Təhsil ocaqlarında məktəblilərin vahid forma geyinməsi ətrafında aparılan müzakirələr bir daha göstərir ki, bəzi insanlar məktəblə dini ibadət məkanının mahiyyətini və funksiyasını bir-birindən ayırmaqda çətinlik çəkirlər. Halbuki məktəb dünyəvi təhsilin, elmin, biliyin və dünyagörüşünün formalaşdığı məkandır. Onun əsas vəzifəsi şagirdlərə dini kimliklərinə görə fərq qoymadan bilik vermək, onları həyata hazırlamaq və bərabər təhsil mühiti yaratmaqdır. Bir çox ölkədə bu prinsip əsas tutularaq dilinindən, etiqadından asılı olmayaraq uşaqların məktəbdə eyni görünməsi üçün vahid məktəbli forması tələbi var.
2016-cı ildə Qazaxıstanın Təhsil Nazirliyi məktəbli forması ilə bağlı dini simvolların taxılmasını qadağan edən qərar qəbul edib. İndi Qazaxıstanda dövlət təhsil ocaqlarında məktəbli forması qaydaları dini geyimləri, o cümlədən hicabı məhdudlaşdırır. Qazaxıstanın təhsil naziri Juldız Süleymenova bu ilin sentyabr ayında mətbuata verdiyi açıqlamasında dövlət məktəblərindən əlavə, hicab taxılmasına icazə verən özəl məktəblərin lisenziyalarının ləğv oluna biləcəyini də bildirib: "Bizim vahid məktəb forması standartımız var. Bütün məktəblər bu qaydalara və tələblərə riayət etməlidir. Belə hallar baş verib və biz onları araşdırırıq. Bu prosesə Milli Təhlükəsizlik Komitəsi də cəlb olunub. Yerli idarəetmə və yerli icra hakimiyyəti orqanları ilə birlikdə fəaliyyət göstərən böyük bir komissiya mövcuddur", - deyə nazir bildirib.
"Lisenziya məsələsi, daha dəqiq desək, lisenziyanın ləğvi məsələsi var. Bundan əlavə, bir sıra digər mexanizmlər də mövcuddur ki, biz onların təkmilləşdirilməsi üzərində birgə işləyirik", - deyə Juldız Süleymenova bildirib. Qazaxıstan rəsmiləri hicab məsələsini dünyəvi dövlət quruluşunun qorunması və milli təhlükəsizlik kontekstində qiymətləndirirlər.
Tacikistan və Özbəkistanda da dini geyimlərə qarşı məhdudiyyətlər mövcuddur. Hər iki ölkədə hakimiyyət milli geyimləri təşviq edir və onları xarici mənşəli hesab etdikləri geyim formalarına alternativ kimi təqdim edirlər. Tacikistanda 2017-ci ildə Təhsil və Elm Nazirliyi məktəb geyimi ilə bağlı tələbləri öz rəsmi saytında dərc edərək məktəblilərin geyim dəstinə hansı elementlərin daxil olması ilə bağlı məlumat verdi. Dərc olunmuş qaydalara əsasən, Tacikistanda məktəbli qızlara hicab, dar və ya cırıq cins şalvar, mini-ətək və ya dar ətək, çoxsaylı sırğalar, həmçinin parlaq və ya diqqətçəkən makiyajla məktəbə gəlmək qadağandır. Oğlan şagirdlərə saqqal saxlamaq, uzun saç, sırğa, uzun dırnaq və ya üzük taxmaq icazə verilmir; onlara yalnız qış mövsümündə cins şalvar geyinməyə icazə verilir.
Qız şagirdlərə milli baş örtüyü olan araqçın taxmağa icazə verilir. Şagirdlərə bədən tərbiyəsi dərsləri və təşkil olunmuş iməcilik günləri istisna olmaqla, dərs zamanı idman geyimi geyinməyə icazə verilmir. Bayram günlərində şagirdlərə rəsmi geyimdə olmaq tövsiyə edilir: oğlanlar tünd və ya mavi rəngli kostyum və uyğun ayaqqabı, ağ rəngli qısa və ya uzunqollu köynək və qalstuk; qızlar isə tünd və ya mavi rəngli ətək (dizdən aşağı) və uyğun ayaqqabı, ağ rəngli qısa və ya uzunqollu köynək və qalstuk, yaxud pencək və şalvar geyinməlidirlər; qızlar həmçinin ənənəvi milli geyimdə də ola bilərlər. Tacik hökuməti də eynilə Azərbaycan kimi isti və soyuq aylarda qız şagirdlərin məktəbli dəstinə daxil olan ətək və ya şalvar seçiminə hörmətlə yanaşır.
