PDF Oxu

Cəmiyyət

  • 1 136

Milli və mənəvi dəyərlərin vəhdəti: Azərbaycançılıq ideologiyası

Milli və mənəvi dəyərlərin vəhdəti: Azərbaycançılıq ideologiyası

Azərbaycanın zəngin tarixi dini və etnik tolerantlıq ənənələri ilə səciyyələnir. Əsrlər boyu bu torpaqlarda müxtəlif etnik qrupların və dini konfessiyaların nümayəndələri qarşılıqlı hörmət, mehriban qonşuluq və ortaq mənəvi dəyərlər şəraitində yaşayıblar. Müasir Azərbaycan dövlətçiliyinin inkişafı da məhz bu tarixi təcrübəyə və ənənələrə söykənir. Azərbaycançılıq ideologiyasının təməlində də birləşdirici xarakter daşıyan həmin dəyərlər dayanır.

Prezident İlham Əliyev 27 oktyabr 2026-cı ildə Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Azərbaycançılıq ideologiyası haqqında danışdı. O bildirdi ki, Azərbaycanın uğurlu və sabit inkişafının təməlində dayanan əsas səbəblərdən biri isə cəmiyyətimizdəki ahəngdarlıqdır: "Bütün etnik qrupların, dinlərin nümayəndələrinin Konstitusiyamıza uyğun olaraq, nəinki bərabər hüquqları var, onlar, həmçinin bir ailə kimi yaşayırlar. Biz həmrəylik, qarşılıqlı hörmət və anlaşmanın ən yüksək səviyyəsini həqiqətən hiss edirik. Hamımız milli ideyalar ətrafında birləşirik. Onlardan biri azərbaycançılıqdır. O, Azərbaycandakı bütün xalqları bir araya gətirir."

Azərbaycan xalqı tarixən dünyada sülhə, mədəniyyətə və dostluğa üstünlük verən xalq kimi tanınıb. Məhz bu xüsusiyyətlər müxtəlif etnik və dini mənsubiyyətə malik insanların vahid cəmiyyətdə dinc yanaşı yaşamasına zəmin yaradıb. Ölkənin mənafeyi və ümummilli maraqlar insanların dini və etnik kimliyindən asılı olmayaraq hər kəs üçün əhəmiyyət daşıyıb. Bu yanaşma cəmiyyətdə birliyin və həmrəyliyin möhkəmlənməsinə şərait yaradıb.

Azərbaycançılıq ideologiyası etnik və dini mənsubiyyət fərqlərini arxa plana keçirərək vətəndaşların ümumi dövlətçilik maraqları ətrafında birləşməsini nəzərdə tutur. Bu baxımdan, Azərbaycanın vətəndaş dövləti kimi inkişafında ortaq milli dəyərlərin mühüm rolu var. Dünyanın bir sıra inkişaf etmiş ölkələrinin təcrübəsi də göstərir ki, vətəndaş cəmiyyətinin və dövlətçilik şüurunun möhkəmlənməsi ölkənin davamlı inkişafı üçün vacib şərtlərdəndir. Azərbaycançılıq ideologiyası ölkə daxilində yaşayan və dünyanın müxtəlif yerlərində məskunlaşan azərbaycanlıları birləşdirən əsas mənəvi dayaqlardan biridir.

Ötən əsrin 90-cı illərindən etibarən dini və etnik münasibətlər üzərindən gərginlik yaratmaq cəhdləri müşahidə olunsa da həmin dövrdə Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi siyasət, dövlətçilik prinsiplərinin möhkəmləndirilməsi və cəmiyyətdə birliyin qorunması bu məsələlərin tənzimlənməsində mühüm əhəmiyyət kəsb etdi.

Bu gün də Azərbaycanda milli, dini və mədəni müxtəlifliyin qorunması dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi təqdim olunur. Prezident İlham Əliyevin rəhbərliyi dövründə bu sahədə həyata keçirilən siyasət ölkədə ictimai-siyasi sabitliyin və tolerantlıq ənənələrinin qorunmasına yönəlib. Xalqın tarixən formalaşmış birgəyaşayış mədəniyyəti də bu prosesdə mühüm rol oynayır.

Azərbaycanın ictimai həyatında milli və dini tolerantlıq ənənələri mühüm yer tutur. İnsanların dini etiqadına, əqidəsinə, irqinə, cinsinə, etnik mənsubiyyətinə və sosial vəziyyətinə hörmət göstərilməsi cəmiyyətdə qarşılıqlı anlaşmanın əsas şərtlərindən hesab olunur. Dünyəvi dövlət prinsiplərinə əsaslanan Azərbaycanda müxtəlif dini və etnik qrupların öz kimliklərini qoruması üçün şərait yaradılması dövlət-din münasibətlərinin mühüm istiqamətlərindəndir.

Ümummilli lider Heydər Əliyevin müstəqil dövlət quruculuğu siyasətində vətəndaşların hüquq və azadlıqlarının qorunması, o cümlədən dini etiqad azadlığının təmin edilməsi xüsusi yer tutub. Bu siyasətin davamı olaraq Prezident İlham Əliyev də milli-mənəvi dəyərlərin qorunmasına və Azərbaycanın tolerantlıq ənənələrinin beynəlxalq səviyyədə tanıdılmasına diqqət yetirib.

