Tahir Hikmət oğlu Abdullayevin adı dünya idman arenasında birincilər sırasında çəkilir. 1997-ci ildə Masallıda dünyaya göz açan Tahir idman karyerasına 11 yaşından Əməkdar məşqçi Təhmasib İsayevin rəhbərliyi altında sərbəst güləşlə başlayıb. Daha sonra qarışıq idman növləri (MMA) üzrə fəaliyyətini davam etdirib. Uğurları ardıcıl olub. Ümumilikdə keçirdiyi rəsmi döyüşlərdə 22 qələbəyə imza atıb. Cari ilin 27 iyun tarixində Bakıda təşkil olunan "UFC Fight Night" turnirində debüt edən T. Abdullayev braziliyalı rəqibi Jefferson Nascimentonu 3-cü raundda nokautla məğlub edərək qazandığı möhtəşəm qələbə ilə Azərbaycanın idman həyatına daha bir şərəf qatıb.
Bu günlər Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov dünyaca məşhur UFC təşkilatında ölkəmizi təmsil edən idmançımız Tahir Abdullayevi qəbul edib.
Görüş zamanı rayon rəhbəri idmançını qazandığı parlaq qələbə münasibətilə təbrik edərək deyib:- İdmanın müxtəlif növlərində uğur qazanan gənclərimizin nailiyyətləri hər bir masallılıda qürur hissi doğurur. Azərbaycanda idmana göstərilən dövlət qayğısı və yaradılan şərait gənc nəslin öz potensialını beynəlxalq arenada nümayiş etdirməsinə geniş imkanlar açır.
Tahir Abdullayev də öz növbəsində göstərilən diqqət və yüksək qiymətə görə minnətdarlığını bildirib. O, ilk UFC döyüşündə qazandığı qələbənin sevincini bölüşərək, qarşıdakı hədəfləri və dünya arenasında Azərbaycanı layiqincə təmsil etmək əzmində olduğunu böyük inamla söyləyib.
Görüşün sonunda Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov uğurlu idmançıya xatirə hədiyyəsi təqdim edib və ona gələcək yarışlarda yeni qələbələr arzulayıb.
Zəfər Orucoğul,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü