Sinəsi irəli, ombası geri, beli boğulmuş, dodağı şişirdilmiş, qaşları dartılmış, əynində bədən xətlərini qabarıq şəkildə göstərən geyim, arxasındakı vitrinlərə cürbəcür geyimlər, kamera qabağında oynayan, gülən, danışan qızlar – sizə nə xatırlatdı bu mənzərə? Paltar mağazalarının sosial şəbəkədəki reklamlarını təbii ki. Dövrün ən populyar işlərindən biri olan online reklam, paltar təqdim etmə işi. Böyük əksəriyyəti qadınlardır, bəzi hallarda kişi geyimlərini təqdim edən oğlan modellər də var, amma insafən onların kamera qarşısında ədəbsizlik etdiyinin şahidi olmuruq.
Yox, yox, xatırladım, görünüşündən oğlana, davranışlarından qıza bənzəyən bir model gördüm bu günlərdə bir mağazanın reklamında. Əynində qadın paltarı, ayağında qadın üçün ev başmağı, əzilib-büzülərək danışır, qadın geyimi reklamı edirdi.
İnstaqramda, tiktokda bazardı, kameraya oynayan satıcıların sayı durmadan artır. Maraqlı burasıdır ki, əksəriyyəti də eyni cür görünürlər - eyni dişlər, eyni dodaqlar, eyni burun, eyni arxa. Bir sözlə, bir-birinin eynisi, əksəriyyətinin də görünüşündən vulqarlıq yağan tiplər. Daha doğrusu, işə yeni başlayanda normal görünüşdə olurlar, spesifik, adi görünüşləri olur, bir neçə aydan sonra başlayırlar öz bədənlərində təmir, yenidənqurma işləri aparmağa. Əvvəl burun kəsilir, sonra dodaqlara silikon-gel vurulur. Növbəti dəfə gözlər, qaşlar dartılır, üz dərisi hamarlanır, amma yetərli olmur. Kamera qarşısına daha çox müştəri yığa bnilmək üçün qabarıq bədən xətləri olmalıdır. Ona görə gedirlər növbəti əməliyyata – sinələrini böyütdürürlər. Növbədə qarıngərmə, ombaböyütmə əməliyyatlarıdır, onu da etdikdən sonra olurlar axtarılan sosial şəbəkə satıcısı. Bəzi məlumatlara görə onların əməliyyat xəırclərini də məhz reklamını etdikləri mağazaların rəhbəri ödəyir. Bir növ, öz mağzasının gəlirini artırmaq üçün kapital qoyur qızlara.
Həngamə bundan sonra başlayır. O qızlar qoyurlar bayağı bir toy mahnısını, atılıb-düşürlər kamera önündə. Bir az oynadıqdan sonra növbə bədənin, üzr istəyirəm, paltarın təqdim etmə mərasiminə çatır. Ürəkbulandırıcı mənzərədir, kədərlidir bir qadının özünü bu qədər aşağı səviyyəyə endirməsi. Bunun gəlirlə, qazancla, çarəsizliklə, ehtiyacla əlaqəsi yoxdur. Bu əxlaq məsələsidir, ruh, mənəviyyat məsələsidir. Əynindəki geyimin özəlliklərini sadalayarkən bədəninə erotik tumar çəkən, məhrəm yerlərini dönə-dönə kameraya göstərən, intim siqnallar verən adamın mənəviyyatı təmiz ola bilməz.
Bəzən instaqramda önümə hansısa bir mağazada yeni satıcılığıa başlayan qızların videoları çıxır. Baxırsan, işə başlayanda məsum üzlü bir qızdır, heyfin gəlir qızın saflığına, çünki bilirsən ki, o 4-5 aydan sonra belə olmayacaq. O qadınların, qızların 3-4 ayda üzünə üz geyindirirlər sanki. Sanki o saf qızların içindən həyasız bir arvad çıxır, kamera qarşısında olmazın hoqqalar çıxarırlar. Həya hara qaçır, ar harada gizlənir, maraqlıdır...
O qızların bəziləri tələbələrdir, part-time işləyirlər mağazalarda. Başqa yerlərdə saatına, dərsinə uyğun iş tapa bilmir, bu mağazaların siması olurlar. Normal satıcı olacağını zənn edir, amma sonra vəziyyət dəyişir, axı indi trend mahnıya oynamayanı, kamera önündə hər cür səviyyəsizliyi etməyəni satıcı götürmür mağazalar. Ola bilər daha çox baxış və müştəri gəlir və buna görə daha çox maaş alır, ola bilər mağaza rəhbərliyinin təkidi ilə belə davranmağa məcbur olurlar, amma məcburiyyətdən edilən hərəkətlər hiss olunar axı, elə hiss olunur da. Belə qızlar tanınmış model ola bilmir, arını-həyasını qurban vermir qazanca, davam etmir bu işə.
Amma qazanca, məşhurluğa sustayanlar daha çoxdur. Bu gün bu mağazanın simasıdır, saba başqa mağazanın. Kim daha çox pul ödəyirsə onun reklamını edir. Reklam sözü yetərsiz qalır onların kamera qarşısında etdiklərini təsvir etmək üçün. Hər mağazanın da bir “həci”si var, ya elə kameranın önündə, ya da kənardan marıtlayır qızları, pişiyin qəssab dükanını güddüyü kimi.
Bu qızların gələcəyi var, ailə quracaqlar, bir evin xanımı, bir kişinin arvadı olacaqlar.
Ola biləcəklərmi?
Lalə Mehralı