Gecənin sükutunu pozan, gündüzün hay-küyünə qarışan bir səs var - alışdığımız, diqqətimizi çəkən və bir az da təəssüf doğuran səsdir. Bəzən yol verən olmur, bəzən maneəyə tuş gəlir, bəzən də süni əngəllər yaradılır onların hərəkətinə. Təcili Tibbi Yardım maşınlarının yollarda üzləşdiyi çətinliklər, problemlər və əngəllər sürücü və ya piyada olmağımızdan asılı olmayaraq hamımızı narahat etməlidir.
Bu problemin həlli cəmiyyət üçün çox vacibdir və həllində məhz hər birimizin dəstəyi gərəkdir. Təcili yardım maşınları və onların şəhər yollarında hərəkətinin tənzimlənməsi tək yol hərəkəti qaydalarına nəzarət edən polislərdən yox, hər bir vətəndaşdan asılıdır.
Məlumat üçün bildirək ki, tıxac problemləri olan böyük şəhərlərdə - Moskvada, Nyu-Yorkda, Parisdə təcili tibbi yardım maşinlarının, o cümlədən, fövqəladə və digər operativ xidmətlərin maşınlarının həyəcan siqnalı eşidilən kimi mütləq qaydada orta xətt boyu ilə yol boşaldılır. Sürücülər avtomobillərini sağa və sola sıxmaqla orta zolağı açırlar və operativ nəqliyyat vasitələrinin maneəsiz yolu keçməsinə imkan yaradırlar.
Bu kömək sayəsində tibbi, fövqəladə və ya texniki yardıma tələsən maşınlar orta zolaq ilə maneəsiz olaraq yüksək sürətlə hərəkət edə bilirlər. Bununla da insanların həyatının xilasında, fəlakətlərin nəticələrinin aradan qaldırılmasında sivil insanlar, sürücülər vətəndaşlıq borclarını yerinə yetirmiş olurlar. Lakin Bakıda təəssüf ki, belə deyil. Bizim ölkəmizdə təcili tibbi yardım maşınlarının problemləri əsasən paytaxtda yaranır, ona görə ki, Bakı gərəkdiyindən çox yüklənib, istər insan, istər də avtomobil-texnika baxımından. İndi Bakının mərkəzi küçələrində hərəkət etmək piyadalar üçün çətinləşib, o ki qaldı harasa yetişməyə çalışan təcili yardım maşınları.
Düzdü, xəstə üstünə çağırılan təcili yardım xidməti də parlaq fəaliyyət göstərmir, təcioli xidmət yerinə ləng xidmət göstərirlər, bunun özü problemdir. Lakin üstəlik də yollarda ləngidilir. Bakı şəhərinin bir çox küçələrində yaranmış nəqliyyat sıxlığı və tıxaclar, qeyri-nizami yol, avtomobil park əraziləri də təcili yardım xidmətinin ünvana tez çatmasına mane olur. Ancaq problemlərin başlıcası sürücülərin təcili yardım maşınlarına etinasız yanaşması, yol verməməsindən qaynaqlanır. Yol verməmək bir yana, bəzi səriştəsiz sürücülərin məsuliyyətsizliyi, normal idarə edə bilmədiyi avtomobilinin təcili yardımın hərəkətinə törətdiyi böyük maneə də ayrı bir problemdir
Birinci səbəb işıqforlarda qoyulmuş nəzarət kameralarıdır. Belə ki, işıqforda yolun açılmasını gözləyən sürücülər arxadan siqnal verən təcili yardım maşınına yol vermək üçün avtomobilini ya sağa və ya sola sıxmalıdır, ya da qırmızı işıqda yolu keçməlidir. Yollardakı vəziyyət sağa-sola sıxmanı mümkünsüz edir, zolaqlar tam yüklü olur. Nəzarət kameraları da qırmızı işıqda keçəın avtomobili qeydə alır, yol hərəkət qaydaları pozulduğu üçün sürücünün cəza almaq ehtimalı var. Sürücü cəza alacağını bilə-bilə qırmızı işıqda yolu keçib ambulansa yol açmaq istəmir. Təcili yardım maşını isə ya xəstəyə çatmaq üçün, ya da xəstəni xəstəxanaya çatdırmaq üçün tələsir.
