Xəbərlər

  • 6 611

Azərbaycan xalqının istiqlal və mücadilə yolu

image

1990-cı ilin 20 Yanvar faciəsindən 28 il ötür

XX əsr tarixinə insanlığa və bəşəriyyətə qarşı ən amansız və dəhşətli cinayətlərdən biri kimi düşmüş 1990-cı ilin 20 Yanvar faciəsindən 28 il ötür. Bu tarixi gündə Azərbaycan xalqı əsrlər boyu qəlbində yaşatdığı milli azadlıq və istiqlal istəyindən geri çəkilməyəcəyini, müqəddəs amal uğrunda, hətta canından belə keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş Sovet ordusunun hərbi hissələri Bakı şəhərində azadlıq uğrunda ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törətdi. Xalqımıza qarşı törədilmiş bu qanlı cinayət, əslində, bəşəriyyətə, humanizmə və insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi və milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı və öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bu tarix həm də kimin kim olduğunu sübut edən növbəti imtahan idi. Bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliyyət, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq və insanların müstəqillik arzularını tankların altında əzmək idi.
Ölkəmizin ən yeni tarixində istiqlal mücadiləsinin dönüş nöqtəsi olan bu gün tariximizin həm qanlı, həm də şanlı səhifəsidir. Həmin gün azadlıq, istiqlaliyyət uğrunda küçələrə və meydanlara çıxan Azərbaycan xalqına qarşı törədilmiş ağlasığmaz terror aktı dəhşətli cinayət hadisəsi kimi tarixə düşdü. Həmin gün müstəqillik istəyi ilə həmrəylik nümayiş etdirən dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbiri Beynəlxalq İnsan Haqları Bəyannaməsinin və bu sahədə qəbul olunmuş digər konvensiyaların müddəalarının kobud şəkildə pozulması demək idi. Artıq çökməkdə olan Sovet rejimi son günlərində bütün tarixi ərzində törətdiyi cinayətlər sırasına misli görünməmiş bir vəhşilik aktı da əlavə etdi.
İNSANLARI QADAĞAN OLUNMUŞ GÜLLƏLƏRLƏ QƏTLƏ YETİRƏRƏK, BƏŞƏR TARİXİNDƏ GÖRÜNMƏYƏN VƏHŞİLİYƏ ƏL ATDILAR
Torpaqlarının bir qarışını da düşmənə qıymayan xalq ayağa qalxmış və bu ayrı-seçkiliyə və ədalətsizliyə dözməyərək, “Torpaqdan pay olmaz!” deyərək, etiraz səsini ucaltmışdı. 1990-cı il yanvarın 19-da Mixail Qorbaçov SSRİ Konstitusiyasının 71-ci maddələrini kobud surətdə pozaraq, Bakıda fövqaladə vəziyyət elan olunması haqqında fərman imzaladı. Lakin buna baxmayaraq, Bakıda dinc əhaliyə divan tutulması üçün hazırlanmış plan məxfi şəkildə həyata keçirildi. İlk növbədə, Azərbaycan Televiziyasının enerji bloku partladıldı. Bu əməliyyatı SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin “ALFA” qrupu yanvarın 19-da həyata keçirdi. Respublika üzrə televiziya verilişləri dayandırıldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan olunmasından xəbərsiz əhaliyə amansız divan tutdu. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə təpədən-dırnağa qədər silahlanmış Sovet Ordu hissələri heç bir xəbərdarlıq edilmədən Bakı şəhərinə və Azərbaycanın bir sıra digər rayonlarına yeridilərək, Azərbaycan xalqına vəhşicəsinə divan tutdu. Günahsız insanları tankların altında xıncım-xıncım edərək, qadağan olunmuş güllələrlə qətlə yetirərək, bəşər tarixində görünməyən vəhşiliyə əl atdı. