Azərbaycanın müstəqilliyinin 20 illiyi ilə əlaqədar cari ilin 16 və 23 noyabr tarixlərində, iki hissədən ibarət olmaqla, Misirin "Nil" peyk televiziya kanalında səfir Ş.Abdullayevin iştirakı ilə 2 saatlıq veriliş efirə gedib.
Noyabrın 16-da efirə gedən bir saatlıq verilişdə səfir Ş.Abdullayev bu il Azərbaycanın müstəqilliyinin 20 illiyini qeyd etdiyini nəzərə çatdırmış, Azərbaycanın milli dövlətçilik tarixi, 1918-ci ildə Azərbaycanda Şərqin ilk parlamentli demokratik respublikasının yaradılması, SSRİ-nin dağılması ərəfəsində Azərbaycan xalqının milli azadlıq mübarizəsi, ölkəmizin müstəqilliyinin ilk illərində üzləşdiyi təhdidlər və keçid dövrü təcrübəsi haqqında tamaşaçılara ətraflı məlumat vermişdir. Yenicə müstəqilliyini qazanmış Azərbaycanın onu itirmək təhlükəsində olduğunu qeyd edərək, dövlətçiliyin və milli müstəqilliyin möhkəmləndirilməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əvəzsiz xidmətləri barəsində geniş danışmışdır. Ermənistanın Azərbaycana təcavüzü və bu təcavüzün törətdiyi mənfi fəsadlar barəsində ətraflı məlumat verən səfir Ermənistan dövlətinin tarixi Azərbaycan torpaqlarında yaradıldığını xatırladaraq, diqqəti münaqişənin tənzimlənməsinə dair Azərbaycanın mövqeyinə, BMT Təhlükəsizlik Şurasının, İslam Əməkdaşlıq Təşkilatının və digər beynəlxalq strukturların münaqişə ilə əlaqədar qəbul etdikləri sənədlərə çəkmişdir.
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın bütün sahələrdə sürətli inkişaf və tərəqqi dövrü yaşadığını deyən səfir ölkəmizdə həyata keçirilən siyasi-iqtisadi islahatlar, ordu quruculuğu, sosial xarakterli tədbirlər və Azərbaycanın beynəlxalq münasibətlər sistemində tutduğu mövqeyi barəsində geniş danışmışdır. Səfir Azərbaycanın 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsinin əlamətdar hadisə olduğunu qeyd etmişdir.
Noyabrın 23-də efirə gedən verilişdə Ş.Abdullayev Azərbaycanın neft tarixi, Bakının dünya neft tarixində rolu, müasir neft-qaz strategiyası, qlobal enerji təhlükəsizliyində oynadığı rolu haqqında danışmışdır. Neft-qaz sektoru ilə bərabər, səfir Azərbaycan iqtisadiyyatının digər sahələri, kənd təsərrüfatı, sənaye, informasiya texnologiyaları və turizmin inkişafı barəsində də tamaşaçıları məlumatlandırmışdır.
Azərbaycan mədəniyyəti haqqında danışan səfir Nizami Gəncəvi, Məhəmməd Füzuli kimi dünya şöhrətli Azərbaycan ədibləri, onların yaradıcılığı, Azərbaycanda maarifçilik hərəkatı, ölkəmizdə mətbuatın inkişafı və Şərqin ilk operasının 1908-ci ildə Azərbaycanda səhnələşdirilməsi, xalqımızın xalçaçılıq və xalq tətbiqi sənəti, musiqi mədəniyyəti haqqında ətraflı məlumat vermişdir.
Novruz bayramı barəsində aparıcının sualını cavablandıran səfir Novruzun Azərbaycan, İran, Türkiyə, Mərkəzi Asiya və bəzi Balkan ölkələrində qeyd edildiyini xatırladaraq, Azərbaycan xalqının Novruz ənənələrinin özünəməxsusluğu və tarixi keçmişi haqqında danışmışdır.
Misir ilə Azərbaycan arasındakı ikitərəfli əlaqələrin hazırkı səviyyəsi haqqında aparıcının sualına cavabında Ş.Abdullayev ölkələrimiz arasındakı münasibətlərin dərin tarixi köklərinin olduğunu bildirmiş və bu xoş münasibətlərin iki xalqın iradəsindən irəli gəldiyini bildirmişdir. İkitərəfli siyasi əlaqələrin yüksək inkişaf səviyyəsinə malik olduğunu deyən səfir iqtisadi əlaqələrin və ticarət dövriyyəsinin daha da gücləndirilməsinə olan zərurəti vurğulayaraq, iki ölkə arasında neft sahəsində başlayan uğurlu əməkdaşlığı qeyd etmiş və digər sahələr üzrə də iqtisadi əlaqələrin stimullaşdırılmasının vacibliyini diqqətə çatdırmış, iki ölkə arasında birbaşa hava xəttinin yaradılması üzərində iş aparıldığını bildirmişdir.
Mədəniyyət sahəsində əlaqələrə gəldikdə isə hələ Sovet dövründə Misirdə Azərbaycan mədəniyyət günlərinin keçirildiyini xatırladan səfir 2011-ci il üzrə intensiv mədəniyyət proqramlarının nəzərdə tutulmasına baxmayaraq, Misirdə baş vermiş siyasi hadisələrlə əlaqədar, bu proqramların bir qisminin təxirə salındığını, amma qarşıdan gələn illərdə mütləq davam etdiriləcəyini vurğulamışdır.
Veriliş əsnasında Azərbaycanın turizm imkanları, tarixi, mədəniyyəti, incəsənəti, beynəlxalq münasibətlərdə tutduğu yeri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barəsində video-süjetlər və reklam çarxları nümayiş etdirilmişdir.