PDF Oxu

Cəmiyyət

  • 778

Tarixi ədalətin bərpası - ŞƏRH

image

27 Sentyabrdan başlayan Böyük Zəfər yolu

Leyla NƏCƏFOVA,
Qaradağ rayon Heydər Əliyev Mərkəzinin Baş Fond müdiri

27 Sentyabr — Azərbaycan xalqının qürur, həmrəylik və tarixi ədaləti bərpa etmək əzminin rəsmi təqvimə həkk olunduğu gündür. Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə təsis edilən Anım Günü, sadəcə 2020-ci ilin payızında başlanan 44 günlük Vətən Müharibəsinin ildönümü deyil. Bu gün, Azərbaycanın 30 illik torpaq həsrətinə son qoyan, milli kimliyimizi yenidən bütövləşdirən və Cənubi Qafqazın geosiyasi xəritəsini kökündən dəyişdirən Böyük Zəfərin başlangıc nöqtəsidir.

30 ilə yaxın bir müddətdə ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar prosesi Ermənistanın işğalçı siyasəti və beynəlxalq birliyin ikili standartları səbəbindən nəticəsiz qaldı. BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsi kağız üzərində unudulmuşdu. 2020-ci ilin iyulunda Tovuz döyüşləri və avqust ayında təmas xəttində kəşfiyyat-diversiya cəhdləri göstərdi ki, Ermənistan status-kvonu saxlamaqla yanaşı, "yeni ərazilər üçün yeni müharibə" konsepsiyasını irəli sürürdü.

27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin yaşayış məntəqələrimizi və hərbi mövqələrimizi iriçaplı silahlardan atəşə tutması cavabsız qala bilməzdi. Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə söykənərək legitim özünümüdafiə hüququndan istifadə etdi və "Dəmir Yumruq" adını alan əks-hücum əməliyyatına başladı.

Başlanan müharibə təkcə hərbi gücün deyil, həm də dövlət, ordu və xalq birliyinin nümayişi oldu. Azərbaycan Ordusu 21-ci əsrin hərbi taktikasını nümayiş etdirdi. Yüksək dəqiqlikli PUA-lar, müasir artilleriya və xüsusi təyinatlı qüvvələrin dağlıq relyefdə göstərdiyi rəşadət dünyanın aparıcı hərbi akademiyalarında öyrənilən nümunəyə çevrildi. Siyasi mənsubiyyətindən, dinindən və milli mənşəyindən asılı olmayaraq bütün Azərbaycan cəmiyyəti Müzəffər Ali Baş Komandanın ətrafında tək bir yumruq kimi birləşdi.

27 sentyabrda başlayan yolda 3 minə yaxın qəhrəman övladımız Vətən uğrunda canından keçərək şəhadət şərbətini içdi. Onların fədakarlığı Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təməl daşına çevrildi.

Anım Gününü təhlil edərkən onu 2023-cü ilin 19-20 sentyabr antiterror tədbirlərindən ayrı düşünmək mümkün deyildir. 2020-ci ilin 27 sentyabrında başlayan hərbi-siyasi proses, 2023-cü ilin sentyabrında Qarabağda separatçılığın kökünün kəsilməsi və mütləq dövlət suverenliyinin bərpa olunması ilə öz loqik nəticəsinə çatdı. Şuşada, Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə və Laçında dalğalanan üçrəngli bayrağımız 27 sentyabrda canını fəda edən şəhidlərimizin əziz xatirəsinə ucaldılmış en uca abidədir.

27 Sentyabr Anım Günü hüzn günü olmaqla bərabər, həm də milli qürur və dirçəliş günüdür. Bu tarix Azərbaycanın məğlub xalq kompleksini sındıraraq onu regionun qalib, diktə edən və sülhü təmin edən lider dövlətinə çevirdi. Bu gün işğaldan azad edilmiş torpaqlarda həyata keçirilən "Böyük Qayıdış" layihələri, ucaldılan yeni şəhərlər və kəndlər şəhidlərimizin qanı ilə suvarılmış torpaqlarda həyatın yenidən doğulmasının göstəricisidir. Azərbaycan xalqı öz qəhrəman şəhidlərinin xatirəsini hər zaman uca tutacaq, onların əmanəti olan bütöv və suveren Vətəni əbədi yaşatacaqdır.

