Dünya

  • 3 453

Neyləməli ki, ruhu xəstələndirməməli?

image

Ruhi sağlamlıqla fiziki sağlamlığın əslində ayrı-ayrı anlayışlar olduğunu desələr də, bir çox psixoloqa görə hər ikisi bir-birinin eynidir. “Sağlam ruh sağlam bədəndə olar” misalı bu yerdə ən yaxşı örnəkdir. İnsan sağlamlığını qorumaq üçün bədəninə vaxt ayırdığı qədər ruhunu da nəzərə almalıdır, onların bir-birinə sıx əlaqələrlə bağlı olduğunu deyən ekspertlər yaşadığımız dövrdə ruh yüksəkliyinin az adamda rastlandığını da vurğulayırlar. Dalbadal baş verən təbii fəlakətlər, müharibələr, epidemiyalar dünya əhalisinin ruhi-psixoloji gərginlik içində yaşamasına səbəb olur. Qısası, dünyanın psixoloji vəziyyəti heç də qənaətbəxş deyil.

Hər ölkədə minimum 25 faiz

Dünyada hər dörd nəfərdən biri həyatının hər hansı bir mərhələsində psixi xəstəlikdən əziyyət çəkir. 75 yaşlı insanlarda bu nisbət hər iki nəfərdən biridir. Bütün dünyada psixoloji sağlamlıq problemləri olan 500 milyondan çox insan var və onlardan yalnız hər 20 nəfərindən biri, bəzən hətta 30 nəfərindan biri tibbi yardım ala bilir. Ən çox müşahidə edilən ruhi xəstəliklərə depressiya, narahatlıq, davranış pozğunluqları, alkoqol və narkomaniyaya bağlı psixi pozuqluqlar və şizofreniya daxildir.

Məlumat üçün qeyd edək ki, araşdırmalara görə hər ölkədə əhalinin 20-25 faizi ruhi xəstəliklərdən əziyyət çəkir. Ruhi pozğunluqlar həm yüngül, həm də ağır xarakterli olur. Ölkələr arasında ruhi xəstəliklərin sayına görə, kəskin fərqlənən demək olar ki, yoxdur. Mütəxəssislər hesab edir ki, bu xəstəliklərin əksəriyyəti müalicə edilə bilər. Çünki əksəriyyət sadəcə ruh düşkünlüyü yaşayır və əhvalını yüksəltmək istəmir.

Ən aqressiv ölkə: hər iki nəfərdən biri...

Qlobal tədqiqat şirkəti “Gallup”, “Qlobal Emosiyalar” hesabatının 2022-ci il buraxılışında dünyanın ən qəzəbli ölkələrinin sıralamasında birinci Livanı, ikinci Türkiyəni yazmışdı. Türkiyədən sonra Ermənistan, İraq, Əfqanıstan, İordaniya, Mali gəlirdi. Hesabata görə, Livanda əhalinin 49 faizi aqressivdir, Türkiyədə bu nisbət 48-dir. Yəni bu ölkələrdə hər iki nəfərdən biri qəzəblidir. Salvador əhalisinin 82 faizi özünü xoşbəxt və mülayim hiss etdiyini deyir. “Gallup”un həmin hesabatın 2023 buraxılışında isə ən aqressiv ölkələr siyahısının ilk pilləsində Livanın yerini İraq tutub, Türkiyə elə ikinci yerini qoruyub, Livan 3-cü yerdə qərarlaşıb.

Gündəlik həyatda, evdə, işdə, məktəbdə və münasibətlərimizdə bir çox stress faktorları ilə qarşılaşır, müəyyən səviyyələrdə münaqişələr, narahatlıqlar, başqaları ilə mübahisə və qarşıdurma yaşayırıq. Bu münaqişələrin baş verməsi təbiidir, çünki əksəriyyətimiz ipi çəkilmiş bomba misalı həyat yaşayırıq. Buna görə də qarşılaşdığımız, səbəbi olduğumuz və ya təsadüfi münaqişələri həll etmək üçün üstünlük verdiyimiz bəzi şüurlu və ya şüursuz üsullar bizə problem yarada bilər. Yaranan problemi kimimiz ünsiyyət yolu ilə, kimimiz də qol gücünə həll etməyə çalışır.

İnsanlar sosial problemlərini həll edə bilmədikləri üçün də aqressiya ilə yüklənirlər. Təsəvvür edin, ailəsinin ehtiyacını ala bilməyən hər hansı bir şəxs var və biz ondan mülayim olmasını, başqalarına qarşı aqressiya göstərməməsini gözləyirik. O isə bunu başqalarından gözləyir. Yəni, qarşılıqlı təmənna var, amma təminat yoxdur. Zehni, fikri ailə qayğıları, maddi problemlər, dolanışıq dərdi ilə yüklənmiş bir adam aqressiya ilə yüklənir, problemləri onu partlayacaq bomba halına gətirib çıxarır. Dolayısı ilə yolda, dükan-mağazada, işdə qarşılaşdığı hər hansı bir neqativ vəziyyətdə bu aqressiyasını boşaldır. Bütün bunlar da bizim psixologiyamızda özümüz hiss etmədən iz buraxır. Ya öz-özünə danışan adamlara çevrilirik, ya ailəsinə zərər verən birinə. Nəticədə psixi sağlamlığımız əlimizdən gedir.

