Bəzimiz ona yaylıq, bəzimiz örpək, bəzimiz şal, bəzimiz də örtük deyirik, amma mahiyyətcə hamısı eynidir. Azərbaycan xalq ədəbiyyatında yaylıq, örpək həm sevgi, həm də ayrılıq, həm də sülh rəmzi kimi tərənnüm edilir. Elə mahnılarımız, bayatılarımız var ki, sevgiliyə yaylıq vermək könül vermək, eləsi də var ki, ayrılıq nişanəsi kimi ifadə olunur. Yəqin ki, kişilərin papağının onların namusu olaraq qəbul edilməsi kimi, yaylığın da qədimdən həm qadının isməti, həm də duyğuların və məhrəm münasibətin simvolu kimi qəbul olunmasıdır.
Şifahi xalq ədəbiyyatında ən çox rast gəldiyimiz versiya yaylığın sevgi və könül vermək rəmzi olaraq xarakterizə edilməsidir. Bu daha çox əl yaylığı üçün xarakterik idi. İndiki nəsil çox xatırlamaz, əvvəllər qadınların və kişilərin cibində və ya çantasında olan əşyalardan biri də kiçik əl (cib) yaylığı olurdu. İndi bunu birdəfəlik kağız dəsmallar (salfet) əvəz edir. Bəs şəxsi əşya olan bu kiçik yaylıqlar necə olurdu ki, məhəbbət simvoluna çevirilirdi?
Keçmişdə qızın oğlana yaylıq verməsi çox vaxt razılıq və məhəbbət işarəsi sayılırdı. Qızlar öz yaylıqlarının kənarlarına daha çox rəngli saplarla müxtəlif motivli naxışlar işləyib sevdiklərinə verirmiş. Bəzən adlarının baş hərfləri də həkk olunurdu yaylığa. Qızlar sevdiyinin yanından keçəndə yaylığını bilərəkdən salırmış, bu oğlana meylinin olmasını ifadə edirdi. Xalq mahnılarında və bayatılarda da bu mənzərəni təsvir edən nümunələrə tez-tez rast gəlinir. Unudulmaz mahnını xatırlayın, Şövkət Ələkbərova ilə Xan Şuşuniskinin o məşhur "Yaylıq" duetini. Necə deyirdi mahnıda?
QIZ:
Anamdan bir yaylıq aldım,
Heç bilmirəm harda saldım.
Səndədirsə, ver yaylığı,
Yaylıq salar ayrılığı, gülüm,
Gözəl oğlan, ver yaylığı.
OĞLAN:
Yaylığını tanı, ay qız,
Məndə yaylıq hanı, ay qız?
Kim deyir yaylıq məndədir?
Bəlkə qalıb, çəməndədir, ay gözəl,
Gəl axtar, tap yaylığını.
QIZ:
Ay kələkbaz oğlan, oğlan,
İnciyərəm səndən, inan.
Gəlməsə yaylıq qarşıma,
Xəbər verrəm qardaşıma,
Gözəl oğlan, ver yaylığı.
OĞLAN:
Qurban olum göz-qaşına,
Gedib demə qardaşına.
Sevgilinəm, gəl incimə,
Yaylıq məndədir, gözəllər gözəli,
Al, ay gözəl, al yaylığı.
Görün necə incə-incə hiss etdirilir yaylığın mənası. Yaylıq həm eşq, həm də ayrılıq rəmzi kimi ifadə edilir. Çünki yaylığın folklorumuzda həm də ayrılıq və həsrət rəmzi kimi ifadə edildiyi məqamlar var. Bəzən səfərə çıxan sevgilisinə öz örpəyini bağışlamaq ona vida etməklə yanaşı həm də onu məhrəm hiss etdiyini və yolunu gözləyəcəyi mənasını verirdi, bəzən də qovuşa bilməyən sevdalıların arasındakı simvol olurdu. Yaylığın, örpəyin hansı an, hansı şəraitdə verilməsi də əhəmiyyət kəsb edirdi. Ona görə də xalq ədəbiyyatında yaylıq həm könül verməyin, həm də ayrılığın simvolu kimi görünür.
