Xəbərlər

  • 5 248

Fuad Muradov: Prezident İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi böyük rəğbətlə qarşılandı

image

Prezident İlham Əliyevin 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi Azərbaycan cəmiyyəti, eyni zamanda, ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımız tərəfindən böyük rəğbətlə qarşılandı. Hər bir azərbaycanlı dövlətimizin başçısı ilə qürur duymalı və onun ətrafında sıx birləşməlidir. Bu qərardan irəli gələn öhdəliklərlə bağlı hər bir Azərbaycan vətəndaşı Prezidentə dəstək olmalıdır. Ümumiyyətlə, Azərbaycan Prezidentinin indiyə kimi atdığı hər bir addım ölkəmizin milli mənafeyinə, dövlətimizin maraqlarını qorumaqla perspektivli inkişafa xidmət edib.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov bildirib.
Fuad Muradov deyib: “Prezident İlham Əliyev qeyd edib ki, indiki müstəqil Azərbaycan dövləti Azərbaycan xalqına məxsusdur. Bu varisliyi dövlətimiz öz üzərinə götürür. Ölkə başçısı son addımı ilə əvvəllər söylədiyi “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” fikrini bir daha təsdiqlədi. Hər kəs bunun şahididir ki, İlham Əliyev bütün azərbaycanlıların, eyni zamanda, ölkə hüdudlarından kənarda yaşayan həmyerlilərimizin Prezidentidir. Bunu hər bir Azərbaycan vətəndaşı görür və yüksək qiymətləndirir”.
Komitə sədri bildirib ki, müsəlman Şərqində ilk demokratik respublikanın Azərbaycanda qurulması, Şərqdə ilk dəfə olaraq qadınların müstəqil şəkildə seçkilərə qatılması tariximizdə qürurverici hadisə kimi yaddaşlara həkk olunub. Azərbaycan Prezidentinin bu tarixi qərarı ilə biz öz dövlətimizi dünya miqyasında təbliğ etmək imkanlarına malik olacağıq. Fuad Muradov bildirib ki, 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi dövlətçiliyimizin daha da inkişaf etdirilməsi, dünya səviyyəsində Azərbaycanın tanıdılması istiqamətində atılan mühüm addımların davamıdır. Azərbaycan gəncləri Prezidentimizin bu addımını alqışlayır və hər zaman dövlətçiliyimizin, müstəqilliyimizin qorunub saxlanmasına töhfə verəcək, ölkəmizin inkişafı naminə gördüyü hər bir işdə ona dəstək olacaq.

Digər xəbərlər