Özbəkistanda Nazirlər Kabinetinin 15 avqust 2018-ci il tarixli, 666 saylı qərarında məktəbli formasına dini mənsubiyyəti bildirən elementlərin, o cümlədən hicabın daxil edilməsinə yol verilmədiyi göstərilir. Əhalinin müxtəlif millətlərin və dini konfessiyaların nümayəndələrindən ibarət olması, habelə icbari ümumi orta təhsilin dünyəvi xarakter daşıması nəzərə alınaraq, özbək məktəblərində şagirdlərin məktəbli formasına müxtəlif dinlərə və konfessiyalara, eləcə də müxtəlif submədəniyyətlərə mənsubiyyəti əks etdirən elementlərin (hicab, kipa, kaşaya, xaç və s.) əlavə edilməsinə yol verilmir. Qərarda qeyd edilir ki, şagirdlər təhsil müəssisəsinin binasında, məktəbdə keçirilən müxtəlif tədbirlər istisna olmaqla, baş geyimsiz olmalıdırlar.
Yeri gəlmişkən, bu ildən etibarən Avstriyada da yeni dərs ilinin başlanması ilə 14 yaşdan kiçik qızların məktəblərdə hicab taxmasını qadağan edən qanun qüvvəyə minib. BBC 7 sentyabr 2026-cı il tarixli məqaləsində yazır ki, qanun ölkə üzrə dövlət və özəl məktəblərdə hicab və burka kimi baş örtüklərinin taxılmasını qadağan edir.
Mühafizəkar Xalq Partiyasının (ÖVP) nümayəndəsi, inteqrasiya naziri Klaudia Bauer hesab edir ki, hicab təzyiq, qızlara erkən yaşlarından nəzarət etmək vasitəsidir. Qanun üç mərkəzçi partiyadan — mühafizəkar ÖVP, Sosial Demokratlar Partiyası (SPÖ) və liberal NEOS-dan ibarət koalisiya hökuməti tərəfindən qəbul edilib. Hakim partiyalar qanunu “gender bərabərliyinə açıq dəstək” kimi təqdim edir və onun azyaşlı qızların hüquqlarını qorumağa yönəldiyini bildirirlər.
Yeni qaydanın icrasına müəllimlərin nəzarət etməsi gözlənilir. Məktəbdə hicab taxan şagird aşkarlandıqda müəllimlər onun özü və qanuni nümayəndələri ilə bir sıra söhbətlər aparmalıdırlar.
Qayda təkrar pozularsa, uşaq müdafiəsi xidmətlərinə məlumat verilməlidir. Son tədbir kimi valideynlər və ya qanuni nümayəndələr 800 avroyadək cərimələnə bilərlər.
Belçika və Danimarka da daxil olmaqla, bir sıra Avropa ölkələrində ictimai yerlərdə üzü tam örtən niqab və burkaların taxılması qadağandır. Fransada isə hicab, türban və kipa da daxil olmaqla, diqqətçəkən dini simvolların məktəblərdə taxılmasına 20 ildən artıqdır ki, qadağa qoyulub. Qanun qüvvəyə minən dövrdə təhsil naziri Qabriel Attal Fransanın TF1 telekanalına müsahibəsində bildirirdi ki, sinif otağına daxil olanda şagirdlərin dinini yalnız onlara baxmaqla müəyyən etmək mümkün olmamalıdır, bu onların bərabərliklərinə xələl gətirir.
Qeyd edək ki, 2010-cu ildən Fransa ictimai yerlərdə üzü tam örtən örtüklərin taxılmasını qadağan edib. Fransada dövlət təhsilinə Katolik kilsəsinin təsirini məhdudlaşdırmaq məqsədilə XIX əsrdən etibarən məktəblərdə dini simvolların nümayişinə qarşı sərt qaydalar da tətbiq olunur. Bu məhdudiyyətlərə iri xaçlar kimi xristian simvolları da daxildir. İllər ərzində qanunvericilik ölkə əhalisinin dəyişən dini tərkibinə uyğunlaşdırılıb. Hazırda bu qaydalar müsəlman hicabını və yəhudi kipasını da əhatə edir.
Bəzi qüvvələr Azərbaycanda hicabın ümumiyyətlə ləğvi ilə bağlı təxribat xarakterli məlumatlar paylaşaraq cəmiyyətdə çaşqınlıq yaradılar. Məlumat üçün qeyd edək ki, Azərbaycanda baş örtüyünə heç bir ümumi qadağadan söhbət gedə bilməz. Dövlət orqanlarında, ayrı-ayrı təşkilatlarda, sosial həyatda baş örtüyündən istifadə edənlər tam sərbəstdirlər. Lakin məktəbyaşlı uşaqlar təhsil ocağında istisnadır. Məktəbli təhsil müəssisəsində vahid məktəbli formasında olmalı, onun dini mənsubiyyəti geyimindən hiss edilməməlidir.
Lalə Mehralı
Tədqiqatçılar burnu beyinə bağlayan spesifik bir sinir yolu müəyyən ediblər...