simpozium Şuşa şəhərinin 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan edilməsi ilə əlaqədar hazırlanan tədbirlər planı çərçivəsində keçirilir.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, simpoziumda Azərbaycanla yanaşı, Türkiyə, Misir, BƏƏ, Tunis, Keniya, İordaniya, İtaliya, Mərakeş, Səudiyyə Ərəbistanı və Böyük Britaniyadan olan 80-dən çox memar iştirak edir.
Simpozium panel müzakirələrlə davam edəcək. Panel sessiyalarda "Tarixi şəhər toxumasının regenerasiyası", "Abidələrin müasir həyatı", "Dayanıqlı memarlıq, material, layihə, icra" mövzularında müzakirələr aparılacaq. Simpozium oktyabrın 13-də başa çatacaq.
Qeyd edək ki, simpoziumun ilk günü – oktyabrın 11-də Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İcraçı direktoru Tural Novruzov və qoruğun memarları əcnəbi memarları Şuşa şəhərinin tarixi-memarlıq abidələri, bərpa olunan məscidləri, qala divarları ilə yaxından tanış ediblər. Qədim tarixi mədəniyyət abidələri ilə zəngin olan Şuşa şəhərinin bərpası istiqamətində bu gün həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri və abadlıq, quruculuq, yenidənqurma işlərinin davam etdirilməsi barədə qonaqlara geniş məlumat verilib, şəhər gəzintisi təşkil olunub.