PDF Oxu

Siyasət

  • 1 078

Enerjinin yeni üfüqləri: Azərbaycan neft-qazdan yaşıl elektrik ixracına doğru - ŞƏRH

image

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Prezident İlham Əliyevin çıxışında ən geniş yer tutan mövzulardan biri enerji oldu. Dövlətimizin başçısı “Global Infrastructure Partners” şirkətinin rəhbəri Adebayo Oqunlesinin suallarını cavablandırarkən Azərbaycanın enerji siyasətinin iki paralel xətt üzrə inkişaf etdiyini göstərdi: ənənəvi karbohidrogen sektorunun gücləndirilməsi və bərpaolunan enerji əsasında yeni ixrac potensialının formalaşdırılması.

Neft və qaz sektoru Azərbaycan iqtisadiyyatının dayağı olaraq qalır. Moderatorun təqdim etdiyi məlumata görə, neft hasilatı azaldığı halda qaz hasilatı 2003-cü ildəki 5 milyard kubmetrdən 2025-ci ildə 50 milyard kubmetrə qədər artıb. Bu gün Azərbaycan Avropa və Türkiyə üçün təbii qazın mühüm təchizatçısıdır və bu rol xüsusilə Ukraynadakı müharibə fonunda böyük əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev isə vurğuladı ki, şaxələndirmə istiqamətində aparılan işlərə baxmayaraq, neft və qaz hələ uzun müddət investisiyaların həcmi baxımından ən böyük seqment olaraq qalacaq.

Bunun konkret təsdiqi forum günü imzalanacaq müqavilələr idi. Prezidentin bildirdiyinə görə, “Exxon” şirkəti ilə böyük potensiala malik qeyri-ənənəvi neft və qaz yataqlarının işlənilməsi üzrə müqavilə bağlanılacaq. Dövlətimizin başçısı qeyd etdi ki, kəşfiyyat işləri uğurla nəticələnsə, bu, Azərbaycanda daha bir neft və qaz bumuna gətirib çıxara bilər. Digər müqavilə isə Abşeron yatağının işlənilməsinin ikinci mərhələsi üzrə “Total” şirkəti ilə imzalanacaq və bu layihə üç-dörd il ərzində ölkədə qaz hasilatını əlavə 5 milyard kubmetr artıracaq. Prezident həmçinin builki Bakı Enerji Həftəsində də digər müqavilələrin imzalandığını xatırlatdı. Moderator isə “Exxon”, “TotalEnergies”, bp və “ADNOC” şirkətləri ilə əməkdaşlığın qaz hasilatını daha da artıracağını qeyd etdi.

Prezident İlham Əliyev qlobal enerji siyasətindəki dəyişikliklərə də toxundu. Onun sözlərinə görə, bu gün qazıntı yanacağına qarşı əsas Avro-Atlantik trend dəyişib. Bu isə karbohidrogen sektoruna yönələn investisiyalar üçün əlavə imkanlar yaradır. Neft və qazdan əldə olunan gəlirlər isə yenidən iqtisadiyyata investisiya şəklində yönəldiləcək.

Lakin çıxışın diqqətçəkən tərəfi gələcəyə yönəlik baxış idi. Dövlətimizin başçısı bərpaolunan enerjini iqtisadiyyatın əsas prioritetlərindən biri kimi təqdim etdi. Təkcə Xəzər dənizinin Azərbaycan sektorunda 157 giqavatlıq enerji potensialı mövcuddur. Quruda isə Günəş və külək elektrik stansiyaları artıq fəaliyyət göstərir. Prezident qarşıdakı beş il ərzində Azərbaycanın hər yerində bərpaolunan enerji mənbələrinin olacağını bildirdi. Moderator da bu sahədə “Masdar” və “ACWA Power” şirkətləri ilə əməkdaşlığı xüsusi qeyd etdi.

Bu strategiyanın məntiqi sadə və effektivdir: elektrik enerjisi istehsalında təbii qaz istehlakını minimuma endirmək, qənaət olunan qazı isə ixraca yönəltmək. Bundan əlavə, əlavə elektrik enerjisi iki istiqamətdə istifadə oluna bilər: süni intellekt data mərkəzlərinin daxili tələbatının ödənilməsi və ixrac. Prezident bildirdi ki, mövcud ötürücü xətlər yetərli deyil, buna görə də hazırda yeni xətlər üzərində iş aparılır, mövcud olanlar genişləndirilir.

Elektrik enerjisinin ixracı Azərbaycan üçün yeni strateji istiqamətdir. İki ildən də az müddət əvvəl Özbəkistan və Qazaxıstanla Xəzər dənizinin dibi ilə keçəcək sualtı elektrik kabel xəttinin çəkilməsi haqqında müqavilə imzalanıb. Bu xətt Mərkəzi Asiyanı əvvəlcə Azərbaycanla, daha sonra isə Avropa ilə birləşdirəcək. Artıq texniki-iqtisadi əsaslandırmadan sonrakı mərhələdə olan Qara dəniz kabeli isə Azərbaycandan Gürcüstana, oradan Rumıniyaya uzanacaq və 4 giqavat gücündə elektrik enerjisinin yüksəkgəlirli Avropa bazarına çıxışını təmin edəcək. Prezidentin sözlərinə görə, bütün bu layihələr böyük həcmdə maliyyələşmə deməkdir və elektrikötürücü xətlər sahəsində nəhəng potensial mövcuddur.

Prezident bərpaolunan enerji dedikdə təkcə hasilatı deyil, ötürücülük və akkumulyasiya imkanlarını da nəzərdə tutduğunu vurğuladı. Azərbaycanın artıq 250 meqavatlıq ehtiyatı var, lakin dövlətimizin başçısının sözlərinə görə, bu, sadəcə başlanğıcdır. Enerjisaxlanc sistemləri də bu zəncirin mühüm halqasıdır.

Regional kontekst bu imkanları daha da qiymətli edir. Prezidentin qeyd etdiyi kimi, geniş coğrafiyada əlavə enerji gücünə malik ölkələrin sayı məhduddur, bir çoxları enerji qıtlığı ilə üzləşir və enerji resurslarını xaricdən, o cümlədən Azərbaycandan alır. Azərbaycan neft, təbii qaz, neft məhsulları, neft-kimya məhsulları və gübrə ixrac edən azsaylı regional ölkələrdəndir. Bu siyahıya elektrik enerjisinin, xüsusilə Avropanın premium bazarlarına ixracının əlavə olunması enerji təhlükəsizliyini, bağlantıları və qarşılıqlı asılılığı daha da gücləndirəcək.

Beləliklə, forumda səslənən mesaj aydındır: Azərbaycan həm ənənəvi, həm də yaşıl enerji sahəsində investorlar üçün geniş imkanlar təklif edir. Karbohidrogen gəlirlərinin yenidən iqtisadiyyata yönəldilməsi, bərpaolunan enerji potensialının reallaşdırılması və transkontinental kabel layihələri ölkənin regionun enerji mərkəzi kimi mövqeyini daha da möhkəmləndirəcək.

Abbas Pənahov,

Yeni Azərbaycan Partiyası

Nəsimi rayon təşkilatının sədr müavini

Digər xəbərlər