Heydər Əliyev dünyəvi dövlət prinsipləri ilə dini dəyərlərin qorunması arasında əlaqəni ifadə edərək belə demişdi: “Bizim dövlətimiz dünyəvi dövlətdir. Ancaq biz dindən ayrı deyilik”. Bu yanaşma dövlətin dünyəvi xarakterinin qorunması ilə yanaşı, dinin və mənəvi dəyərlərin cəmiyyətdəki rolunun da nəzərə alınmasını nəzərdə tutur. Azərbaycanda dini icmalara göstərilən diqqət, ibadət yerlərinin tikintisi və bərpası bu siyasətin istiqamətlərindən biridir. Son illərdə dövlət dəstəyi ilə yüzlərlə məscid, eləcə də kilsə, sinaqoq və digər dini ibadət məkanlarının inşası və ya yenidən qurulması istiqamətində işlər görülüb. Qarabağ işğaldan azad olunduqdan sonra dövlətimiz orada ilk bərpa işlərinə də məhz məscidlərdən başladı.

Hazırda ölkədə çoxsaylı məbədlər və ziyarətgahlar fəaliyyət göstərir. Dini bayramların qeyd olunması, müxtəlif konfessiyaların nümayəndələrinin ictimai həyatda iştirakı, eləcə də Bakıda keçirilən beynəlxalq konfranslar Azərbaycanın dini tolerantlıq və mədəniyyətlərarası dialoq sahəsində təcrübəsinin təqdim olunmasına xidmət edir. Dini icmalara maliyyə və digər formalarda dəstək göstərilməsi də dövlət-din münasibətlərinin tərkib hissəsidir.

Qloballaşma şəraitində milli kimliyin və ənənəvi dəyərlərin qorunması məsələsi bir çox cəmiyyətlər üçün aktuallığını saxlayır. Müasir dünyada müxtəlif mədəni və ideoloji yanaşmaların yayılması milli-mənəvi dəyərlərin gələcək nəsillərə ötürülməsinin əhəmiyyətini daha da artırır. Bu prosesdə əsas məsələ yeniliklərə açıq olmaqla milli kimliyi qorumaq arasında tarazlığın yaradılmasıdır.

Dünya təcrübəsi göstərir ki, milli mədəniyyətin və ənənələrin qorunması elmi-texniki tərəqqi ilə ziddiyyət təşkil etmir. Əksinə, öz tarixi köklərinə bağlı olan xalqlar müasir inkişaf imkanlarından istifadə etməklə yanaşı, mədəni irslərini də yaşada bilirlər. Azərbaycanın inkişaf yanaşmasında da milli-mənəvi irsin qorunması ilə beynəlxalq inteqrasiyanın uzlaşdırılması əsas istiqamətlərdən biridir. Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı strateji inkişaf xətti milli dəyərləri qorumaqla dünya birliyinə inteqrasiyanı nəzərdə tuturdu. Bu yanaşma sonrakı dövrdə Prezident İlham Əliyevin siyasətində də davam etdirildi.

Azərbaycanın multikulturalizm və tolerantlıq nümunəsi kimi beynəlxalq tədbirlərdə təqdim olunması da ölkənin milli-mədəni irslə müasir inkişafı uzlaşdırmaq cəhdinin tərkib hissəsidir. Bu modelin əsas ideyası müasir dünyanın imkanlarından faydalanmaqla yanaşı, tarixi yaddaşı, milli kimliyi və mənəvi dəyərləri qorumaqdır.

Azərbaycanın milli-mənəvi dəyərləri qorumaqla inkişaf etmək strategiyası ölkənin tarixi və mədəni irsi ilə sıx bağlıdır. Minilliklər ərzində bu ərazidə formalaşmış mədəniyyət və ənənələr xalqın kollektiv yaddaşının, milli kimliyinin və dövlətçilik düşüncəsinin əsas dayaqlarından birinə çevrilib. Bu gün Azərbaycançılıq ideologiyası ölkə daxilində və xaricində yaşayan azərbaycanlıları birləşdirən ümumi mənəvi platforma kimi çıxış edir. Heydər Əliyevin irəli sürdüyü “Kim özünü azərbaycanlı hesab edirsə, o azərbaycanlıdır” prinsipi Azərbaycan kimliyinin yalnız etnik mənsubiyyətlə məhdudlaşmadığını, həm də ortaq vətəndaşlıq və mənəvi bağlılıq anlayışını əhatə etdiyini ifadə edir.

Azərbaycançılıq ideologiyasının əsas mahiyyəti insanların fərqli dini, etnik və sosial mənsubiyyətlərinə baxmayaraq, ümumi dövlətçilik maraqları ətrafında birləşməsidir. Bu yanaşma həm ölkə daxilində ictimai həmrəyliyin güclənməsinə, həm də xaricdə yaşayan azərbaycanlıların tarixi və mədəni bağlarının qorunmasına xidmət edir.

Azərbaycan öz milli-mənəvi irsinə söykənərək müasir inkişaf yolunu davam etdirir. Tarixi ənənələrin qorunması, elmi-texniki tərəqqi və beynəlxalq əməkdaşlığın bir arada inkişaf etdirilməsi ölkənin təqdim etdiyi modelin əsas istiqamətlərindəndir. Bu baxımdan, milli-mənəvi dəyərlərin qorunması yalnız keçmişə bağlılıq deyil, həm də gələcək nəsillərin milli kimliyini, tarixi yaddaşını və cəmiyyətin mənəvi bütövlüyünü qorumaq vasitəsi kimi qiymətləndirilməlidir.

Lalə Mehralı

Digər xəbərlər