Xəbərlər

  • 2 712

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın xatirəsi anılıb

image

Dünən XX əsrdə Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri - şərqşünas-alim, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın anım günü münasibətilə AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kollektivi II Fəxri Xiyabanda onun məzarını ziyarət edib, alimin məzarı önünə əklil qoyublar.
Anım mərasimində Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva 25 il öncə dünyasını dəyişmiş böyük alimin keçdiyi 53 illik həyat yolundan və bu illərdə onun şərqşünaslıq elminə verdiyi böyük töhfələrdən söz açıb. Aida İmanquliyevanın elmi fəaliyyətinin müasir ərəb ədəbiyyatının tədqiqində yeni bir səhifə açdığını, yeni bir məktəbin əsasını qoyduğunu söyləyən G.Baxşəliyeva bu görkəmli alimin itkisinin tək şərqşünaslığın deyil, bütövlükdə Azərbaycan elminin böyük itkisi olduğunu qeyd edib. Bildirib ki, bütün elmi fəaliyyətini Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcılıq üslubunun inkişafı və yeni bədii cərəyanların təşəkkül tapmasının tədqiqinə həsr edən Aida xanım özündən sonra çağdaş ərəb ədəbiyyatının tədqiqində yeni bir səhifə və yeni bir yol açıb. Onun elmi fəaliyyəti, nəinki ərəb ədəbiyyatının, həmçinin, bütün yeni Şərq ədəbiyyatının gələcəkdə tədqiqi üçün çox mühüm zəmin yaradır.
Sonra Şərqşünaslıq İnstitutunun ərəb filologiyası şöbəsinin aparıcı elmi işçisi Laura Orucova çıxış edərək, A.İmanquliyevanın zəngin elmi fəaliyyətindən danışıb.
NƏZAKƏT

Digər xəbərlər