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yanvarın 20-də səhər saat 7.00-da respublika radiosu ilə bildirildi. Buna qədər yüzlərlə insan qətlə yetirilmiş, çoxlu sayda insan isə ağır vəziyyətdə xəstəxanalara yerləşdirilmişdi. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə, yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində daha 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda - yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir. Nəticədə, ölənlərin sayı 147-yə çatdı. 700-dək adam ağır bədən xəsarəti aldı, 800 nəfərdən çox Azərbaycan vətəndaşı qanunsuz həbs edildi. Həlak olan dinc sakinlər arasında uşaqlar, qocalar, gənclər və qadınlar var idi.
XALQIN HAQQ SƏSİNİ BATIRMAQ ÜÇÜN ÖLKƏMİZƏ 35 MİNLİK ORDU YERİDİLİB
Azərbaycana qarşı soyqırımı həyata keçirmiş Sovet rejiminə qarşı ən kəskin bəyənatı, o vaxt Moskvada yaşayan, ermənilərin fitvası, min hiylə və məkri ilə 1987-ci ildə SSRİ rəhbərliyindən uzaqlaşdırılmış, lakin hələ də təqib və təzyiqlərə məruz qalan Ümummilli Lider Heydər Əliyev verdi. Ulu Öndər faciə törədiləndən bir gün sonra yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, mətbuat konfransı keçirdi, dünyanın bütün kütləvi informasiya vasitələrinin nümayəndələri qarşısında SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı kəskin pislədi, bunu insanlığa və humanizmə sığışmayan hərəkət kimi qiymətləndirdi. Ulu Öndər Heydər Əliyev bu dəhşətli faciəyə siyasi qiymət verilməsini tələb etdi. Təəssüflər olsun ki, Azərbaycanın o vaxtkı rəhbərliyi bu qanlı cinayətin, bilavasitə təşkilatçısı və iştirakçısı olmuş SSRİ rəhbərliyi cinayətkarların məsuliyyətə cəlb olunmasından ötrü heç bir tədbir görməmişdir.
20 Yanvar faciəsinə ilk dəfə Azərbaycan xalqının Xilaskarı və Qurucusu, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə siyasi-hüquqi qiymət verilmişdir. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1990-cı il noyabrın 21-də bu məsələni geniş müzakirə edərək, qanlı hadisəyə siyasi-hüquqi qiymət verdi. Ümummilli Lider Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra bu dəhşətli cinayət hadisəsinə obyektiv qiymət verildi. Məhz Ulu Öndərin təklifi ilə 1994-cü ildə 20 Yanvar hadisələrini yetərincə qiymətləndirmək istiqamətində addımlar atıldı. Vətənin azadlığı və suverenliyi uğrunda şəhid olanlara 20 Yanvar şəhidi adı verildi. Ümummilli Lider 20 Yanvar günü imperiya qoşunları qarşısında mərdi-mərdanə dayanan Azərbaycanın mərd oğul və qızlarının bu dəyanətini çox yüksək qiymətləndirərək demişdir: “1990-cı ilin Qanlı Yanvarında Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda şəhidlik zirvəsinə ucalmış Vətən övladları özlərinin fədakarlığı və şəhidliyi ilə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Bu gün Azərbaycan xalqı özünün milli mənliyini qorumaq üçün canlarından keçən övladları ilə fəxr edir”.
XALQIN QANI BAHASINA
QAZANILMIŞ MÜSTƏQİLLİK ƏBƏDİ VƏ DAİMİDİR
Hər il yanvarın 20-də Şəhidlər Xiyabanına gələnlər, bir tərəfdən, xəyanət və fəlakətin səbəbkarlarını lənətləyir, digər tərəfdən, qürur hisslərini gizlətmirlər. Axı şəhidlər təpədən- dırnağacan silahlanmış qoşunun qabağından qaçmadı, Vətəni necə sevməyi, azadlıq, müstəqillik uğrunda qurban getməyi göstərdilər və ölümləri ilə ölümsüzlük qazandılar.