İşini sevməyənlər daha çox əziyyət çəkir

Psixoloq Sədaqət Həsrətova bildirir ki, sağlam bir bədən üçün yediklərimizə nə qədər fikir veririksə, saatlarla idman zallarında məşq ediriksə sağlam bir ruh üçün də olduğumuz mühitə, ünsiyyətdə olduğumuz insanlara, müzakirə etdiyimiz mövzulara, izlədiyimiz televiziya proqramlarına diqqət etməliyik. Bədənimizi tanıdığımız, bizə nəyin zərər verib-vermədiyini bildiyimiz kimi ruhi vəziyyətimizi də nəzarətdə saxlamalıyıq. İnsanın həmişə özünü başqalarına oxşatması, uğurlu insanların uğuruna paxıllıq və ya qibtə etməsi, hərəkətlərinə sərhəd qoymayaraq sonunda peşmmançılıq yaşamaq ruh düşkünlüyünü yaradan birinci səbəbdir.

Səhər 8-dən işə gedib gündə 9-10, bəzən 12-13 saat işləyən insanlarda ruh düşkünlüyü daha çox rastlanır. Müsahibimiz deyir ki, qadağalar, sərt iş qanunları bu problemi yaradan ikinci səbəbdir: “İşini sevməyən insanlarda ruh düşkünlüyü daha çox rastlanır. İşə həvəssiz gedən, bütün günü gördüyü işin stressi altında əzilən, axşamın olmasını, iş saatının bitməsini səbirsizliklə gösləyən insanlarda əlbəttə ki, ruh yüksəkliyi olmayacaq. Pessimizm, bədbinlik, həvəssizlik insanı yoran şeylərdir, ruhu yüksəldən, əhvalı yaxşılaşdıran məşğuliyyətlər belə zamanlarda müsbət effekt verir”.

Ruh yüksəkliyini necə yaratmalı?

Müsahibimiz deyir ki, bədənimizin edə bildikləri və edə bilməyəcəkləri olduğu kimi ruhumuzun da müəyyən sərhədləri var: “Təsəvvür edin, tanımadığınız bir mühitdə tanımadığınız bir insan sizə yaxınlaşanda necə narahatlıq keçirirsinizsə eyni vəziyyət ruhunuz üçün də keçərlidir. Ruh yüksəkliyini yaratmaq əslində öz əlimizdədir. Qətiyyətlə ruhu yoran, əsəbləri tarıma çəkən hadisələrə qarışmayın, televizorda yalnız ürəkaçan proqramlara baxın, tez-tez klassik və milli musiqilər dinləyin. Bunu bir növ terapiya kimi düşünün. Unutmayın ki, sizi işinizdən bezdirən, insanlardan qaçmağınıza səbəb olan ruh düşkünlüyüdür, ona görə ruhunuzu müalicə edin”.

Psixoloq ruh yüksəkliyimizi qorumaq üçün bir neçə məsləhət də verdi: “Unutmayın ki, azad, sivil bir insan olmağımız hər şey edə biləcəyimiz anlamına gəlməz. Azadlığımız istədiyimiz hər şeyi etmək demək deyil, azadlıq bəzi şeyləri etmək istəsəniz belə etməməyinizdir. Hər bir insan həyatında nə zamansa əngəllərlə qarşılaşır, işimizi itirə bilərik, axtardığımız ünvanı tapmaya bilərik, zəng etdiyimiz adam telefonuna cavab verməyə bilər, ay sonunda kommunal xərclərimizi ödəməkdə çətinlik çəkə bilərik, imtahanda istədiyimiz nəticəni əldə edə bilmərik, bütün bunlar əlbəttə ki, dünyanın sonu deyil və ruh yüksəkliyimizi əlimizdən ala bilməz. Əngəlləri qəbul etmək bizi daha çox rahatladacaq”.

Hər addımı planlamaq ruhu xəstələndirə bilər

Həmsöhbətimiz deyir ki, valideynlərimizi, doğmalarımızı itirə bilərik, vəfat edə bilərlər, bu, bizim üçün ağır itkidir, amma həyatın qanunudur, ölənlə ölmək olmaz deyiblər, kədərimizi, faciəmizi yaşayırıq, matəmimizi tuturuq, amma yenidən həyata dönmək məcburiyyətindəyik. Çünki bizim də öhdəliklərimiz var, bizə ehtiyacı olan ailəmiz, övladımız və ya həyat yoldaşımız var. Ruh düşkünlüyünə imkan verməyin.

Çalışın insanlığa, dünyaya xeyir verin, nəsə yaradın, tikin, düzəldin, heç olmasa bir heyvana sahib çıxın, mərhəmət hissi ruhu rahatladacaq. Keçmişdə yaşadığınız problemləri ağlınızdan çıxarın, keçmişin bədbin xatirələrinə qapılıb həyatı özünüzə zəhər etməyin. Amma davamlı olaraq gələcəyi də düşünməyin, ölçüb-biçməyin, çünki gələcək sizin planladığınız kimi omayanda sizin ruh sağlamlığınıza təsir edəcək. Həyatda hadisələr öz axarı ilə baş verəcək və gələcək nə cür olursa olsun, onu qarşılamağa hazır olmaq lazımdır.

Lalə Mehralı

Digər xəbərlər