Araqçın: sevginin, sədaqətin simvolu kimi
Bəzi mənbələrdə araqçınla bağlı da qeydlər var. Milli geyimin bir predmeti olan araqçını qızlar yaylığın və ya kəlağayının altından geyinər, mahiyyətcə örpəklə eyni mənanı daşıyardı. Üzəri zərif saplarla və dəmir pullarla işlənmiş araqçın qadın zərafətinin əhəmiyyətli detalı sayılırdı. Bir zamanlar qızlarımızın gündəlik baş geyimi olan araqçına bu gün milli geyim nümunələrində, xanəndələrin və rəqqasların səhnə libaslarında, milli filmlərimizdə tez-tez rast gəlirik.
Araqçın Azərbaycan ənənəvi geyimində həm subay qızlar, həm də evli qadınlar tərəfindən geyinilirdi, amma istifadə forması fərqli idi. Subay qızlarda araqçın çox vaxt başda ayrıca istifadə edilirdi, üzəri muncuq, tikmə, qızılı saplarla bəzədilirdi, iki yandan hörükləri görünürdü. Bu baş örtüsü ilə yanaşı həm də milli bəzək nümunəsi idi. Evli qadınlarda adətən araqçın baş örtüyünün (kəlağayı, örpək) altında olurdu, çox allı-pullu, bəzəkli olmazdı və üstündən mütləq örtük salınırdı.
Araqçın həm də milli kişi geyiminin, xüsusilə subay oğlanların geyiminin predmetidir. Kişilərin papaq qədər dəyər verdiyi baş geyimi olan araqçının birinə bağışlanması mahiyyət etibarilə qadının sevgilisinə verdiyi yaylıq mənasını verirdi. Gənc oğlanlar öz araqçınını sevdiyinə bağışlayırdısa bu, "məni gözlə" mənasını verirdi. Sevdiyi oğlandan araqçın alan qız adaxlı sayılırdı, araqçın onların sevgisinin rəmzi hesab olunurdu. Mahnılarımızda bu detal da yer alır:
Araqçının məndədir,
Sərmişəm, çəməndədir.
Dünya gözələ dönsə,
Mənim gözüm səndədir.
Mənaca bu bənd "araqçınını almışamsa könlümü də sənə vermişəm" deməkdir.
Qan davasına müdaxilə: qadın örpəyi
Maraqlıdır ki, tariximizdə, folklorumuzda qadın örpəyi ilə bağlı bir vacib məqam da var - örpək bəzən də qan düşməsinə qarşı qalxan rolunu da oynayırdı. Qafqazda qadının örpəyini yerə atması və ya münaqişəli iki tərəfin arasına atması qan davasını dayandırmaq üçün ən güclü müdaxilə üsulu sayılıb. Bu hərəkət yazılmamış qanun, hakimi olmayan hökm demək idi. Əslində hakimi bəlli idi: örpəyini yerə atan qadın.
Böyük mübahisələrdə, qan davalarında tərəfləri sakitləşdimək üçün münaqişəli tərəflərin birindən bir qadın örpəyini çıxarıb ortalığa atardı və bununla da hər iki tərəf münaqişədən çəkinərdi, qan salmaz, can almazdı. Bu, qadına, onun ismətinin rəmzi olan örpəyə olan hörmət idi. Qafqaz xalqlarının əksəriyyətinin adətinə görə yerə atılan örpəyin üstündən keçmək və ya onun olduğu yerdə döyüşmək kişilər üçün böyük ayıb sayılırdı. Tarix, bir qadın örpəyi ilə dayandırılan çox qan davasına şahidlik edib.
Rus etnoqrafı Maksim Kovalevski Qafqaz xalqlarının adət-ənənələrini təsvir edərkən yazır ki, qan davası zamanı qadının müdaxiləsi çox vaxt döyüşün taleyində həlledici rol oynayırdı. Qadının ortaya çıxması və ya baş örtüyünü tərəflərin ayağının altına atması münaqişəli tərəflər üçün “toxunulmazlıq və sülh çağırışı” kimi qəbul olunurdu.
Qafqazda münaqişələr, qadınların sülh prosesində rolu və regionun siyasi tarixi haqqında silsilə yazıları olan abxaziyalı tarixçi, jurnalist və siyasətçi Natella Akaba “Caucasus Women and Conflict Prevention” (“Qafqaz Qadınları və Münaqişələrin Qarşısının Alınması”) məqaləsində yazırdı ki, Qafqazda qadınlar çox vaxt qan davalarını dayandırmaq üçün vasitəçi rolunu oynayırlar. Tarixçi yazır: "Ən məşhur jestlərdən biri belə idi: qadın irəli çıxar, baş örtüyünü çıxarıb bir-biri ilə dava edənlərin qarşısına atardı. Qadının bu jesti düşmənçiliyi dayandırmaq tələbini və istəyini bildirirdi". Eyni mənbədə qeyd olunur ki, bu adət xüsusilə Dağıstan, Abxaziya, Qaraçay-Balkar və digər Qafqaz xalqları arasında mövcud idi və qadının baş örtüyü şərəf və sülh rəmzi sayılırdı.