"Qürur, intibah və geopolitik liderlik" triadası müasir Azərbaycan dövlətçiliyinin post-münaqişə dövründəki fəlsəfəsini, daxili motivasiyasını və xarici siyasət strategiyasını ifadə edən konseptual sütundur. 27 Sentyabr Anım Günündən başlanan və 20 Sentyabr Dövlət Suverenliyi Günü ilə mütləq zirvəsinə çatan bu proses yalnız hərbi qələbə ilə məhdudlaşmır, o, milli təfəkkürün, iqtisadi-sosial həyatın və beynəlxalq güc balansının fundamental transformasiyasıdır.

Azərbaycan xalqı təxminən iki əsr boyunca torpaq itkisi, deportasiyalar, Soyuq müharibə sonrası yaranan xaos və 1990-cı illərin əvvəllərindəki hərbi-siyasi faciələrlə üzləşmişdi. Otuz illik işğal dövrü cəmiyyətdə dərin kollektiv travma ("məğlub xalq" sindromu) formalaşdırmışdı. 44 günlük Vətən Müharibəsi və lokal antiterror tədbirləri bu psixoloji zənciri qırdı. Azərbaycan xalqı ilk dəfə olaraq öz müasir tarixində itirilmiş ərazilərini diplomatik güzəştlərlə deyil, öz hərbi, iqtisadi və siyasi gücü ilə tam bərpa etdi.

Zəfər müxtəlif sosial, siyasi və etnik qrupları vahid "qalib xalq" kimliyi ətrafında birləşdirdi. Bu gün "milli qürur" anlayışı sadəcə emosional reaksiya deyil; o, gələcək nəsillərin dövlətə, orduya və milli ideala olan inamının sarsılmaz bünövrəsidir. Dağıdılmış şəhərlərin yerində "Ağıllı Şəhər" və "Ağıllı Kənd" konsepsiyalarının tətbiqi, bərpa olunan "yaşıl enerji" zonalarının yaradılması Azərbaycanı post-münaqişə bərpa modellərində qlobal nümunəyə çevirir.

Mədəniyyət paytaxtı Şuşada Xarıbülbül Musiqi Festivalı, Vaqif Poeziya Günləri kimi tədbirlərin bərpası, Xankəndidə Qarabağ Universitetinin fəaliyyətə başlaması regiona yenidən akademik, mədəni və sosial həyat nəfəsi gətirdi. Keçmiş məcburi köçkünlərin öz baba yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışı cəmiyyətin sosial rifahına və mənəvi bütövlüyünə birbaşa töhfə verir.

Hərbi və hərbi-siyasi Zəfər Azərbaycanı Cənubi Qafqazda güc balansını təkbaşına dəyişən və yeni geosiyasi reallıqlar formalaşdıran regional aktor statusuna qaldırdı. Azərbaycan passiv müşahidəçi və ya xarici güclərin diktəsinə tabe olan tərəf rolundan çıxaraq, Ermənistanla sülh müqaviləsinin 5 əsas prinsipini irəli sürən, sərhədlərin delimitasiyası və demarkasiyasını öz legitim tələbləri əsasında aparan diktəedici gücə çevrildi.

Azərbaycan Asiya ilə Avropanı birləşdirən nəqliyyat-logistika zəncirinin ən etibarlı və əvəzedilməz halqası kimi mövqeyini möhkəmləndirdi. Zəfər Türk Dövlətləri Təşkilatının (TDT) coğrafi və strateji baxımdan daha sıx birləşməsinə, Mərkəzi Asiya ilə Türkiyə arasında quru və strateji körpünün möhkəmlənməsinə yol açdı. Bakı həm Qərb, həm Şərq, həm də Qlobal Cənub ilə bərabərhüquqlu tərəfdaşlıq quraraq, beynəlxalq platformalarda (BMT, Qoşulmama Hərəkatı, COP29 kimi qlobal tədbirlər) öz suverenliyini və strateji müstəqilliyini uğurla müdafiə edir.

Müasir Azərbaycanın inkişaf xəritəsi hesab edilən qürur, intibah və geopolitik liderlik formulu göstərir ki, 27 sentyabrda başlayan mübarizə yalnız torpaqların geri qaytarılması ilə bitməmişdir, özünə inanan, öz resursları ilə yenidən quran və yerləşdiyi regionun gələcək taleyini müəyyən edən güclü, tam suveren bir dövlətin yaranması ilə nəticələnmişdir.

Digər xəbərlər