PDF Oxu

Cəmiyyət

  • 1 105

Döyən, öldürən, yandıran məktəblilər

image

Lalə Mehralı

Mütəmadi olaraq həm ölkə, həm də dünya mətbuatında xüsusilə məktəblilərin bir-birinə zərər verməsi ilə bağlı məlumatlar yayımlanır. Ötən həftə Türkiyədə məktəbdə bir şagirdin törətdiyi qətliamda 10 nəfər həlak oldu, hadisəni törədən şagird də zərərsizləşdirilərkən öldürüldü. Bu gün yerli mediada Bakıdakı orta məktəblərin birində 9-cu sinif şagirdinin öz sinif yoldaşına zərər verməsi barədə məlumatlar yayıldı.

Məlumata görə, 2010-cu il təvəllüdlü yeniyetmə 2011-ci il təvəllüdlü şəxsin üzərinə spirt tökərək alışqanla yandırıb. 2011-ci il təvəllüdlü oğlan yeniyetmə yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunub. Ona başın, üzün, boynun, gövdənin ön-yan səthlərinin hər iki yuxarı ətraflarının II-III dərəcəli termiki alov yanığı diaqnozu təyin olunub. Hazırda pasyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir.

Bu nə ilk hadisədir, nə də son olacaq. Biz bundan sonra da tez-tez mətbuatda öz yaşıdını öldürən, döyən, zərər verən şagirdlər haqqında məlumatlar görəcəyik, üstəlik bu vəziyyət artan istiqamətə doğru gedəcək. Məktəblilər arasında aqressiyanın və bir-birinə zərər verməyin səbəbləri haqqında dəfələrlə yazmışıq, ekspertlər rəy bildiriblər, lazımı maarifləndirmə işləri aparılır, lakin bir nəticə olmur.

Ailə mühiti və tərbiyə ən birinci səbəbdir. Uşaqlar yaxşı təqlidçidir, onlar adətən gördüklərini təkrarlayırlar. Əgər ailədə fiziki və ya psixoloji zorakılıq varsa, uşaq bunun özünün qarşılaşdığı problemlərin həlli üçün də normal bir yol olduğunu düşünür. Bəzən həddindən artıq sərt, bəzən də əksinə, tamamilə laqeyd valideyn münasibəti uşaqda daxili, gizli qəzəb yaradır. O qəzəb bir gün haradasa, kimi isə tapır, zərər verir.

Yeniyetməlik insan həyatının elə bir dövrüdür ki, bu dövründə uşaqlar həmyaşıdları arasında üstün mövqe qazanmağa, diqtə edən olmağa çalışırlar. Bəzi yeniyetmələr üçün güc nümayiş etdirmək, öz həmyaşıdını və ya başqasını alçaltmaq özünü təsdiq etmək deməkdir. O çevrəsində liderlik etmək üçün bütün mümkün üsullara baş vurur. Özünə inamı olmayan, ailədə valideyndən qayğı görməyən, diqqətdən kənar qalan uşaqlar başqasına zərər verməklə özlərini daha üstün hiss etməyə çalışırlar.

Bəzən yeniyetmələrdə emosional tənzimləmə bacarığı da olmur, kriik vəziyyətlərdə özünü ələ ala bilmir, hiss və duyğularını gizlətməkdə çətinlik çəkir. Bir çox yeniyetmə stress, məyusluq və ya qısqanclıq kimi mənfi hisslərlə necə mübarizə edəcəyini də bilmir. Bu duyğular yığılmış emosiyalar formasında bir gün vulkan kimi partlayış verir. Bu partlayış ya öldürmə, ya döymə, ya da bullinq kimi halların yaranmasına xidmət edir.

Uşaqların çevrəsinə qarşı aqressiyasının bir səbəbi də zorakılıq ehtiva edən video oyunlar, filmlər və sosial şəbəkələrin yaradığı asılılıqdır. Bu kimi məşğuliyyətlər uşaqlarda empatiya və mərhəmət hissini zəiflədir. Onlar oyunda zərər verdikləri nəsnələrin real həyatda vurduqları zərərlə eyni olduğuna inanırlar. Daha aydın dillə desək, uşaqlar real həyatla virtual dünyanı bir-birindən ayırd edə bilmirlər.

Başqalarına aqressiv davranan uşaqların özünün də vaxtilə zorakılığa və ya bullinqə məruz qaldığı gerçəkliyi də var. Nə vaxtsa özünə qarşı törədilən hərəkətləri zamanı və fürsəti yarandıqda başqalarına qarşı edir və bu onun bir növ intiqam hissi olur. O bunun fərqində deyil, bir çox hallarda qeyri-ixtiyari edir.

Ümumiyyətlə, uşaqların bir çox halda başqasına zərər verməsi halları onların bir çoxunda empatiya və mərhəmət hissinin olmamasından qaynaqlanır. Başqasının ağrısını hiss edə bilməyən uşaqların sayı günü-gündən artır. Bu cür uşaqların məktəb psixoloqları tərəfindən aşkarlanaraq ehtiyat tədbirləri görülməsi məsələsi isə bizə uzaq olan vəziyyətdir. Çünki məktəblərdəki psixoloqlar məktəbdə təhsil alan risk qruplu uşaqlarla heç vaxt işləmirlər, nəzarətdə saxlamırlar. İnsafən, ailələrin etinasız yanaşdığı uşaqların məsuliyyətini bütünlüklə psixoloqların üzərinə atmaq da bir qədər ədalətsizlik olardı.

Digər xəbərlər