Nişan üzüyündən əvvəl: nişan şalı
Qədimdən bəri əməl edilən adətlərimizdən biri də nişan aparılan qızın çiyninə qırmızı örpək örtülməsidir. Bu adətə bəzi bölgələrdə "bəlgə" də deyiblər. Hələ nişan üzüyü ənənəsi formalaşmış zamanlarda elçiliyində çiyninə qırmızı şal salınan qız artıq nişanlı sayılırdı. İllərin sınağından keçən bu ənənə bu gün də var, elçilik zamanı barmağına üzük taxılan qızın həm də çiyninə al-qırmızı şal salınır. bu, həm gözəllik, həm də simvolik anlam daşıyır. Al-qırmızı rəng sevgi, eşq və xoşbəxtlik rəmzidir, elçiliyi olan qızın çiyinə bu rəngdə şal-örpək salınması isə qızın gələcəyinin də o şalın rənginin mənası qədər gözəl olmasının diləyidir.
Ümumiyyətlə, Azərbaycan klassik və aşıq poeziyasında yaylıq, örpək və kəlağayı motivi çox işlənən obrazdır. Bu obrazı müəllif əsasən sevgi, naz, ayrılıq və yadigar mənalarında ifadə edib. Xüsusilə Aşıq Ələsgərin yaradıcılığında yaylıq sevgi və ayrılıq rəmzi olaraq fərqli mənalarda istifadə edilib. Aşıq Ələsgərin qoşmalarında sevgilinin yaylığı tez-tez yadigar kimi xatırlanır:
Yaylığın göndərdin yadigar mənə,
Qoxusu gəldi yar, bahar mənə.
Yaylıq düşdü könlümün yarasına,
Həsrət oldu yollar, diyar mənə.
Molla Pənah Vaqif şeirlərində də sevgilinin baş örtüyü və yaylıq obrazı gözəllik təsvirində işlənir:
Al yanağın örtüb nazlı yaylığın,
Gül üzündə kölgə salır ay kimi...
Xurşidbanu Natəvanın lirikasında baş örtüyü qadın zərifliyinin elementi kimi təsvir olunur:
Yaylığını çək üzünə naz ilə,
Baxışların düşməsin yad gözünə.
Bizim qadınlar hicab bağlamayıb, niqab geyinməyib, amma hər zaman çiyinlərində, saçlarında milli geyimin vacib detalı olan örpək olub. At belində əri ilə birlikdə döyüşən qaçaq qadınlarının da, evində təndirə çörək yapan kəndli qadının da, ərinin əcnəbi qonaqlarını qəbul edən xan, bəy arvadlarının da hər zaman başında örpəyi olub. Örpək saçları gizlətmək üçün deyildi, zərafətin, milliliyin ifadə edilməsi idi.
Ümumiyyətlə isə, yaylığın, örpəyin bu qədər çox mənasının olmasının kökündə Azərbaycan mədəniyyətindəki kəlağayı ənənəsi dayanır. Kəlağayı yalnız geyim deyil, həm də hörmət, sevgi, yadigar, ənənə, tarix, ismət, ləyaqət idi. Tarixən bu torpaqlarda qadının baş geyimi - araqçın, yaylıq, örpək, kəlağayı - adı hər nə olursa olsun, ismət, gözəllik, sədaqət və nəciblik rəmzi olub. Xüsusilə kəlağayı eyni zamanda milli kimliyi və zərifliyi təcəssüm etdirir. O, şifahi xalq ədəbiyyatında, bayatılarda sevgilinin nişanəsi, şeir və dastanlarda isə qadın gözəlliyinin tamamlayıcısı kimi təsvir olunur. Kəlağayı dəyərdir, yaylıq ismətdir, örpək ləyaqətdir. Qadının başını bəzəyən, adını uca tutan da məhz bu xüsusiyyətləri idi.
Lalə Mehralı