20 Yanvar gününün Azərbaycan tarixində ölkəmizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmanlıq rəmzi kimi böyük əhəmiyyəti var. Hər şeydən əvvəl, həmin gün Azərbaycan tarixinə azadlığa aparan yol kimi düşdü. Digər tərəfdən, mənfur qonşumuza - təcavüzkar Ermənistana aydın oldu ki, Azərbaycan xalqı ərazisinin bir qarışını belə digər xalqlara güzəştə getməyəcək. Bu yolda canlarını qurban verəcək, sinələrini sipər edəcək, lakin geriyə dönməyəcək 20 Yanvar şəhidləri kimi.
Şəhidlik, həqiqətən də, qeyrət və hünər zirvəsidir. Hər kəsin də taleyinə bu müqəddəsliyə qovuşmaq yazılmır. Şəhidlər nura qənşər bir yolun əbədi yolçularıdır. Bu gün müstəqil Azərbaycan dövlətinin başçısı İlham Əliyevin rəhbərliyi ilə 20 Yanvar həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması sahəsində ardıcıl iş aparılır. Dünyanın hər bir ölkəsində tədbirlər keçirilir. Vətənimizin müstəqilliyi, azadlığı uğrunda canlarını qurban verən mərd oğul və qızlarımızın əziz xatirələri qəlbimizdə həmişə yaşayacaq. 20 Yanvar faciəsi istiqlaliyyətə can atan xalqımızın mübarizliyini, qəhrəmanlığını, qorxmazlığını və cəsarətini nümayiş etdirdi. Xalqın qanı bahasına qazanılmış müstəqillik əbədi və daimidir. Şəhidlər ölməzdir! Onlar Azərbaycan xalqının Azadlıq hərəkatı tarixini öz qanları ilə yazan ilk qaranquşlar kimi müstəqil dövlətimizin səmasında daim dolaşmaqdadır.
Biz Azərbaycanın ərazi bütövlüyünü Ali Baş Komandan, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə tezliklə bərpa edəcəyik. Erməni işğalının və müharibə vəziyyətinin davam etdiyini nəzərə alan Azərbaycan dövləti öz ordusunun gücünü, hərbi kadrların peşəkarlıq səviyyəsini durmadan artırır və hərbi qüdrətini yüksəldir. Azərbaycan tərəfi açıq bəyan edib ki, sülh danışıqları nəticə verməzsə, münaqişə hərb yolu ilə həll ediləcəkdir. 2016-cı ilin aprel döyüşləri Azərbaycan Ordusunun gücünü ortaya qoymuş oldu. Ermənilərin törətdikləri təxribatların qarşısının alınması zamanı Azərbaycan əsgəri düşmənə ərazilərimizə qarşı hərbi təcavüz siyasətinin davam etdirildiyi illərin ən sərt cavabını verərək, ən ağır zərbəsini vurdu. Azərbaycanın getdikcə artan qüdrətini və gücünü düşmən qovulduğu yüksəkliklərlə və verdiyi tələfatlarla gördü.
Azərbaycan Prezidenti İlham Əliyev işğal altında olan torpaqlarımızın geri qaytarılacağını çıxışlarında əminliklə qeyd edir: “Bizim orduda xidmət edən gənclərimiz vətəni ləyaqətlə qoruyurlar və düşmənə çox güclü zərbələr vururlar. Belə də olmalıdır, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və bütün cəmiyyətin diqqəti bu məqsədə yönəlib. Cəmiyyətdə müşahidə olunan həmrəylik və səfərbərlik bizim qələbəmizi şərtləndirən amillərdən biridir, iqtisadi və hərbi gücüdür. Biz istənilən yolla öz ərazi bütövlüyümüzü bərpa edəcəyik”.
Gözü yolda qalan torpaqlarımızın düşmən işğalından azad olacağı gün uzaqda deyildi. Zaman yetişəcək, erməni faşistləri zəbt etdikləri torpaqlarımızı, şəhərlərimizi sülh yolu ilə tərk etməsələr, Azərbaycan xalqı və onun rəşadətli ordusu düşməni məhv edərək, öz torpaqlarını azad edəcəkdir. O zaman şəhidlərimizin ruhu şad olacaqdır.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər