Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi geniş məzmunlu müsahibə Azərbaycan-Özbəkistan münasibətlərinin hazırkı səviyyəsini və gələcək inkişaf perspektivlərini əhatə edən mühüm siyasi sənəd kimi dəyərləndirilir. Cənab Prezident müsahibə boyunca təkcə iki ölkə arasındakı qardaşlıq münasibətlərini deyil, həm də regional əməkdaşlıq məsələlərini ön plana çıxararaq, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında formalaşmış strateji əməkdaşlığın artan dinamika əsasında irəlilədiyini vurğulamışdır.
Ölkə başçısı bildirib ki, Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələri ümumi tarixi, mədəni və dil yaxınlığı üzərində qurulub. Xalqlarımızı birləşdirən bu mənəvi dəyərlər, xüsusilə də Azərbaycan ilə Özbəkistan arasında münasibətlərin inkişafında xüsusi rol oynayır. Cənab Prezident Özbəkistanı Azərbaycan üçün “qardaş ölkə və etibarlı müttəfiq” kimi səciyyələndirərək, bu əlaqələrin möhkəm təməllər üzərində dayandığını vurğulamışdır. O, həmçinin Özbəkistan Prezidenti cənab Şavkat Mirziyoyevlə səmimi dostluq münasibətlərinə malik olmasının iki ölkə arasında əməkdaşlığın daha da genişlənməsinə xüsusi təkan verdiyini qeyd etmişdir.
Müsahibədə iqtisadi əməkdaşlıq məsələləri ətraflı şəkildə izah olunmuşdur. Möhtərəm Prezident iki ölkə arasında ticarət dövriyyəsinin son illərdə əhəmiyyətli artım nümayiş etdirdiyini, müxtəlif sahələrdə birgə layihələrin uğurla həyata keçirildiyini bildirmişdir. O, Azərbaycanla Özbəkistan arasında sənaye, kənd təsərrüfatı, tikinti və logistika sahələrində geniş əməkdaşlıq imkanlarının mövcud olduğunu vurğulamışdır.
Nəqliyyat-kommunikasiya infrastrukturunun inkişafı, xüsusilə “Orta Dəhliz”in strateji əhəmiyyəti müsahibənin əsas mövzularından biri olmuşdur. Ölkə başçısı Azərbaycanın tranzit ölkə kimi rolundan danışaraq, Xəzər dənizinin region dövlətləri üçün mühüm körpü funksiyası daşıdığını, Ələt Limanı və digər nəqliyyat layihələrinin Mərkəzi Asiya ilə əlaqələrin daha da intensivləşməsinə şərait yaratdığını qeyd etmiş, eyni zamanda Zəngəzur dəhlizinin açılmasının Mərkəzi Asiya ölkələri üçün yeni logistik imkanlar yaradacağını diqqətə çatdırmışdır.
Müsahibə enerji sahəsində əməkdaşlıq da mühüm yer tutmuşdur. Möhtərəm Prezident Azərbaycanın neft, qaz və neft-kimya məhsullarının Özbəkistana ixracının genişləndirildiyini, həmçinin bərpa olunan enerji üzrə birgə layihələrin nəzərdən keçirildiyini, bu sahədə əməkdaşlığın region ölkələrinin energetik təhlükəsizliyinin möhkəmlənməsinə xidmət edəcəyini söyləmişdir.
Humanitar əməkdaşlıq da müsahibədə xüsusi yer almışdır. Ölkə başçısı xalqlarımız arasında mədəni əlaqələrin daim inkişaf etdiyini, qarşılıqlı mədəni tədbirlərin, şəhərlərarası tərəfdaşlıq layihələrinin bu münasibətləri daha da dərinləşdirdiyini söyləmişdir. Cənab Prezident Özbəkistanın Qarabağın bərpasına göstərdiyi dəstəyi, xüsusilə Füzulidə inşa edilən Mirzo Uluqbəy adına məktəbi yüksək dəyərləndirərək, bunu qardaşlıq rəmzi kimi qiymətləndirmişdir.
Ümumilikdə, möhtərəm Prezident cənab İlham Əliyevin Özbəkistan Milli İnformasiya Agentliyinə verdiyi müsahibə iki ölkə arasında strateji əməkdaşlığın hazırkı vəziyyətini tam şəkildə əks etdirir.
Nazim BÜNYATOV
YAP Ağcabədi rayon təşkilatının sədr müavini