ABŞ-ın Havay adalarından biri olan Mauidə 2023-cü ildə baş vermiş dağıdıcı meşə yanğınlarının insanların sağlamlığına təsiri yanğından illər sonra da davam edir. Yeni araşdırma göstərib ki, fəlakət bölgəsinə yaxın ərazilərdə yaşayan insanların orqanizmində sağlamlıq üçün təhlükəli hesab olunan metalların səviyyəsi əhəmiyyətli dərəcədə yüksəkdir.
“Proceedings of the National Academy of Sciences” jurnalında dərc olunan araşdırmada Havay Universitetinin alimləri 1400 yetkin insanın sidik nümunələrini təhlil ediblər. Tədqiqat zamanı arsen, kadmium, mis və sürmə kimi metalların səviyyəsində ciddi artım müəyyənləşdirilib.
Xüsusilə sürmənin miqdarı ABŞ üzrə biomonitorinq göstəriciləri ilə müqayisədə təxminən 40 dəfə yüksək olub. Manqan səviyyəsi 3,8, barium 2,3, arsen isə 2,2 dəfə çox qeydə alınıb.
Alimlərin fikrincə, bu maddələr yalnız yanan bitki örtüyündən deyil, yanğın zamanı məhv olan binalardan, avtomobillərdən, elektron cihazlardan və digər materiallardan havaya və ətraf mühitə yayıla bilər.
Araşdırma yüksək metal səviyyələri ilə ağciyər funksiyasının pozulması arasında əlaqə də müəyyən edib. Orqanizmində daha çox metal aşkarlanan şəxslərdə ağciyərin hava tutumunun azalması və nəfəs alıb-vermə prosesində çətinliklərin yaranması daha çox müşahidə olunub.
Tədqiqatçılar bildirirlər ki, xüsusilə Lahaina, Wailuku və Kahului yaxınlığında yaşayan insanlar tüstü və külün yayılma istiqamətinə uyğun olaraq daha ciddi təsirləniblər. Eyni zamanda alimlər araşdırmanın bir məhdudiyyətinin olduğunu da qeyd edirlər: 2023-cü il yanğınlarından əvvəl eyni insanlarla bağlı müqayisəli məlumatlar olmadığı üçün orqanizmdəki metal artımının nə qədərinin məhz yanğınlarla bağlı olduğunu dəqiq müəyyənləşdirmək mümkün deyil.
2023-cü ilin avqustunda Mauidə baş verən yanğınlar Lahaina şəhərinin böyük hissəsini məhv edib və 100-dən çox insanın ölümünə səbəb olub. Hadisə ABŞ tarixində ən ölümcül meşə yanğınlarından biri kimi qiymətləndirilir.
Mütəxəssislərin diqqət çəkdiyi əsas məqam isə fəlakətin bitməsindən sonra yaranan təhlükələrdir. Onların fikrincə, yanğın söndürüldükdən və tüstü dağıldıqdan sonra da kül, torpaq, tikinti qalıqları və digər çirkləndiricilər insan sağlamlığı üçün risk yarada bilər.
Alimlər iqlim dəyişikliyi fonunda meşə yanğınlarının daha geniş əraziləri əhatə etdiyini və bəzi regionlarda daha intensiv və sürətli yayıldığını bildirirlər. Bu səbəbdən onların fikrincə, fəlakətlərin nəticələrinin aradan qaldırılması yalnız yanğının söndürülməsi ilə məhdudlaşmamalıdır.
Tədqiqat müəllifləri yanğınlardan sonra hava və torpağın uzunmüddətli monitorinqinin aparılmasını, çirklənmiş ərazilərin nəzarətdə saxlanılmasını və insanların yenidən təhlükəli maddələrə məruz qalmasının qarşısının alınmasını vacib hesab edirlər.
Mütəxəssislərin fikrincə, daşqın, qasırğa və meşə yanğınları kimi iqlimlə əlaqəli fəlakətlər yalnız hadisə zamanı ölüm və xəsarətlərə səbəb olmur. Onların yaratdığı ekoloji çirklənmə və səhiyyə problemləri illərlə davam edə bilər.
Lalə Mehralı