XX əsrin ən qanlı cinayətlərindən olan 20 Yanvar qətliamına dair məlumatlar Bolqarıstan mətbuatında geniş işıqlandırılıb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Azərbaycanın Bolqarıstandakı səfirliyindən verilən məlumata görə, məqalələrdə Qanlı Yanvar gecəsinə aparan tarixi hadisələr, bu qanlı cinayətin təşkili, törədilməsi, onu törədənlərin məkrli məqsədləri və acı nəticələrindən söhbət açılmaqla yanaşı, ona beynəlxalq səviyyədə siyasi-hüquqi qiymətin verilməsinin vacib olduğu qeyd edilib.
Bildirilib ki, Ermənistan SSR Ali Sovetinin 1989-cu il dekabrın 1-də Azərbaycan ərazisi olan Qarabağın bir hissəsinin qeyri-qanuni ilhaqına dair qərarına və Ermənistanın orada yaşayan bütün azərbaycanlı əhalini öz ata-baba yurdlarından zorla qovmasına SSRİ Ali rəhbərliyinin biganəliyi yüz minlərlə insanın haqlı tələblərlə Bakının mərkəzi meydanına toplaşmasına, ardından isə həm də Sovet İttifaqından ayrılmağı tələb etməsinə gətirib çıxardı. Sovet Hökuməti rəhbərliyinin Azərbaycan SSR rəhbərliyi ilə razılaşdırmadan və əhalini məlumatlandırmadan şəhərə ordu yeritməsi bir gecədə 147 dinc insanın ölümü, 800-ə yaxın insanın yaralanması, 4 nəfərin itkin düşməsi, habelə dövlət əmlakına və fərdi əmlaka külli miqdarda ziyan vurulması ilə nəticələnib.
Bu faciədən dərhal sonra Ulu Öndər Heydər Əliyev ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirib və bu vəhşiliyi qəti şəkildə pisləyərək, törədilmiş qanlı cinayətə siyasi qiymət verilməsini və günahkarların məsuliyyətə cəlb olunmasını tələb edib. Habelə Azərbaycan xalqının Ümummilli Liderinin Azərbaycanda siyasi rəhbərliyə qayıdışından sonra 1994-cü ilin əvvəlində Milli Məclis xüsusi sessiya keçirərək, baş verənləri hərbi təcavüz aktı və cinayət kimi rəsmən tanıyıb.
Məqalələrdə Azərbaycan tarixində qəhrəmanlıq səhifəsi kimi də xarakterizə edilən bu hadisələr zamanı beynəlxalq hüquq normalarının kobud şəkildə pozulduğu bildirilib, onun insanlıq əleyhinə cinayət kimi tanınmasının vacibliyi vurğulanıb, həmçinin qətliam törədənlərin və onu həyata keçirənlərin məsuliyyətə cəlb edilməli olduğu diqqətə çatdırılıb.
Məlumatlarda habelə, Ermənistanın qətl, işgəncə və təqiblərlə müşayiət olunan etnik təmizləmə siyasətinin qurbanı olmuş, evlərindən məhrum edilərək Bakı və onun ətraf ərazilərində məskunlaşmağa məcbur qalmış 350 minə yaxın etnik azərbaycanlının sonrakı illərdə Qərbi Azərbaycan İcması yaratdıqları və münaqişənin başa çatmasından sonra öz tarixi evlərinə təhlükəsiz və ləyaqətlə qayıtmalarına şərait yaratması üçün Ermənistan hökumətinə rəsmi müraciət göndərdikləri, lakin bu günədək hər hansı cavab almadıqları qeyd olunub. Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 27-də Azərbaycanın Ağdam şəhərinin işğalından sonra "Yerkrapa" terror təşkilatının üzvlərinə ünvanladığı nitqinin bir müddət əvvəl yayılan videogörüntülərinin bu etnik təmizləmənin Ermənistan hökumətinin düşünülmüş siyasəti olduğunu sübut etdiyi bolqar oxucuların diqqətinə çatdırılıb.