Bir ədəd iri yumurtada təxminən 6 qram zülal var. Yumurta həmçinin çoxlu faydalı qida maddələri ehtiva edir və cəmi təxminən 70 kalori təşkil edir. Bu səbəbdən yumurta insanlar üçün yaxşı qida seçimidir. Lakin yumurta və ürək sağlamlığı ilə bağlı elmi araşdırmaların nəticələri uzun müddət cəmiyyətdə tam əksini tapmayıb.
Yumurtanın xolesterini zərərlidirmi?
Toyuq yumurtasın həmişə qidalanma tarixində mübahisəli məsələ olub. Yumurta sarısında xolesterin olduğu üçün bir vaxtlar yumurta yeməyin ürək-damar xəstəlikləri riskini artırdığı düşünülürdü. Bu səbəbdən bir çox insan hələ də gündəlik yumurta qəbulunu 1-2 ədədlə məhdudlaşdırır.
Lakin yumurta və ürək sağlamlığı ilə bağlı elmi məlumatlar zamanla dəyişib. Doğrudur, yumurta qida xolesterini ilə zəngindir. Ancaq araşdırmalar göstərir ki, doymuş yağlar və trans yağlar ürək-damar sağlamlığı üçün qida xolesterinindən daha böyük risk yarada bilər.
Yumurtanın müsbət tərəfi isə ondadır ki, onun tərkibində doymuş yağ nisbətən azdır və trans yağ yoxdur. Buna görə sağlam insanların əksəriyyəti üçün gündə bir yumurta qəbulunun ürək sağlamlığına mənfi təsir göstərməsi gözlənilmir.
Yumurta nə qədər faydalıdır?
Yumurtanın tərkibində müxtəlif vitaminlər, minerallar, antioksidantlar və digər faydalı qida maddələri var. Bunlara xolin (beyin və sinir sistemi üçün vacib qida maddəsi), fosfor, kalsium və kalium kimi minerallar, habelə göz sağlamlığı üçün faydalı olan lütein və zeaksantin antioksidantları, A, B və D vitaminləri daxildir.
Bir yumurtada təxminən 1,24 mikroqram D vitamini var. Bu, çox böyük miqdar deyil. Lakin yumurta sarısı təbii olaraq D vitamini ehtiva edən azsaylı qida mənbələrindən biridir.
Yumurtada nə qədər zülal var?
Bir iri yumurtada təxminən 6 qram zülal olur. Yumurtadakı zülal yüksək keyfiyyətli zülal hesab edilir. Bunun səbəbi onun orqanizmin özü tərəfindən sintez edilə bilməyən 9 əsas amin turşusunun hamısını ehtiva etməsidir. Bu amin turşularının hər birinin orqanizmdə fərqli funksiyası var və onların hamısının qida vasitəsilə qəbul edilməsi bir sıra mühüm proseslər üçün vacibdir.
Yumurtanın zülalı insanın daha uzun müddət tox qalmasına kömək edə bilər. Zülal qəbul edildikdə orqanizmdə toxluq hissini yaradan hormonların istehsalı artır. Eyni zamanda zülal aclıq hissini stimullaşdıran qrelin hormonunun səviyyəsinin azalmasına səbəb ola bilər.
Bu baxımdan yumurta nisbətən az kalorili olmaqla yanaşı, zülal, vitamin, mineral və antioksidantlarla zəngin qida mənbəyidir.
Yumurta sarısında xolesterin olsa da, mütəxəssislər artıq orqanizmdəki xolesterinin böyük hissəsinin qaraciyər tərəfindən hazırlandığını bilirlər. Bu səbəbdən tərkibində xolesterin olan qidaların, o cümlədən yumurtanın qəbulunun qandakı xolesterin səviyyəsinə təsiri əvvəllər düşünüldüyü qədər böyük olmaya bilər. Qaraciyərin xolesterin istehsalına təsir edən əsas amillərdən biri qidalanmada doymuş və trans yağların miqdarıdır. Bir yumurtada təxminən 1,5 qram doymuş yağ var və trans yağ yoxdur.
Bəzən kənd yumurtası ilə broyler toyuqlarının yumurtası arasında böyük fərq olduğu iddia edilsə də, əsas fərq yumurtlayan toyuğun cinsi, saxlanma şəraiti və yemlənməsi ilə bağlıdır. Kənd yumurtası birmənalı olaraq daha faydalı, broyler yumurtası isə tamamilə zərərli demək deyil. Əsas məsələ onların qidalanmasıdır.
Həftədə neçə yumurta yemək olar?
Harvard Health-in məlumatına görə, sağlam insanların əksəriyyəti üçün gündə bir yumurta qəbul etmək təhlükəsiz hesab olunur. Yumurtadan alınan zülal, vitaminlər, minerallar və nisbətən az kalori onun tərkibindəki az miqdarda doymuş yağdan daha əhəmiyyətli fayda verə bilər.
Lakin burada yumurtanın hansı qidalar ilə birlikdə yeyilməsi də önəmlidir. Məsələn, yumurtanı kolbasa, donuz əti və ya vetçina ilə birlikdə yemək, yaxud bol kərə yağında bişirib yemək ürək sağlamlığı baxımından faydalı deyil. Belə qidalar yeməyə əlavə doymuş yağ və natrium gətirir.
Bunun əvəzinə yumurtanı suda bişmiş, bərk bişmiş və ya az miqdarda zeytun yağında hazırlanmış şəkildə, yanında bişmiş ispanaq və ya göbələklə qəbul etmək daha sağlam seçim ola bilər. Nəticə olaraq, yumurta sağlam və balanslı qidalanmanın bir hissəsi ola bilər. Əsas məsələ yalnız yumurtanın özü deyil, onun hansı qidalarla birlikdə və necə hazırlanaraq qəbul edilməsidir.
Lalə Mehralı