Biz hamımız planetin təhlükəsiz və təmiz olmasını istəyirik, çünki Yer kürəsi bizim ortaq evimizdir. Lakin son yüzillikdə bəşəriyyətin keçdiyi yol bu arzumuzla ziddiyyət təşkil edir. Sənayeləşmə və iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafı insan fəaliyyətinin ətraf mühitə mənfi təsirinin misilsiz dərəcədə artması və təbii sərvətlərin həddindən artıq istismarı ilə nəticələnib. Bu gün ekoloji tarazlığın qorunub saxlanması, təbii ehtiyatlardan rasional istifadə, su, torpaq və atmosfer havasının çirklənmədən mühafizə edilməsi artıq lokal bir məsələ deyil, qlobal və ümumbəşəri problemə çevrilib.
Demoqrafik artımla yanaşı, istehlakın kəskin artması və israfçılığın həyat tərzinə çevrilməsi gələcəkdə bərpası mümkün olmayacaq təbii ehtiyatların tükənməyə başlamasına yol açıb. Bu narahatlıq doğuran məsələlər ətraf mühitlə bağlı düşüncə tərzimizə və fəaliyyətlərimizə köklü şəkildə təsir göstərməkdədir. Artıq heç birimiz iqlim dəyişikliyinin fəsadlarını – quraqlıqları, qəfil təbiət hadisələrini, buzlaqların əriməsini və biomüxtəlifliyin itməsini sadəcə xəbərlərdə izləmək istəmirik; biz bu təhlükəni gündəlik həyatımızda hiss edirik.
Qlobal ekoloji böhran şəraitində iqtisadiyyat, cəmiyyət və ətraf mühit arasında zəruri balansın saxlanması artıq bir seçim deyil, sağ qalmaq məsələsidir. Bu tarazlığı bərpa etmək yalnız inkişafın yeni, ekoloji baxımdan təhlükəsiz və iqtisadi cəhətdən optimal modelinin – davamlı inkişafın formalaşdırılması hesabına mümkündür. Davamlı inkişaf bugünkü nəslin ehtiyaclarını, gələcək nəsillərin imkanlarını məhdudlaşdırmadan ödəmək fəlsəfəsinə söykənir. Bu model, "yaşıl enerji"yə keçidi, tullantısız istehsal texnologiyalarının tətbiqini və təbiətə qarşı istismarçı yox, tərəfdaş münasibətini tələb edir. Müasir dünyada iqtisadi artım artıq yalnız rəqəmlərlə deyil, həm də ətraf mühitə vurulan zərərin minimuma endirilməsi ilə ölçülməlidir. Karbon izinin azaldılması, meşə zolaqlarının bərpası və su ehtiyatlarının qorunması hər bir dövlətin, hər bir müəssisənin və hər bir fərdin mənəvi borcuna çevrilməlidir.
Yalnız birgə səy göstərərək, təbiətlə harmoniya içində yaşayan bir cəmiyyət qurmaqla planetimizi xilas edə bilərik. Unutmamalıyıq ki, təmiz ətraf mühit sağlam gələcəyin, dayanıqlı iqtisadiyyat isə rifahın təməlidir.
Saday Qasımov
Azərbaycan Tibb Universitetinin 1-ci kurs tələbəsi
Gələcəyin mobil cihazları necə ola bilər?
Beyin fəaliyyətinə təsir göstərir...