Dürüstlük insan münasibətlərinin təməl daşlarındandır. Doğruluq və dürüstlüklə bağlı təməl bilgilərimizi də elə ilk sösial münasibətlərin formalaşdığı yerdə - ailədə alırıq. Bizə əməlimizdə, sözümüzdə və hərəkətlərimizdə dürüst olmaq, yalan danışmaqdan çəkinmək barədə ilk tərbiyəni ailəmiz verir. Bizə danışandan, ayaq açıb yeriyəndən, başımızı başlara qatıb cəmiyyətə qoşulandan sonra öyrədilən bir həqiqət var - dürüstlük yalnız doğruları demək deyil, həm də özümüzə və başqalarına qarşı ədalətli, vicdanlı və etibarlı olmaq deməkdir. Biz hamımız "Yalançı çobanın hekayəsi" ilə böyümüşük, yalan danışmağı adət etmiş birinin doğrusunun belə yalnış olduğunu düşünməyimizə səbəb olan güvənsizlik, etibarsızlıq haqqında lap kiçik yaşlarımızda öyrənmişik.
Dürüslük fəzilətdir, doğruluq qazancdır. Hər gün bir çirkinliyi üzə çıxan, hər gün bir yalanı peyda olan dünyanın qaranlıq tərəfindəki işıqdır dürüstlük. Dürüst insanların olduğu cəmiyyətdə şübhəyə, qorxuya da yer olmur, çünki onlar verdiyi vədlərə əməl edir, başqalarını aldatmır və öz mənfəəti üçün yalan danışmır. Dürüslük etibar mühiti yaradır və insanları bir-birinə daha da yaxınlaşdırır. Bəlkə də "yaxınlaşdırırdı" desək, daha yerinə düşər. Çünki bu ildə, bu zamanda, bu dövrdə dürüst insanların sayı da barmaqla sayılacaq qədər azdır.
Dürüst insan həqiqəti seçir, hətta onun üçün çətin situasiya olanda da o, vəziyyətə görə dəyişmir. Özünə sərf edəndə başqa, sərf etməyəndə başqa cür davranmır. Dürüst insanlar üzünə başqa, arxanca başqa söz danışmır, ikiüzlülük etmir. Sənin yanında necədirsə, yoxluğunda da elədir. Onlar sözünə cavabdehdir, dediyini edir. Əgər edə bilmirsə, bunu açıq deyir, bəhanə uydurmur. Dürüst insanlar səni aldatmaqla “qazanc” əldə etməyə çalışmır, belə insanlar üçün etibar puldan daha dəyərlidir. Xarakteri doğruluqla yoğrulmuş bu insanlar öz səhvini qəbul edir, bu, ən vacib xüsusiyyətlərdən biridir. Səhv edəndə boynuna alır, başqasının üstünə atmır, məsuliyyətini danmır. O səni incitmədən doğru danışmağı bacarır, çünki dürüstlük kobudluq deyil. O, həqiqəti deyir, amma dağıtmaq üçün yox, düzəltmək üçün. Dürüst insanlarla yoldaşlıq etmək asan deyil, o həmişə həlim olmur, hər şeyə “hə” demir, xoşuna gəlməyən şeyi gizlətmir, bəzən başqalarından fərqli mövqe tutur. Ona görə də belə insanlar bəzən “sərt” və ya “soyuq” kimi görünə bilər. Amma dostluqda etibarlı olurlar, ona sorğu-sualsız güvənə bilirsən.
Dürüstlük yalanın, riyakarlığın, şər-böhtanın ayaq açıb gəzdiyi bu dövrdə geriyə çəkilib, sanki gözləmə rejiminə keçib. İndi insanlar daha çox öz maraqlarını qorumağa çalışır, başqalarının gözündə “ideal obraz” yaratmağa fokuslanır, bir çox halda dürüstlük əvəzinə rahat yolu seçir. Etiraf etmək lazımdır ki, dürüstlük həmişə azlığın xarakterində olub, bəlkə də məhz buna görə dəyərli xüsusiyyətdir. Bəlkə də hamı tam dürüst, yalansız, riyasız bir xarakterə sahib olsaydı, bu artıq xüsusi keyfiyyət sayılmazdı.
Dürüst insanları tapmaq çətin ola bilər, amma özü dürüst olanlar tanıyır onları, bir-birini tapırlar. Onlar adətən daha sabit, etibarlı və uzunmüddətli münasibətlər qururlar, istər dostluqda, istər işdə. Bir-birinə güvənirlər, biri digərinin onu yarı yolda qoymayacağını bilir. Yalana bürünən, riyanı asanlıqla geyinən insanların cəmiyyətində onlar bir-birinə olan etibara görə tab gətirə bilirlər.
Ətrafımızdakı insanların bir çoxu həqiqətən tez-tez yalan danışır, bunun fərqindəyik. Bəlkə də özünü qorumaq üçün, bəlkə mənfəəti üçün, bəlkə də adət etdiyi üçün yalanı seçir. İnsanlar bəzən də pis niyyətlə yox, qorxudan, kompleksdən və ya itirmək qorxusundan yalan danışır. Bu, yalanı doğru etmir, amma səbəbini izah edir. Bəziləri isə sadəcə konfliktə girməmək üçün “kiçik yalanlar” danışa bilir. Lakin dürüst insanlar prinsipial olaraq dürüst qalmağa çalışır, yalan danışmaq onların xarakterinə ziddir. Problem ondadır ki, biz daha çox yalan danışanları yadımızda saxlayırıq. Əgər bir dəfə kimsə səni aldadıbsa bu iz səndə 10 dürüst insanın təsirindən daha güclü qalır.
Dürüstlük əsasən xarakter məsələsidir, insanın daxili dəyərləri, vicdanı və prinsipiallığı ilə formalaşır. Amma bəzən təkcə xarakter məsələsi olmayaraq həm də tərbiyə, mühit və ya seçimlə ilə gələn xüsusiyyətdir. Tərbiyəmizi ailəmiz verir, dürüstlüyü xarakterimizə yoğurur. Mühitimizi bəzən biz seçə bilmirik, ətrafımızda yalan normadırsa, bizə də təsir edəcək. Dürüstlük bəzən də seçimdir, insan dürüst olmaq istəsə də, daha asan yolu – yalanı seçə bilir.
Bəzi insanlar ümumilikdə yaxşı xarakterə malikdir, amma çətin vəziyyətdə dürüst ola bilmirlər, bəzən də olur ki, insan mühitə baxmayaraq prinsipiallığından əsla dönmür. Bütün hallarda, dürüstlük çəkisi ağır olan yaxşı keyfiyyətdir. Çəkinin ağırlığına dözməyib yarı yolda yükünü yerə qoyanlar da var, qəddi əyilsə də doğrularından imtina etməyənlər də.
Lalə Mehralı
Uşaqlar və böyüklər bir az fərqli reallıqlarda yaşayırlar…