PDF Oxu

Cəmiyyət

  • 1 470

Pedaqoji Universitetdə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

image

Dekabrın 11-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev Mərkəzində Ulu Öndərin anım günü ilə əlaqədar tədbir keçirilib. SİA xəbər verir ki, bu barədə ADPU-dan məlumat verilib.

Tədbirdən öncə Pedaqoji Universitetin rəhbərliyi, müvafiq struktur rəhbərləri və professor-müəllim heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin və Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət ediblər. Həmçinin görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin xatirəsi yad edilib.

"Xalqa həsr olunmuş ömür" adlı tədbirə Heydər Əliyev Mərkəzinin əməkdaşı Tərlan Ağayev moderatorluq edib. Tədbir Ulu Öndərin və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Mərasimdə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövlət qarşısında göstərdiyi müstəsna xidmətlərdən danışıb. "Ulu Öndər istər Azərbaycanın rəhbəri olduğu, istərsə də Sovet İttifaqının ali rəhbərliyində təmsil olunduğu zaman ölkəmiz və xalqımız qarşısında elə müstəsna xidmətlər göstərib ki, 2003-cü ildə səhhəti kəskin şəkildə pisləşdikdən sonra keçirilən prezident seçkilərində seçicilərin dörddə üçündən çoxu məhz onun müəyyənləşdirdiyi siyasi kursun davamına səs verib. Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf edən, dünya birliyində xüsusi yeri olan, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş nüfuzlu dövlət kimi tanınır", - deyə rektor vurğulayıb.

Sonra Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş olunub.

Heydər Əliyevin respublikamıza rəhbərliyinin birinci mərhələsi və Moskvadakı fəaliyyəti barədə çıxış edən Azərbaycan tarixi kafedrasının baş müəllimi tarix üzrə fəlsəfə doktoru Elman Mirzəyev 1969-1987-ci illəri dirçəliş və tərəqqi dövrü kimi xarakterizə edib.

Sonra "Meh" ədəbi dərnəyinin üzvlərinin ifasında Zəlimxan Yaqubun "Mən azərbaycanlıyam" şeri ədəbi-bədii kompozisiya şəklində təqdim olunub.

Tədbirdə, həmçinin Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının dosenti Afaq Piriyevanın "Anarxiyadan sabitliyə, tənəzzüldən davamlı inkişafa aparan 10 il (1993-2003-cü illər)", ADPU Tələbə Gənclər Təşkilatının sədri Çiçək Sultanlının "Gənc nəslə diqqət və qayğı- Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi" mövzusunda çıxışları dinlənilib.

Digər xəbərlər