Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasi (AQSİA) təşkilatçılığı ilə "Güclü iqlim, güclü qadınlar: Diplomatik şəbəkə" mövzusunda tədbir keçirilib. SİA xəbər verir ki, həmçinin tədbirdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi birgə qrant müsabiqəsinin qalibi olan AQSİA-nın “İqlim dəyişikliyinə qarşı sahibkarlıqda bərpa olunan enerji mənbələrinin təşviqi” adlı layihəsinin təqdimat mərasimi də təşkil olunub.Mərasimdə aidiyyatı dövlət qurumlarının rəhbər şəxsləri, beynəlxalq təşkilatların, müxtəlif ölkələrin diplomatik nümayəndələri və sahibkar ictimai birliklərin nümayəndələri, müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər.Tədbirin məqsədi iqlim dəyişikliyinə səbəb olan amillər, onun yaratdığı fəsadların iqtisadiyyata təsiri,bərpa oluna biləcək enerji geri dönüşümü olub.Tədbirdə AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva, kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, BMT Qlobal Sazişinin Azərbaycan üzrə rəhbəri Samir Məmmədov, ETSN Milli Hidrometeorologiya Xidmətinin İqlim dəyişmələri mərkəzinin direktor müavini Aygün Nərimanova çıxış ediblər.