Dünya

  • 1 318

Tengiz Cavaxadze: “Gürcüstan Qərbin göstərişlərinə kor-koranə tabe olmaqdan imtina etdiyinə görə cəzalandırılır” – ŞƏRH

image

“Sual yaranır: MDB ölkələrinin siyasəti ilə bağlı Aİ qərarlarında niyə həmişə “Rusiya izi” var? Yəni, qiymətləndirmə konkret MDB ölkəsinin Rusiyaya qarşı hansı mövqe tutmasından asılı olaraq qurulur

Brüssel Gürcüstana qarşı “kökə və kötək” siyasəti yürütməkdə davam edir. Bu günlərdə Avropa Parlamenti “Gürcüstanda demokratiyanın tənəzzülü və siyasi plüralizmə təhdidlər haqqında” qətnamə layihəsini təsdiqləyib və bu təşəbbüsü 495 deputat dəstəkləyib. Qətnamədə xarici agentlər və LGBT təbliğatına qadağa haqqında qəbul edilmiş qanunlar, hakim partiyanın seçki bannerləri və Gürcüstan hakimiyyətinin Sergey Lavrovun Rusiya Federasiyasının Abxaziya və Cənubi Osetiya ilə barışığa kömək etməyə hazır olması barədə bəyanatına müsbət qiymət verməsi də tənqid edilib. Qəbul edilmiş qətnamədə AP deputatları sərt davranmağı– “qeyri-demokratik qanunlar” ləğv olunana qədər Aİ-nin Gürcüstan hökumətinə ayırdığı bütün maliyyə vəsaitlərinin dondurulmasını tələb edirlər.

Avropa Parlamentinin qərarı təbii olaraq Gürcüstanda narazılıq yaradıb. Hakim “Gürcü Arzusu– Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladzenin dediyi kimi, Avropa Parlamentinin yeni qətnaməsinin demokratiya və Avropa dəyərlərinə heç bir aidiyyəti yoxdur.

Gürcüstanın ekspert icması Avropa Parlamentinin təzyiqinə necə baxır? Fəlsəfə professoru və Siyasi İnnovasiyalar Mərkəzinin direktoru Tengiz Cavaxadzenin “Caliber” analitik mərkəzinə şərhini oxucularımıza təqdim edirik.

Ekspertin fikrincə, Gürcüstan Qərbin direktivlərinə kor-koranə tabe olmaqdan imtina etdiyinə görə açıq şəkildə cəzalandırılır.

“İkili standartlar var. Sual yaranır: MDB ölkələrinin siyasəti ilə bağlı Aİ qərarlarında niyə həmişə “Rusiya izi” var? Yəni, qiymətləndirmə konkret MDB ölkəsinin Rusiyaya qarşı hansı mövqe tutmasından asılı olaraq qurulur. Hakimiyyət Moskvaya qarşı çıxmırsa, o zaman "qara siyahı"ya düşə və çoxlu sanksiyalar və qətnamələrdə boğula bilərsiniz. Amma əgər siz Moskvanın siyasətinə qarşısınızsa, onlar sizi alqışlayacaq, çiyninizdən sığallayacaq və AB-yə üzv olmaq üçün çox qeyri-müəyyən, lakin xoş təkliflə çıxış edəcəklər. Amma belə geniş jestlərə görə təşəkkür edirəm. Gürcüstandan nümunə götürərək bunun necə bitəcəyini görürük. Bəs onda nə üçün bütün postsovet dövründə insan hüquqlarını açıq şəkildə pozan bir çox qanunlar qəbul edən Baltikyanı ölkələr heç vaxt avropalı deputatlar tərəfindən tənqid olunmur? Nəyə görə indi Latviyada Sovet əsgərlərinin abidələrini, Qələbə bayramını qeyd etmək ənənələrini qoruyub saxlamağa çalışanları açıq şəkildə təqib edən dövlət məmurları cəzasız qalır, onların əməlləri avropalı deputatlar tərəfindən pislənmir?

Mənə elə gəlir ki, Gürcüstanın Avropa adlanan yolu daha çox “şirin aşiqləri şər cadugərin evinə sövq edən konfet yolu” haqqında nağılı xatırladır. Bildiyimiz kimi, yaxşı olan hər şeyin əvəzini ödəməlisən- bütün gürcü siyasətçiləri bu çox müdrik gündəlik həqiqəti xatırlamalıdırlar”- Tengiz Cavaxadze yekunlaşdırıb.

Tərcümə - Elçin Bayramlı

Digər xəbərlər