PDF Oxu

Cəmiyyət

  • 1 424

Azərbaycanda dinə hörmət və dövlət qayğısı başqa ölkələr üçün nümunədir

image

Noyabrın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Müqəddəs Taxt-Tacın Şərq kilsələri üzrə dikasteriyasının prefekti kardinal Klaudio Qucerotti ilə görüşüb.

SİA-nın məlumatına görə, Dövlət Komitəsindən bildirilib ki, görüşdə Azərbaycan ilə Vatikan arasında ikitərəfli əlaqələrin uğurlu inkişafına toxunan Ramin Məmmədov ölkəmizin multikultural mühiti haqqında danışıb. Bildirib ki, tarixən tolerantlıq məkanı olan Azərbaycanda heç zaman milli və dini ayrı-seçkilik səbəbindən münaqişələr baş verməyib. Bu ənənənin qorunub-saxlanılmasında Ümummilli Lider Heydər Əliyevin böyük xidmətləri olub. Prezident İlham Əliyev həmin siyasəti uğurla davam etdirir.

Vatikanla ikitərəfli əlaqələrin dərinləşməsində Heydər Əliyev Fondunun xüsusi rolu olduğunu vurğulayan Ramin Məmmədov qeyd edib ki, Fond nəinki Azərbaycanda, eləcə də ölkə hüdudlarından kənarda müxtəlif maddi mədəniyyət abidələrinin qorunması, bərpası və yenidən qurulması istiqamətində mühüm layihələr həyata keçirir.

Ramin Məmmədov əlavə edib ki, bu gün Azərbaycan sivilizasiyalararası, mədəniyyətlərarası dialoqun inkişafına öz töhfəsini verir. Dövlət ilə dini icmalar arasındakı münasibətlər dini etiqad azadlığı, sosial ədalət və qarşılıqlı dialoq prinsipləri əsasında qurulub. Bu prinsiplər cəmiyyətin dinc və harmonik mühitdə yaşamasına müsbət təsir göstərir.

Dinlərarası dialoq və əməkdaşlığın gücləndirilməsinin zəruriliyini vurğulayan kardinal Klaudio Qucerotti Azərbaycanda dinə hörmət və dövlət qayğısının, eləcə də müxtəlif din mənsublarına münasibətdə dözümlülüyün digər ölkələr üçün nümunə olduğunu bildirib. Qeyd edib ki, harmoniyanın hökm sürdüyü mühit dini icmalar arasında anlayış və əməkdaşlığı gücləndirmək üçün böyük imkanlar yaradır. O, Azərbaycanda bütün dini icmalara, o cümlədən katolik icmasına göstərilən diqqətin, kilsə və məbədlərin bərpası istiqamətində görülən işlərin yüksək qiymətləndirildiyini vurğulayıb.

Klaudio Qucerotti Azərbaycanın dini tolerantlıq sahəsindəki uğurlarını alqışlayaraq, birgə layihələrin həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb. COP29 ərəfəsində "Dünya dinləri yaşıl planet naminə" devizi altında keçiriləcək Dini Liderlərin Qlobal Sammitinin ekoloji böhranla mübarizədə din xadimlərinin rolunun artırılması işinə müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib.

Digər xəbərlər