Yol mədəniyyətdir, dünya ölkələrində yollar salınarkən məhz mədəni qaydalar əsas götürülür. Təcili yardım xidmətinin, fövqaladə hallar maşınlarının normal hərəkətini təmin etmək üçün orta zolağı - “həyat zolağı”nı geniş salırlar. Sürücülər heç bir halda “həyat zolağı”ndan istifadə edə bilməzlər, zolaq fövqaladə vəziyyətlər üçün boş saxlanılır. Bu zolaq imkan verir ki, hadisə baş verdiyində yardım maşınları tıxaca, problemə tuş gəlmədən mənzil başına tez çatsın. TTY maşınlarınm ünvana gecikməsinin bir səbəbi də ünvanların doğru yazılmaması ilə bağlıdır. Çox vaxt çağırılan ambulans ünvanı tapmır.
“Yol hərəkəti qaydaları” haqqında qanunun 48-ci maddəsinin 1-ci bəndində göstərilir ki, üzərində “polis”, “təcili tibbi yardım”, “yanğınsöndürən” yazılan nəqliyyat vasitələri xüsusi tapşırığı yerinə yetirərkən üstün hərəkət rejiminə malikdirlər. Bu şəraitdə onların sürücüləri xüsusi işıq və səs siqnallarından istifadə etməlidirlər. Eyni qanun tələb edir ki, sürücülər səs və işıq siqnallarından istifadə edən təcili tibbi yardın maşınlarına istənilən halda yol verməlidirlər. Bu tələbi pozanlar üçün cərimə də nəzərdə tutulub- 20 manatdan 40 manatadək.
Qeyd edək ki, bəzi ölkələrdə TTY maşınları üçün işıqforlara və nəzarət kameralarına xüsusi cihaz quraşdırılır. Bu cihazlar 900 metr uzaqlığa qədər nəzarət edə bilir. Eyni cihaz bütün təcili yardım maşınlarına da yerləşdirib və aralarında kontakt yaradılıb. İşıqforun, nəzarət kamerasının üzərindəki cihaz uzaqdan gələn maşındakı cihaz vasitəsi ilə təcili yardım avtomobilinin yaxınlaşması ilə bağlı ətrafa xəbərdarlıq edir və yardım maşınının hərəkət etdiyi istiqamətdə küçələr boyu quraşdırılmış xüsusi işıqlar yaşıl rəngdə yanır. Sürücülər bununla anlayırlar ki, təcili yardım maşını hansı istiqamətdə hərəkət edir və o yolu boşaldırlar. Təcili yardım ötüb keçdikdən sonra işıqlar sönür və ya axşam saatlarıdırsa normal işıqlandırma sistemi ilə yanır. Bu tətbiqetmə sayəsində ambulansların ünvana daha tez çatması mümkün olur.
Etiraf edək ki, bizim ölkəmizdə belə tətbiqlərin quraşdırılması real görünmür. O zaman iş düşür öz üzərimizə. Əgər sürücülər normal yol hərəkəti qaydaları çərçivəsində hərəkət edərsə, arxadan, öndən, yandan gələn xilaskarlara- təcili tibbi yardım maşınlarına yol verərsə, bu sahədə yaranacaq problemləri minimuma endirmək olar. Sürücülər sadəcə düşünsünlər, bu gün təcili yardım maşınında tıxaca düşən, xərəkdə can çəkişərək yolun açılmasını gözləyən xəstənin yerində özü və ya doğmalarından biri də ola bilərdi...
Lalə Mehralı