Lalə Mehralı
Urbanizasiya bizi kəndlərdən şəhərə qovdu, sağlamlığımızı, sakitliyimizi, dincliyimizi əlimizdən alaraq. İnkişaf bizi xəstələndirdi, psixologiyamızı pozdu, stresə saldı. Böyük şəhərlərə hərəmiz bir səbəbdən gəldik, çoxumuz iş dalınca, bəzimiz oxumağa, bəzimiz daha maraqlı və əyləncəli həyat axtarışında olduğumuz üçün.
Kəndlərdə özümüzü qoyub çıxdıq biz. Təmiz havanı, təmiz qidanı, təmiz həyatı qoyduq çıxdıq. Qohum və qonşularla ünsiyyət bolluğunu, sosiallaşmanı, təhlükəsiz həyat tərzini, sakit mühiti üstümüzdən soyunub gəldik. Məcbur olduq çoxumuz, iş tapmadıq, pul qazana bilmədik, ailəmizi saxlamaq iqtidarında olmadıq.
Doluşduğumuz şəhərin çirki havasına, səs-küyünə, tıxacına dözməli olduq. Stressə, narahatlığa, yorğunluğa tab gətirməli olduq. GMO yedik, metro bashabasına, avtobus zülmünə məruz qaldıq, zəhər udduq, xlor içdik. Qoyub gəldiyimiz torpağımızın yaşıl örtüyündən, təmiz havasından, saf suyundan ötrü burnumuzun ucu göynədi. Geri qayıtmaq istədik, qabağımızı uşaqlarımız kəsdi, təhsilləri, gələcəkləri, rayondakı işsizlik mane oldu.
“Get torpağını ək-biç” deyib şəhərdə özünə güzaran qurmağa çalışan kəndlini qınayanlar oldu, kəndlinin əkdiyinin mayasını çıxara bilmədini haradan anlasınlar ki? Onlar nə bilsin varını-yoxunu torpağa basdırıb ümidlə cücərməyini gözləyən, məhsulunu dolu döyən, yağış yuyan, qurd aparan kəndlinin əlacsızlığını? Onlar nə bilsin ümidin doğulmadan öldüyünü?
Rayonlardakı, kəndlərdəki gənclərin məşğullu yoxdur, işi yoxdur, gəliri yoxdur. Evlənə bilmirlər buna görə, yaşları keçir. Paytaxta gələ bilən gəlir, zirzəmilərdə, şəraitsiz kirayələrdə tab gətirən gətirir, müqabilində az-çox qazanır, ailəsinə göndərir. Amma kənddəki şəraitli evindən, təmiz havadan, saf sudan sonra neft qoxuyan zirzəmidə tab gətirmək də asan olmur.
Bizi şəhərə, bu tıxaca, stressə möhtac edən işsizlik sağlamlığımızı aldı əlimizdən. Bakı aqressiv, əsəbi, stresli insanların bir yerə toplaşdığı şəhər olub çoxdan. Kimsə kimsəyə güzəşt etmir, kimsə empatiya qurmur. Stres bizi robotlaşdırıb. Bizi evlərimizdəki torba-torba dərmanlar, çantalarımızdakı ürək, təzyiq, şəkər həbləri idarə edir daha. Biz bir olmaqdan çoxdan uzaqlaşmışıq.